"Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara söykənən müstəqil xarici siyasətini uğurla davam etdirir. Ölkəmizin ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da beynəlxalq aləmdə qlobal məsələlərin müzakirə olunduğu nüfuzlu platformalardan biri hesab edilir. Forum çərçivəsində səsləndirilən fikirlər və müəyyən edilən hədəflər Azərbaycanın regional və qlobal miqyasda artan mövqeyini aydın göstərir."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib. Deputat tədbirin əhəmiyyətini və dövlətimizin beynəlxalq arenadakı çəkisini qiymətləndirərək bildirib ki, Azərbaycanın qlobal dialoqa töhfəsi milli dəyərlərə və tarixi təcrübəyə əsaslanır:
“Ölkəmizin əsrlər boyu müxtəlif mədəniyyətləri, dinləri və etnik qrupları cəmləşdirən unikal mühiti bu gün qlobal miqyasda həmrəylik modelinə çevrilib. Cəmiyyətdəki qarşılıqlı hörmət və azərbaycançılıq məfkurəsi dövlətimizin sabitliyinin əsas təməlidir. Müstəqillik dövründə qarşılaşdığımız bütün çətinliklərə, hərbi təcavüzə baxmayaraq xalqımız milli kimliyini, dilini və ənənələrini qoruyub saxlamağı bacardı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəmizin üzləşdiyi dərin siyasi-iqtisadi böhran və torpaqlarımızın itirilməsi ilə nəticələnən səriştəsiz idarəçilik xalqımızın dövlətçilik əzmini qıra bilmədi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə təməli qoyulan güclü siyasət və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində təmin olunan sabitlik suverenliyimizin bərpasının əsasını təşkil etdi. Azərbaycan sübut etdi ki, uzunillik münaqişələrdən sonra ədalətli sülh təşəbbüsü ilə çıxış etmək və regionda yeni siyasi reallıq yaratmaq mümkündür”.
Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqe dünya birliyində xüsusi hörmətlə qarşılanır:
“Biz illərlə beynəlxalq hüququn kağız üzərində qalmasının və ikili standartların şahidi olmuşuq. Bu gün dövlətimiz beynəlxalq siyasətdə obyektivliyin və bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Müxtəlif regional formatlarda fəal təmsil olunmağımız xarici siyasətimizin şaxələnməsini göstərir. Eləcə də, maliyyə müstəqilliyi, beynəlxalq nəqliyyat və enerji koridorlarındakı əvəzsiz mövqeyimiz ölkəmizi regionda təhlükəsizliyin və sabitliyin əsas dayağına çevirib. Azərbaycan daxili işlərinə müdaxiləyə imkan verməyən, öz zəhməti və potensialı hesabına inkişaf edən müstəqil dövlətdir. Qonşularla qurulan sağlam münasibətlər və düzgün strategiya Azərbaycanın gələcək inkişafını təmin edir”.
Bəradər Səməndərli
"Atributinfo.az"
