Sizin reklam burada
Sizin reklam burada
  • Mircəlil Qasımlı: “Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin və xalqımızın suveren iradəsinin hüquqi təminatıdır”

    "12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü müstəqil dövlətçilik tariximizin ən mühüm əlamətdar günlərindən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdur."


    Bu sözləri Milli Məclisin deputatı Mircəlil Qasımlı "Atributinfo.az" saytına 12 Noyabr – Konstitusiya Günü münasibətilə verdiyi açıqlamada bildirib.


    Deputat qeyd edib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun ölkəmizin siyasi və hüquqi inkişafının istiqamətlərini müəyyənləşdirmiş, dövlət müstəqilliyimizin qorunması, insan hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi üçün etibarlı hüquqi baza yaratmışdır.


    Mircəlil Qasımlının sözlərinə görə, Konstitusiyamızın ən mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin mənbəyinin Azərbaycan xalqı olduğunu təsbit etməsidir. Əsas Qanunda dövlətin suverenliyi, ərazi bütövlüyü, hakimiyyətin bölünməsi prinsipi, vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərlik kimi fundamental dəyərlər öz əksini tapmışdır.


    Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasi və hüquqi islahatlar Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir. Ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin inkişafı, vətəndaşların hüquqlarının müdafiəsi və qanunvericilik bazasının müasir çağırışlara uyğunlaşdırılması bu siyasətin mühüm istiqamətlərindəndir.


    Deputat bildirib ki, 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyamızın bütün ölkə ərazisində hüquqi qüvvəsinin təmin edilməsi baxımından müstəsna tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də dövlət müstəqilliyimizin, konstitusion dəyərlərimizin və milli suverenliyimizin ayrılmaz vəhdətini nümayiş etdirir.


    Azərbaycan Konstitusiyası yalnız dövlətimizin ali hüquqi sənədi deyil, eyni zamanda xalqımızın müstəqil yaşamaq iradəsinin, milli dövlətçilik ənənələrinin və gələcəyə olan inamının ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu möhkəm hüquqi təməl Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənmiş, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edən qüdrətli dövlətə çevrilmişdir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri konstitusion prinsiplərə sədaqəti qorumaq, qanunun aliliyini təmin etmək və vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsini daim diqqət mərkəzində saxlamaqdır. Güclü dövlətçilik, ədalətli cəmiyyət və qanunun aliliyi Azərbaycanın davamlı inkişafının əsas təminatıdır”, – deyə deputat fikirlərini yekunlaşdırıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ