Qax rayonunda ilk dəfə pedaqoji fəaliyyətə başlayan ümumtəhsil məktəblərinin gənc müəllimləri üçün “Sağlam gənclik, güclü məfkurə və təhsil” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-idarəetmə və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov və ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva çıxış ediblər.
Çıxışlarda gənc müəllimlərin cəmiyyətin inkişafında, gələcək nəslin formalaşmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rolu qeyd olunub. Müasir dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycançılıq ideologiyasının və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının əhəmiyyəti vurğulanıb.
Daha sonra gənc müəllim Türkan Məhəmmədli “Sağlam gəncliyin yetişdirilməsində təhsilin rolu”, Toğrul İsmayılov “Azərbaycançılıq ideologiyası və gənc nəslin tərbiyəsi”, Tükəzban Maqsudova isə “Keyfiyyətli təhsil sağlam gələcəyin təminatıdır” mövzularında çıxış ediblər. Çıxışlarda mövzularla bağlı fikirlər və gələcək hədəflər diqqətə çatdırılıb.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
