Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: “Azərbaycan və İsrail münasibətlərinin gələcəyini yalnız Netanyahu amili ilə əlaqələndirmək doğru olmaz”

    “İsraildə keçirilən parlament seçkilərinin nəticələri ölkədə demək olar ki siyasi qeyri-müəyyənlik yaradıb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi düşərgənin parlament çoxluğunu itirdiyi artıq rəsmi elan olunur. Rəsmi açıqlanan nəticələrə görə, “Likud” partiyasi 27 mandat, onun müttəfiqləri ilə birlikdə təmsil olunduğu blok isə ümumilikdə 53 mandat əldə edib. Müxalifət düşərgəsi 48, ərəb partiyalarının isə ümumilikdə 19 mandat qazanması siyasi mənzərəni mürəkkəbləşdirir. Lakin 120 yerlik Knessetdə (parlamentdə) ən azı 61 mandat lazımdır ki, tam şəkildə hökuməti formalaşdıra bilsin. Bu nəticələri yalnız ayrı-ayrı partiyanın uğuru və ya uğursuzluğu kimi qiymətləndirmək düzgün olmazdı”.

    Bu sözləri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Arzu Nağıyev İsraildə keçirilən parlament seçkilərini şərh edərkən deyib.

     A.Nağıyev bildirib ki, seçkilərə təsir edən çox ciddi amillər var olub: “Qəzza müharibəsinin nəticələri, İran amili, ölkənin gələcək xarici siyasəti, daxili sosial-iqtisadi problemlər və ən çox da təsir edən amil 2023-cü ilin oktyabrın 7-də baş vermiş hadisədə təhlükəsizlik qüvvələrinin və digərlərinin siyasi məsuliyyət məsələsi daha da aktual kimi qalırdı. Netanyahunun hakimiyyətdə qalıb-qalmaması məsələsinə gəldikdə isə hazırkı mərhələdə buna qəti şəkildə demək mümkün deyil ki, məhz o qalacaq. Rəhbərlik etdiyi blok mandat sayına görə rəqib düşərgədən irəlidə olsa da, hökumət qurmaq üçün zəruri çoxluğa malik deyil. Qeyd etdiyim kimi, ən azı 61 səsə malik olmalı idi. Digər tərəfdən müxalifətin də vahid mövqe formalaşdıraraq hökumət yaratmaq imkanları müzakirə oluna bilər. Əsas məsələ odur ki, məhz partiyalarla məsləhətləşmələri məhz Prezident İshak Hersoq aparacaq. Əgər tərəflər razılığa gələ bilməsələr, təbii ki, yenidən növbədənkənar seçkilərə də getmək olar. Yəni Netanyahunun siyasi gələcəyi hələ tam müəyyənləşməyib”.

    Deputat seçkilərin Azərbaycan və İsrail münasibətlərinə necə təsir edəcəyi məsələsinə də toxunub: “İki dövlət arasındakı əməkdaşlıq konkret hansısa siyasi liderə söykənmir. Şəxsi münasibətlərdən daha geniş əsaslara söykənir: strateji tərəfdaşlıq, siyasi dialoq, enerji ticarət investisiya müdafiə sənayesi, təhlükəsizlik məsələləri, yüksək texnologiyalar sahəsində əməkdaşlığın mövcudluğu. 2026-cı ilin yanvarında xarici işlər naziri Bakıda keçirilən görüşdə də münasibətlərin strateji tərəfdaşlıq xarakteri kimi gələcək əməkdaşlıq imkanlarını xüsusilə vurğulayıb. İsraildə təbii ki, hakimiyyət dəyişikliyi olacağı təqdirdə yeni hökumətin Yaxın Şərqlə siyasətində, İranla münasibətində müəyyən dəyişiklər etməsi mümkündür. İnandırıcı görünmür ki, bu Azərbaycan İsrail münasibətinə mənfi təsir göstərə bilər. Təbii ki, bunların hamısını, prosesi diqqətlə izləmək lazımdır. Azərbaycanın xarici siyasətində bildiyiniz kimi cənab Prezidentin prinsipial siyasəti var və bu milli maraqlara, dövlət suverenliyinə, bütövlüyünə, hər bir Azərbaycan vətəndaşının rifahına söykənmiş siyasətdir. Ona görə də İlham Əliyevin apardığı bu siyasət çox mühümdür, bizim üçün İsraildə hansı siyasi qüvvələrin hakimiyyətə gəlməsindən asılı olmayaraq Azərbaycan dövlətinin maraqları iki ölkə arasında qarşılıqlı hörmətə söykənən münasibətlərdən olacaq. Düşünürəm ki, Azərbaycan İsrail münasibətlərinin gələcəyini yalnız Netanyahu amili ilə əlaqələndirmək doğru olmaz. Bu münasibətlərin davamlılığı hər iki dövlətin strateji maraqlarına, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlıq iradəsinə bağlanacaq”.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ