Sizin reklam burada
Sizin reklam burada
  • Mircəlil Qasımlı: “Azərbaycan Bayrağı dövlətimizin müstəqilliyinin, milli birliyimizin və tarixi Zəfərimizin rəmzidir”


    9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Üçrəngli bayrağımız dövlətimizin suverenliyini, xalqımızın milli kimliyini, azadlıq və müstəqillik ideallarına sədaqətini təcəssüm etdirir.


    Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı Atributinfo.az saytına 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə verdiyi açıqlamada bildirib.


    Deputat qeyd edib ki, Azərbaycan Bayrağının tarixi xalqımızın müstəqil dövlətçilik ənənələri ilə sıx bağlıdır. İlk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayrağımız xalqımızın azadlıq və milli istiqlal iradəsinin ifadəsinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi müstəqilliyimizin bərpası yolunda mühüm tarixi hadisə olmuşdur.


    Mircəlil Qasımlının sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin artması üçrəngli bayrağımızın beynəlxalq aləmdə daha böyük qürur və ehtiramla dalğalanmasına şərait yaradıb. Dövlət başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi milli dövlətçilik dəyərlərimizə göstərilən yüksək diqqətin bariz nümunəsidir.


    Deputat vurğulayıb ki, Azərbaycan Bayrağının ən böyük tarixi təntənəsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər nəticəsində yaşanıb. Uzun illər işğal altında qalmış torpaqlarımızda üçrəngli bayrağımızın yenidən ucaldılması xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının rəmzinə çevrilib. Bu gün Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması hər bir vətəndaşımız üçün sonsuz qürur mənbəyidir.


    Deputat bildirib ki, Dövlət Bayrağına hörmət yalnız vətəndaşlıq borcu deyil, həm də milli mənəviyyatın, dövlətçilik şüurunun və Vətənə sədaqətin göstəricisidir. Xüsusilə gənc nəslin milli rəmzlərimizin tarixi və mənəvi əhəmiyyətini dərindən dərk etməsi, dövlətçilik ənənələrimizə bağlı ruhda yetişməsi ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.


    “Üçrəngli bayrağımız xalqımızın keçdiyi şərəfli tarixi yolun, müstəqilliyimizin və milli qürurumuzun ən ali rəmzlərindən biridir. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və xalqımızın Vətənə sonsuz məhəbbəti hər zaman böyük ehtiramla yad edilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün qalib və qüdrətli Azərbaycanın Dövlət Bayrağı azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Əminəm ki, xalqımızın milli birliyini və dövlətçilik iradəsini təcəssüm etdirən üçrəngli bayrağımız bundan sonra da Azərbaycanın yeni uğurlarının və böyük nailiyyətlərinin şahidi olacaq. Dövlət Bayrağımız hər zaman ucalarda dalğalansın!” – deyə deputat fikirlərini yekunlaşdırıb.


    B. Xanəliyev 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ