Sizin reklam burada
Sizin reklam burada
  • Ölkəmiz güclü ideoloji təhlükəsizliyi, milli həmrəyliyi və müstəqil xarici siyasəti ilə seçilən dövlətdir


    Mətləb Hüseynov,

    YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri


              Məlumdur ki, ölkəmiz dünyada tolerant və multikultural ölkə kimi tanınır. Ölkəmizin multikulturalizm modelini digər ölkələrin təcrübəsindən fərqləndirən əsas xüsusiyyət onun tarixi ənənələrə, qarşılıqlı hörmətə və müxtəlif dini-etnik qrupların dinc yanaşı yaşamasına əsaslanmasıdır. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında da vurğulanan bu yanaşmaya görə, multikulturalizm yalnız müxtəlif mədəniyyətlərin mövcudluğunun qəbul edilməsi deyil, həm də onların qorunması və inkişafı üçün şərait yaradılmasıdır. 

              Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan modelinin əsas üstünlüklərindən biri də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vahid cəmiyyət daxilində öz milli-mədəni kimliklərini qoruyaraq yaşaya bilməsidir. Bu modeldə dövlətin dəstəyi ilə yanaşı, xalqımızın əsrlər boyu formalaşmış tolerantlıq ənənələri də mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda məscidlərə yanaşı kilsələrin və sinaqoqların fəaliyyət göstərməsi, müxtəlif dini icmalara qayğı ilə yanaşılması bu siyasətin praktik təzahürlərindəndir. Digər mühüm xüsusiyyət isə multikulturalizmin yalnız dövlət siyasəti deyil, eyni zamanda cəmiyyətin həyat tərzinin bir hissəsi olmasıdır. Müasir dünyada dini, etnik və mədəni qarşıdurmaların qarşısının alınması baxımından Azərbaycan təcrübəsi mühüm əhəmiyyət daşıyır. Belə ki, müxtəlif xalqlar və dinlər arasında dialoqun təşviqi, qarşılıqlı anlaşmanın gücləndirilməsi, ayrı-seçkiliyə və dini dözümsüzlüyə qarşı mübarizə sülhün və sabitliyin qorunmasına xidmət edir. Bununla yanaşı, gənc nəslin multikultural dəyərlər ruhunda tərbiyə olunması, digər xalqların mədəniyyətinə hörmətin aşılanması gələcəkdə yarana biləcək ziddiyyətlərin azalmasına kömək edə bilər.

               Xüsusilə qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasından, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik ölkəmizin tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasından bəhs edib. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Cənab Prezident burada azərbaycançılıq ideologiyasını xüsusi vurğulayıb. Bu ideologiya ölkəmizdəki bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün vuruşdular, bu müqəddəs yolda canlarından da keçdilər.

              Ən əsası, ölkəmizin multikulturalizm modeli göstərir ki, fərqliliklər cəmiyyət üçün təhlükə deyil, əksinə, düzgün idarə olunduqda zənginlik və inkişaf mənbəyidir. Bu təcrübənin beynəlxalq səviyyədə öyrənilməsi və tətbiqi xalqlar arasında etimadın möhkəmləndirilməsinə, dini və etnik zəmində münaqişələrin azalmasına, daha ədalətli və sülhsevər dünyanın formalaşmasına töhfə verə bilər. Beynəlxalq ictimaiyyət ölkəmizin bu təcrübəsindən faydalanmalıdır.






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ