Sizin reklam burada
Sizin reklam burada
  • UĞURLU TƏYİNAT Penitensiar sistemdə yeni hədəflərə doğru

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kadr siyasəti hər zaman peşəkarlığa, gənclərin potensialına və müasir idarəetmə tələblərinə əsaslanır. Dövlət başçısının Sahib Cəlil oğlu Rzayevi ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin etməsi ölkəmizdə hüquq-mühafizə orqanlarında aparılan ardıcıl islahatların məntiqi davamıdır. Cənab Prezidentin “nəyi, necə və nə vaxt etmək lazımdır” müdrikliyinə və qətiyyətinə inanan hər kəs kimi, cəmiyyətimiz, o cümlədən Sahib Rzayevi yaxından tanıyanlar bu qərarı böyük məmnunluqla qarşıladı. Bu uzaqgörən sərəncama görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.

    Şübhəsiz ki, gənc və perspektivli kadrların önə çəkilməsində, onlara yüksək etimad göstərilməsində Ədliyyə naziri cənab Fərid Əhmədovun müasir idarəetmə vizyonunun və obyektiv təqdimatının mühüm rolu var. Nazirə bu inamına və kadr islahatlarına verdiyi dəstəyə görə təşəkkür edirik.

    Qısa müşahidələrlə bildirmək istəyirəm ki, Fərid Əhmədov nazir təyin olunduqdan sonra Ədliyyə Nazirliyində illərlə davam edən durğunluğa son qoyulmuş, sistemli dirçəliş və dönüş prosesi başlamışdır. Xüsusilə də uzun illər ərzində acınacaqlı vəziyyətə salınmış penitensiar sahədəki yeniliklər və qətiyyətli fəaliyyət cəmiyyət tərəfindən böyük maraq və ümidlə izlənilir.

    Məhz belə bir həssas və mürəkkəb sahənin rəhbərliyinə mənəvi cəhətdən bütöv, nəfssiz, işgüzar, dərin hüquqi savada və yüksək əxlaqa malik bir şəxsin təyinatı islahatların uğuruna inamımızı daha da artırır. Əminik ki, Sahib Rzayevin bu vəzifəyə gətirilməsi penitensiar sistemi nəinki mövcud mənfi tendensiyalardan xilas edəcək, hətta şəffaflığın artırılması, insan hüquqlarının təmini və müasir standartların tətbiqi istiqamətində böyük nailiyyətlərə, nümunəvi fəaliyyətə yol açacaqdır.

    Yekunda, dövlətin ali etimadına layiq görülən və olduqca məsuliyyətli bir missiyanı çiyinlərinə götürən Sahib Rzayevi səmimi qəlbdən təbrik edir, ona ədalətin təntənəsi və qanunçuluğun qorunması naminə fəaliyyətində böyük uğurlar arzulayırıq.

    Fəxrəddin Ağamirzəyev,
    jurnalist-hüquqşünas,
    "Hüquq və Qanun" jurnalının baş redaktoru



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ