28 oktyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsində "Aqrar Biznes Festivalı" çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası və "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda tədbir keçirilmişdir.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Gündüz Səmədli, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mətbuat katibi Ruslan Zeynalov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Qərib Novruzlu, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin Göyçay filialının rəhbəri Orxan Məmmədov, eləcə də rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və fermerlər iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara və müasir texnologiyalara əlçatanlığının təmin olunması, eləcə də fermerlərə metodiki və praktiki dəstəyin göstərilməsi olmuşdur. Festival çərçivəsində təşkil olunan yarmarkada kiçik və orta sahibkarlar tərəfindən istehsal olunan innovativ məhsullar və keyfiyyətli toxum sortları əyani şəkildə nümayiş etdirilmişdir.
Keçirilən panel müzakirəsi zamanı aqrar alətlərə çıxış, dövlət tərəfindən tətbiq edilən güzəşt və dəstək mexanizmləri, aqrar sığorta və güzəştli kredit imkanları barədə fermerlərə geniş məlumat verilib, onların sualları cavablandırılmışdır.
Bəradər Səməndərli,
Zahir
Məmmədov
"Atributinfo.az"
