Bildiyiniz kimi, iyunun 22-dən 25-dək Bakıda Milli Məclisin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası və sessiya ilə bağlı iclaslar uğurla keçirilmişdir.
İlk öncə qeyd etmək istərdim ki, İslam Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük beynəlxalq qurumlarından biridir və öz sıralarında 57 dövləti birləşdirir.
1969-cu ildə yaradılmış bu təşkilat müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə islam dünyasının ümumi maraqlarının müdafiəsi üçün mühüm platforma rolunu oynayır.
Hörmətli deputatlar!
Təşkilatın Parlament İttifaqı Konfransının 20-ci sessiyası Azərbaycanın islam aləmində yüksək nüfuzunu bir daha təsdiq edən mühüm beynəlxalq hadisə oldu. Tədbirdə 43 ölkədən və 11 beynəlxalq təşkilatdan 54 nümayəndə heyəti, ümumən 500-dən çox nümayəndə iştirak etmişdir.
Sessiyanın təşkili ilə bağlı demək istəyirəm ki, nümayəndə heyətləri artıq iyunun 21-də ölkəmizdə idilər. Və ertəsi gündən sessiyaya hazırlıq iclasları keçirilməyə başlandı.
İcraedici komitənin 56-cı iclası, habelə 5 daimi komitənin və 3 qrupun – Asiya, Afrika və Ərəb qruplarının, eləcə də müsəlman qadın parlamentarilərin, müsəlman icmaları və azlıqlar alt komitəsinin, Baş Katiblər Assosiasiyasının növbəti iclasları, məsləhətləşmə görüşləri və konqresləri, digər toplantılar sessiyada müzakirələrin səmərəli təşkili baxımından çox əhəmiyyətli idi.
Hörmətli həmkarlar!
İyunun 24-də 20-ci sessiyanın açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sessiya iştirakçılarına müraciəti tədbirin əhəmiyyətini daha da artırdı. Müraciətdə islam ölkələrinin həmrəyliyini və iş birliyini möhkəmləndirməyin əsas prioritetləri müəyyən edilmişdir. İslam dəyərlərinin qorunması naminə birgə səylərin əhəmiyyəti vurğulanmışdır.
Hörmətli deputatlar!
Sessiyada İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqına sədrlik Azərbaycan Milli Məclisinə təhvil verildi. Bu, ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın yeni bir ifadəsidir və eyni zamanda, dövlətimizin müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək sahəsində ardıcıl siyasətinin təsdiqidir.
20-ci sessiyanın sədri kimi mən açılış nitqimdə Parlament İttifaqına Milli Məclisin sədrliyi dövründə fəaliyyətimizin əsas istiqamətləri barədə danışdım. Bildirdim ki, Milli Məclis təşkilatın rolunun daha da güclənməsinə və üzv ölkələrin parlamentləri arasında iş birliyinin inkişafına çalışacaqdır. Digər məsələlərlə yanaşı, mən sülhün, dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğuladım. İslam dünyasının potensialını tam reallaşdırmağın və onun üzləşdiyi çətinlikləri aradan qaldırmağın yolları barədə fikirlərimi bölüşdüm.
Hörmətli deputatlar!
Qeyd edim ki, sessiyada nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış etdilər. 2 gün ərzində ümumən 32 çıxış səsləndi. Beynəlxalq gündəliyin aktual məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Parlament İttifaqının fəaliyyətini daha da təkmilləşdirməyə və üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı əlaqəni genişləndirməyə yönələn qərarlar qəbul edildi.
Hörmətli həmkarlar!
Tədbirin ən mühüm yekunlarından biri də Bakı Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə İttifaqın üzvü olan parlamentlərin qarşılıqlı əlaqəni və əməkdaşlığı, həmrəyliyi və dialoqu daha da möhkəmləndirmək əzmini ifadə edir.
Hörmətli deputatlar!
Sessiya çərçivəsində mənim Milli Məclis Sədri kimi 19 ikitərəfli görüşlərim oldu. Türkiyə, İran, İordaniya, Oman, Qətər, Yəmən, Mozambik, Niger, Şimali Kipr parlamentlərinin sədrləri, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Mərakeş, Qvineya-Bisau, Burkina Faso, Çad, Kot-d`İvuar və Mali parlamentlərinin sədr müavinləri, Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə danışıqlarda ikitərəfli və çoxtərəfli platformalarda iş birliyinin inkişaf etdirilməsi yolları nəzərdən keçirildi.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıldı.
Hörmətli həmkarlar!
Bunu da xüsusi vurğulamaq istərdim ki, Milli Məclisin deputatları həm 20-ci sessiyada, həm də müxtəlif komitələrin və qrupların iclaslarında və digər tədbirlərdə fəal iştirak etdilər. Bunu da qeyd edim ki, Milli Məclisin komitə sədrləri bir sıra təşkilati komitə iclaslarında sədrlik də etdilər.
Bununla əlaqədar mən Milli Məclis sədrinin müavini, Parlament İttifaqında nümayəndə heyətimizin rəhbəri hörmətli Rafael Hüseynova, iclaslarda və müxtəlif tədbirlərdə iştirak etmiş komitə sədrlərimizə, dostluq qruplarının rəhbərlərinə və deputatlarımıza minnətdarlığımı bildirirəm.
Hörmətli deputatlar!
Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir oldu və biz qarşıya qoyulan bütün hədəflərə nail olduq.
Bununla əlaqədar mən tədbirin təşkilində əməyi olan hər kəsə bir daha təşəkkür edirəm.
Hörmətli həmkarlar!
Bir məlumatı da nəzərinizə çatdırım ki, Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edən İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi eyni zamanda, mənim dəvətimlə ölkəmizə rəsmi səfərini də həyata keçirmişdir.
İordaniya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
İyunun 22-də İordaniya Nümayəndələr Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə mənim görüşüm oldu. Görüşdə parlamentlərimiz arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Parlamentlərarası əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluq qruplarının fəaliyyəti vurğulandı.
Hörmətli həmkarlar!
Qeyd edim ki, Azərbaycan və İordaniya parlamentlərində fəaliyyət göstərən dostluq qrupları üzvlərinin ayrıca görüşü də keçirilmişdir. Mən İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərova da minnətdarlığımı bildirirəm.
Hörmətli deputatlar!
Mən səfərin həyata keçirilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildiririəm.
