"8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının şanlı tarixində xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi Vətən müharibəsinin taleyini müəyyənləşdirən, xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni səhifə açan möhtəşəm Qələbə olmuşdur."
Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı 8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə "atributinfo .az"a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın tarixi Zəfərinə aparan yolun siyasi və dövlətçilik əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ölkəmizin iqtisadi qüdrəti, hərbi potensialı və beynəlxalq nüfuzu ardıcıl şəkildə gücləndirilmişdir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və Azərbaycan xalqının sarsılmaz birliyi 30 ilə yaxın davam edən işğala son qoyulmasını təmin etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi.
Şuşanın azad olunması isə bu möhtəşəm Zəfərin zirvəsi oldu. Sıldırım qayalarla əhatə olunan, mürəkkəb coğrafi mövqeyə malik şəhərin azad edilməsi Azərbaycan hərbçilərinin yüksək peşəkarlığının, döyüş ruhunun və Vətənə sonsuz sədaqətinin parlaq nümunəsidir.
Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən şərəfli səhifələrindən biri kimi əbədi yaşayacaq. Bu Qələbə yalnız strateji əhəmiyyətli şəhərin azad edilməsi deyil, həm də xalqımızın milli qürurunun, tarixi yaddaşının və mənəvi dəyərlərinin bərpası idi.
Prezident İlham Əliyevin Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Şuşanın azadlığı Ermənistanın işğalçılıq siyasətinin iflasını və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam təmin olundu, separatizmə birdəfəlik son qoyuldu.
Bu gün Şuşa yalnız tarixi Qələbəmizin rəmzi deyil, həm də Azərbaycanın milli-mədəni dirçəlişinin və yeni inkişaf mərhələsinin simvoludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi abidələrimiz yenidən bərpa olunur, müasir yaşayış kompleksləri və sosial infrastruktur yaradılır.
Şuşanın tarixi-mədəni irsinin qorunması, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və digər görkəmli şəxsiyyətlərimizin irsinin yaşadılması dövlətimizin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək önəmin göstəricisidir.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı statuslarını qazanması şəhərin beynəlxalq mədəniyyət məkanında artan nüfuzunu nümayiş etdirir. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları və yüksək səviyyəli görüşlər Şuşanın yenidən mühüm siyasi və mədəni mərkəzə çevrildiyini təsdiqləyir.
Eyni zamanda, Şuşada yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və şəhərin müasir infrastruktur əsasında yenidən qurulması Böyük Qayıdış siyasətinin uğurlu nəticələridir.
Prezident İlham Əliyevin Şuşaya mütəmadi səfərləri, həyata keçirilən layihələri şəxsən nəzarətdə saxlaması və şəhərin gələcək inkişafına xüsusi diqqət yetirməsi Şuşanın Azərbaycan dövlətçiliyində tutduğu müstəsna yerin göstəricisidir.
Şuşa bu gün Azərbaycanın hərbi Qələbəsinin, siyasi iradəsinin və milli birliyinin canlı təcəssümüdür. Bir vaxtlar işğal altında qalan şəhərimiz indi azadlığın, quruculuğun və beynəlxalq əməkdaşlığın mühüm mərkəzinə çevrilir.
Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Şuşa bundan sonra da Azərbaycanın milli qürurunun, zəngin mədəniyyətinin və qüdrətli dövlətçiliyinin rəmzi kimi inkişaf edəcək.
8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Şuşanın azadlığı Azərbaycan xalqının əbədi Qələbəsidir. Bu tarixi Zəfər nəsildən-nəslə ötürüləcək, Şuşada dalğalanan üçrəngli bayrağımız isə müstəqil və qüdrətli Azərbaycanın sarsılmaz iradəsinin rəmzi olaraq daim yüksəklərdə olacaq!
Bəradər Səməndərli
"Atributinfo.az"
