Astara rayonunun ucqar dağ kəndləri olan Asxanakəran və Hamoşam kəndləri üzrə ərazi partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ilə bağlı tədbirlər keçirilib.
Tədbirlərdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, yerli icra nümayəndələri, partiya veteranları, ərazi partiya təşkilatlarının üzvləri və YAP fəalları iştirak ediblər.
"Arributinfo.az" xəbər verir ki, öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Çıxış edən YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn mühüm məsələlər, partiyanın qarşısında duran vəzifələr, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər və gələcək hədəflər barədə ətraflı danışıb. O, partiya üzvlərinin üzərinə düşən məsuliyyətin artırılmasının, ideoloji işin gücləndirilməsinin və dövlətçilik prinsiplərinin təşviqinin vacibliyini vurğulayıb.
Asxanakəran kəndində keçirilən tədbirdə çıxış edən icra nümayəndəsi Səlaəddin Əliyev və partiya veteranı Xurşid Teymurov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının xalqımızda böyük qürur hissi yaratdığını bildiriblər. Natiqlər Azərbaycanın qazandığı uğurların, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının ölkəmizin tarixində mühüm mərhələ olduğunu qeyd ediblər.
Hamoşam kəndində keçirilən tədbirdə isə məktəbin direktoru, kənd ərazi partiya təşkilatının sədr müavini Asəf Abdulov və YAP fəalı İqbal Cəbiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ölkənin ictimai-siyasi həyatındakı rolundan və VIII Qurultayın tarixi əhəmiyyətindən danışıblar. Çıxışlarda qurultayın Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir dövrdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirlərdə qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına, milli maraqlarımızın qorunmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə öz töhfəsini verməkdə davam edəcək.
Bəradər Səməndərli
"Atributinfo.az"
