Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə 2008-ci ildə təşəbbüs olaraq irəli sürülən, 2011-ci ildən etibarən isə ilk dəfə olaraq keçirilən Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində beynəlxalq platformaya çevrilə, dünyanın diqqətini günümüz üçün vacib olan müxtəlif məsələlərin müzakirəsinə cəlb edə bilib. On ildən artıqdır Bakının belə bir beynəlxalq forumun keçirildiyi məkan kimi seçilməsi bir tərəfdən Azərbaycanın humanitar diplomatiya sahəsindəki mövqeyini gücləndirirsə, digər tərəfdən ölkəmizin müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla, tərəfdaşlarla əlaqələrini genişləndirir, müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün ölkəmizə əlavə imkanlar yaradır.
Azərbaycanın on ildən artıq müddətə dayanan təşəbbüsünün beynəlxalq səviyyədə dəstək görməsi və günümüzdə mühüm əhəmiyyətli platformaya çevrilməsi təkcə Bakının yerləşdiyi coğrafi mövqe ilə bağlı deyil, eyni zamanda Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və ənənələrin qovuşduğu məkan olması ilə bağlıdır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verib. Bu tarixi təcrübə ölkəmizin beynəlxalq münasibətlərdə dialoq və əməkdaşlıq prinsiplərini təşviq etməsi üçün mühüm zəmin yaradır. Bu gün də Azərbaycanda etnomədəni müxtəliflik qorunur. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun davamlı olaraq ölkəmizdə keçirilməsi də bunun göstəricisidir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun sayca yeddinci toplantısı da əvvəlkilər kimi regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən, ümumilikdə bəşəriyyəti düşündürən bir məsələyə, “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr oolunmuşdu. Həqiqətən də günümüzdə dialoqa, sülhə böyük ehtiyac hiss olunmaqdadır. Hər kəsin təhlükəsiz, sabitlik mühitində yaşamasının yeganə yolunun sülh, dialoq olduğu, məhz bu halda ortaq gələcəyin qurulmasının mükünlüyü Bakı forumunda bird aha öz təsdiqini tapdı. Forum çərçivəsində müxtəlif panellər çərçivəsində müzakirə edilən mövzular da öz aktuallığı ilə seçilirdi.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun diqqət çəkən məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin geniş məzmunlu çıxışı oldu. Hər zaman olduğu kimi bu dəfəki çıxışında da Azərbaycan Prezidenti həm günümüz üçün aktual olan məsələlərə toxundu, rəsmi Bakının mövqeyini açıqladı, həm də beynəlxalq ictimaiyyətə, Azərbaycanla təhdid dilində danışmaq istəyənlərə öz mesajlarını verdi.
Prezident İlham Əliyev çıxışında yalnız mədəniyyətlərarası dialoqa, münasibətlərə deyil, eyni zamanda beynəlxalq təhlükəsizlik, münaqişələrin həlli, dövlətlərin suverenliyi və bir sıra hallarda özünü büruzə verən ikili standartlara toxundu.
İlham Əliyev sözügedən platformadan bir daha dünyanın diqqətinə çatdırdı ki, Azərbaycanın multikulturalizm ənənələri, dini və etnik tolerantlığı, cəmiyyətdə qarşılıqlı hörmət və milli həmrəyliyi mövcuddur. Bu ənənə hazırda da davam edir və müxtəlif xalqların, dinlərin nümayəndələri ölkəmizdə birgəyaşayış ənənələrini qoruyub saxlayırlar. Bu da öz növbəsində cəmiyyətin bütövlüyünü qoruyan, müxtəlif etnik və dini qrupların ortaq dövlətçilik dəyərləri ətrafında birləşməsinə şərait yaradan mühüm amildir.
Prezidentin çıxışında azərbaycançılıq ideyası da xüsusi yer tuturdu. Əslində Azərbaycançılıq ideologiyasının özü də ölkəmizdə yaşayan müxtəlif xalqları birləşdirən, milli həmrəyliyi və dövlətçilik dəyərlərini möhkəmləndirən əsas ideyalardan biridir. Dövlət başçısının Azərbaycançılıq ideologiyası fonunda ölkədə mövcud olan etnik və mədəni müxtəliflik barədə fikirlərinin ana xəttini həm də o təşkil edirdi ki, mədəni müxtəliflik cəmiyyətləri parçalamaq üçün deyil, qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirmək üçün imkan kimi dəyərləndirilməlidir.
Hər zaman olduğu kimi bu dəfə də Prezident İlham Əliyevin çıxışının ana xəttindən birini də Azərbaycanın sülh gündəliyi təşkil edirdi. Dövlət başçısı uzun illər davam edən münaqişə dövründə beynəlxalq hüquq normalarının və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrası ilə bağlı yaranmış problemlərə diqqət çəkib.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən qətnamələrinin uzun müddət icra olunmamasını xatırladaraq beynəlxalq hüquq normalarının ardıcıl tətbiqinin vacibliyini vurğulayıb. O, beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının əhəmiyyətinə də diqqət çəkib. Azərbaycan Prezidenti haqlı olaraq vurğulayıb ki, beynəlxalq təşkilatlara etibarlılığın azalması onların qəbul etdikləri qərarların real nəticələr verməsindən, dövlətlərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsindən və buna qarşı adekvat addımların atılmamasından irəli gəlir. Bir sözlə, qərarların uzun müddət icrasız qalması beynəlxalq institutlara olan inamı sarsıldır. Məhz bu inamın sarsılması və Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməməsi, BMT TŞ çərçivəsində qəbul edilən qərarların icrasının təmin olunmamasının nəticəsi İkinci Qarabağ Müharibəsinə rəvac verdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin müasir tarixində mühüm mərhələ təşkil edir. Münaqişədən sonrakı dövrdə sülhün təmin olunması, regional əməkdaşlığın inkişaf etdirilməsi və dövlətlər arasında etimadın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Prezidentin sülhə və əməkdaşlığa dair mesajları beynəlxalq gündəlikdə mühüm yer tutur. Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr göstərir ki, müharibələrin dayandırılması ilə yanaşı, davamlı sülhün təmin edilməsi, tərəflər arasında etimadın yaradılması və gələcək qarşıdurmaların qarşısının alınması da vacibdir. Bu baxımdan Azərbaycanın təcrübəsinin digər münaqişələrin həlli baxımından öyrənilməsi və müzakirə olunması beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli ola bilər. Çünki rəsmi Bakı müharibədən qalib ayrılmasına, qalib tərəf olmasına baxmayaraq, yenə də sülh gündəliyinə sadiqdir, regional inkişafın, birgəyaşayışın, qarşılıqlı faydalı əməkdaşlığın yolunu məhz sülhdə, dialoqda görür.
Nəhayət, Prezident İlham Əliyevin forumda çıxışı zamanı diqqət çəkdiyi mühüm məsələrdən biri də ölkəmizə qarşı yönələn ideoloji təxribat, daxili işlərimizə müdaxilə cəhdləri ilə bağlı oldu. Prezident İlham Əliyev birmənalı olaraq qeyd etdi ki, dövlətlərin suverenliyi, müstəqil qərarvermə hüququ və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipi əsas şərtdir. Azərbaycan hər bir ölkəyə qarşı eyni mövqedən çıxış etdiyi üçün, bizə qarşı da anoloji münasibətin göstərilməsini istəyirik. Dövlət başçısının dediyi kimi, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin qorunması, bir dövlətin digərinə öz iradəsini diktə etməməsi lazımdır:
“Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.
Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır”.
