Səidə Rəhimli
Çörəyimin dadı vətən!
Yad ölkənin günəşi də isitmir,
Soyuq keçir bu yerlərin baharı.
Aramızda vardır dağlar, dənizlər,
Boylanıram elə vətənə sarı..
Bu diyarda yox üzlərdə təbəssüm,
Buz baxışlar qəribsədir lap məni.
Nə əldən tutan var, nə can yandıran,
Nə sadiq biri var, nə qəlb həmdəmi.
Bənövşə qoxusu yoxdur burada,
Hər güldə, çiçəkdə soyuq ətri var.
İstərəm bir nəğmə, ya bir söz qoşam,
Sözün nə qiyməti, nə də qədri var.
Ecazkar qışı var, qızıl payızı,
Amma yaddır mənə, ruhumu sarmır,
Nə qəmin sonu var, nə də həsrətin,
Məni gətirən yol geri aparmır.
Duz-çörək kəsdiyin, kəsmədiyin - bir,
Bu gün dost bildiyin sabah gendədir.
Çörəyimim dadı, suyumun tamı,
Çiçəyimin ətriı, Vətən, səndədir!
