"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində müstəsna yer tutan, milli qürurumuzu və dövlətçilik iradəmizi təcəssüm etdirən əlamətdar gündür. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində əldə olunan tarixi Qələbə ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur."
Bunu "atributinfo.az"a Milli Məclisin deputatı Mircəlil Qasımlı 8 Noyabr – Zəfər Günü münasibətilə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı uzun illər ərzində işğalın ağır nəticələri ilə üzləşsə də, öz tarixi torpaqlarına qayıdacağına inamını heç vaxt itirməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və prinsipial siyasət nəticəsində ölkəmizin iqtisadi imkanları genişlənib, ordumuzun döyüş qabiliyyəti yüksəlib, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bütün bu amillər tarixi Zəfərin əldə olunmasında mühüm rol oynayıb.
Mircəlil Qasımlının sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin hərbi qüdrətini, xalqımızın vətənpərvərliyini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi peşəkarlıq və qəhrəmanlıqla ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə dövlətimizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.
Deputat vurğulayıb ki, Azərbaycanın tarixi Qələbəsi yalnız hərbi uğur deyil, eyni zamanda uzun illər aparılan siyasi və diplomatik mübarizənin məntiqi nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qətiyyətlə müdafiə edən, regional proseslərdə mühüm rol oynayan və müstəqil siyasət həyata keçirən qüdrətli dövlət kimi çıxış edir.
Mircəlil Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri tarixi Zəfərin davamı kimi xüsusi əhəmiyyət daşıyır. Böyük Qayıdış proqramı çərçivəsində yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın gələcəyə hesablanmış dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
“Zəfərimizin ən böyük mənəvi dəyərlərindən biri də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlikdir. Bu birlik dövlətimizin gücünün, müstəqilliyimizin və gələcək uğurlarımızın əsas təminatıdır. Tarixi Qələbəmiz həm də şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı və xalqımızın Vətənə sonsuz sədaqəti ilə bağlıdır. Azərbaycan xalqı bu Zəfəri daim qürurla yaşadacaq və gələcək nəsillərə ötürəcək. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz müstəqilliyini, suverenliyini və milli maraqlarını qətiyyətlə qoruyaraq daha böyük uğurlara imza atacaq”, – deyə deputat fikirlərini yekunlaşdırıb.
B. Seyfullaoğlu
"Atributinfo.az"
