Bu sözləri Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət ölkəmizin siyasi sabitliyini daha da möhkəmləndirmiş, iqtisadi inkişafını sürətləndirib və beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb:
“Dövlət başçısının milli maraqlara əsaslanan idarəçilik modeli, müasir çağırışlara çevik reaksiya verməsi və uzaqgörən strateji baxışı Azərbaycanın davamlı inkişafına və beynəlxalq mövqeyinin güclənməsinə mühüm töhfə verib.
Son illər ərzində ölkənin iqtisadi potensialının artırılması istiqamətində mühüm addımlar atılıb. Enerji sektorunda əldə edilən uğurlar, qeyri-neft iqtisadiyyatının inkişafı, sənayeləşmənin sürətləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi və rəqəmsal transformasiya sahəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə beynəlxalq enerji layihələrinin reallaşdırılması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən birinə çevrilməsinə şərait yaradıb.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri regionun iqtisadi xəritəsini dəyişdirib. Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat dəhlizləri, beynəlxalq logistika imkanlarının genişləndirilməsi və müasir infrastrukturun qurulması ölkəmizi Avrasiya məkanında strateji tranzit mərkəzinə çevirib. Bu amillər Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artıraraq beynəlxalq tərəfdaşlarının sayının genişlənməsinə səbəb olub.
Ölkəmizin beynəlxalq nüfuzunun artmasının ən mühüm göstəricilərindən biri də dünyanın ən mötəbər tədbirlərinə uğurla ev sahibliyi etməsidir. Son illərdə Azərbaycan siyasi, iqtisadi, humanitar, mədəni və idman sahələrində keçirilən çoxsaylı beynəlxalq tədbirlərin təşkilatçısı olub. Bu tədbirlər ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini, müasir infrastrukturunu və təhlükəsizlik imkanlarını bütün dünyaya nümayiş etdirib.
2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq idman tarixində mühüm yer tutan hadisələrdən biri olub. Avropa qitəsində ilk dəfə təşkil edilən bu möhtəşəm yarış ölkəmizin qlobal miqyaslı tədbirləri yüksək səviyyədə keçirmək bacarığını sübut edib. Qısa müddət ərzində yaradılan idman infrastrukturu, müasir arenalar və peşəkar təşkilatçılıq beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Birinci Avropa Oyunlarından sonra 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam dünyasında nüfuzunun daha da güclənməsinə xidmət edib. Müxtəlif ölkələrdən minlərlə idmançının iştirak etdiyi bu yarış həm də mədəniyyətlərarası dialoqun və həmrəyliyin təşviq olunmasına mühüm töhfə verib. Azərbaycan bu tədbir vasitəsilə sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma dəyərlərinin təbliğinə öz töhfəsini verib.
Formula 1 Azərbaycan Qran Prisinin Bakıda keçirilməsi də ölkəmizin beynəlxalq tanıtımında mühüm rol oynayıb. Dünyanın milyonlarla tamaşaçısının izlədiyi bu yarış Azərbaycanın müasir şəhər simasını, turizm potensialını və inkişaf səviyyəsini beynəlxalq auditoriyaya təqdim edib. Formula 1 yarışları həmçinin iqtisadi fəallığın artmasına, turizm sektorunun inkişafına və ölkə brendinin güclənməsinə əhəmiyyətli təsir göstərib”.
Şura sədri bildirib ki, Azərbaycan beynəlxalq siyasi və diplomatik platformalarda da mühüm rol oynayır:
“Bakı Humanitar Forumu, Qlobal Bakı Forumu və digər beynəlxalq tədbirlər dünya liderlərinin, alimlərin, ekspertlərin və ictimai xadimlərin iştirakı ilə qlobal problemlərin müzakirə edildiyi nüfuzlu platformalara çevrilib.
Bu forumlar Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığın təşviqində fəal iştirak etdiyini nümayiş etdirir. Ölkəmizin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricilərindən biri də 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi olub. Azərbaycan bu dövrdə təşkilatın institusional inkişafına töhfə verib, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Xüsusilə pandemiya dövründə Azərbaycanın irəli sürdüyü humanitar təşəbbüslər və beynəlxalq həmrəylik çağırışları dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanın qlobal nüfuzunu daha da artıran mühüm hadisələrdən biri də COP29-un Bakıda keçirilməsi olub. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək ölkəmizə göstərilən yüksək etimadın təzahürüdür. COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizə, yaşıl enerji keçidi, ətraf mühitin qorunması və dayanıqlı inkişaf məsələləri geniş şəkildə müzakirə edilib. Azərbaycanın yaşıl enerji strategiyası və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr ölkəmizin qlobal ekoloji təşəbbüslərdə fəal iştirak etdiyini göstərir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “yaşıl enerji zonası” layihələri beynəlxalq səviyyədə böyük maraq doğurur. Günəş, külək və digər alternativ enerji mənbələrinin inkişafına yönəlmiş layihələr Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycanın BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumuna (World Urban Forum – VUF) ev sahibliyi etmək hüququ qazanması da mühüm əhəmiyyət kəsb edir. Dünyada şəhərsalma, urbanizasiya və dayanıqlı inkişaf sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunan bu forum müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, şəhərsalma mütəxəssislərini, alimləri və özəl sektor təmsilçilərini bir araya gətirib. VUF-un Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, müasir şəhər infrastrukturunun yaradılması, ekoloji tarazlığın qorunmasına yönəlmiş layihələr və innovativ idarəetmə mexanizmləri beynəlxalq təşkilatlar tərəfindən maraqla izlənilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proqramları dünya şəhərsalma təcrübəsində mühüm əhəmiyyət daşıyan layihələr kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları müasir texnologiyaların tətbiqi, yaşıl enerji həllərinin inteqrasiyası və dayanıqlı inkişaf prinsiplərinin reallaşdırılması baxımından nümunəvi model hesab olunur”.
Aqil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş ən mühüm tarixi nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır:
“Bu tarixi uğur ölkənin regiondakı mövqeyini daha da gücləndirmiş, yeni iqtisadi imkanlar yaratmış və beynəlxalq nüfuzunu artırıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri dövlətimizin iqtisadi qüdrətini və idarəetmə potensialını aydın şəkildə nümayiş etdirir.
Bu ərazilərdə həyata keçirilən müasir şəhərsalma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın innovativ inkişaf modelinin uğurlu nümunələridir. Yenidən qurulan yaşayış məntəqələri, müasir nəqliyyat infrastrukturu, enerji təminatı və sosial obyektlər regionun gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Bu gün Azərbaycan siyasi sabitliyi, iqtisadi qüdrəti, müasir infrastrukturu və təhlükəsiz mühiti ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün dünyanın ən əlverişli məkanlarından biri kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz qlobal proseslərdə fəal iştirak edir, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verir və dünya birliyində öz mövqeyini davamlı şəkildə möhkəmləndirir.
Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan inkişaf yolunda inamla irəliləyir, beynəlxalq münasibətlər sistemində nüfuzunu artırır və müasir dünyanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. Ölkəmizin əldə etdiyi uğurlar gələcəkdə daha böyük nailiyyətlərin qazanılacağına əminlik yaradır və Azərbaycanın dünya miqyasında söz sahibi olan dövlətlərdən biri kimi mövqeyini daha da gücləndirir”.
