Sizin reklam burada
Sizin reklam burada
  • Zəngəzurdan Brüsselə xəbərdarlıq: “İstəsəydik, tam başqa mənzərə olardı”

    “Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər təkcə siyasi bəyanat deyil, postmüharibə dövrünün geosiyasi manifesti kimi qiymətləndirilməlidir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan artıq Cənubi Qafqazda hadisələrin arxasınca gedən yox, prosesləri müəyyən edən və yeni regional düzəni formalaşdıran əsas gücə çevrilib”.

    Bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

    O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycanın öz tarixi missiyasını başa vurması ilə bağlı idi: “Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. “Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur”, - deyən Prezident İlham Əliyev əslində beynəlxalq ictimaiyyətə mühüm mesaj verdi: Qarabağ məsələsi artıq tarixdir və bölgədə yeni reallıq yaranıb.

    Bu yeni reallığın əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan qalib dövlət kimi revanşist və işğalçı siyasət yürütmür. Rəsmi Bakı Ermənistan torpaqlarında gözü olmadığını dəfələrlə bəyan edib. Çünki Azərbaycan dağıdan yox, quran dövlətdir. Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vandalizm, viran qoyduğu şəhərlər, məhv etdiyi məscidlər və ekoloji terror onun hansı düşüncə ilə hərəkət etdiyini ortaya qoydu. Prezidentin də dediyi kimi, “sahib olan qurur, talançı isə dağıdır”.

    Zəngilan və bütövlükdə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri bu fərqin ən açıq sübutudur. Beş il ərzində yolların, körpülərin, məktəblərin, elektrik stansiyalarının, hava limanlarının və nəqliyyat xətlərinin qurulması Azərbaycanın bölgəyə baxışını ortaya qoyur. Bakı müharibədən sonra dağıntı yox, inkişaf strategiyası təqdim edib”.

    O əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən ən sərt mesajlardan biri isə bəzi xarici qüvvələrin bölgədə oynadığı rola yönəldi: “Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Avropa Birliyinin müşahidə missiyasını açıq şəkildə tənqid edərək bildirdi ki, əgər Azərbaycan bir güllə atsa, həmin qüvvələr bölgədən dərhal qaçacaqlar. Bu fikir təsadüfi deyildi. Prezident bununla göstərdi ki, həmin missiyanın əsas məqsədi təhlükəsizlik deyil, bölgədə geosiyasi təsir imkanlarını qorumaqdır.

    Əslində, Qərbdəki müəyyən siyasi dairələr Azərbaycanın əldə etdiyi qələbəni və yaratdığı yeni geosiyasi reallığı hələ də qəbul edə bilmirlər. Buna görə də Ermənistanda revanşist qüvvələri yenidən fəallaşdırmağa, bölgədə gərginliyi saxlamağa çalışırlar. Lakin Prezident İlham Əliyevin çıxışından aydın görünür ki, Bakı bu təhlükələrin fərqindədir və bütün ssenarilərə hazırdır.
    Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, o, hərbi qələbəni siyasi və iqtisadi üstünlüyə çevirməyi bacarıb. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı yalnız hərbi zəfər deyildi. Bu əməliyyatlar Azərbaycanın güclü dövlət idarəçiliyini, peşəkar ordusunu və siyasi iradəsini ortaya qoydu. Prezidentin vurğuladığı kimi, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa uyğun apardı, mülki obyektləri hədəfə almadı. Ermənistan isə Gəncə, Bərdə və digər şəhərləri raket atəşinə tutaraq terror siyasəti həyata keçirdi.

    Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri də məhz budur. Dünya artıq Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də məsuliyyətli dövlət davranışını görür.

    Prezident İlham Əliyevin Zəngilandakı çıxışında xüsusi yer tutan məsələlərdən biri də Azərbaycanın regional və qlobal nəqliyyat mərkəzinə çevrilməsi idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Zəngilan gələcəkdə bölgənin ən mühüm logistika qovşaqlarından biri olacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi bu bölgə artıq yeni iqtisadi xəritənin əsas nöqtələrindən birinə çevrilir.

    Zəngəzur dəhlizi isə təkcə Azərbaycan üçün deyil, bütün region üçün strateji layihədir. Bu dəhliz Bakı ilə Naxçıvan arasında birbaşa əlaqə yaradacaq, Türk dünyasının inteqrasiyasını gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək. Prezidentin vurğuladığı kimi, bundan Ermənistanın özü də iqtisadi baxımdan fayda əldə edə bilər. Lakin bunun üçün İrəvan revanşizm siyasətindən imtina etməli və bölgədə yaranmış yeni reallığı qəbul etməlidir.
    Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün müəllifi kimi çıxış edir. Bakı bölgəni düşmənçilik məkanından əməkdaşlıq platformasına çevirmək istəyir. Ancaq Prezident İlham Əliyevin çıxışında səslənən ən vacib mesajlardan biri də budur ki, Azərbaycan heç vaxt arxayınlaşmayacaq. Çünki regionda sabitliyi pozmaq istəyən qüvvələr hələ də mövcuddur.
    Məhz buna görə də Azərbaycanın “Dəmir yumruğu” yerindədir. Bu yumruq artıq yalnız müharibə simvolu deyil. O, bölgədə sülhün, təhlükəsizliyin və yeni geosiyasi düzənin təminatına çevrilib.

    Prezident İlham Əliyevin Şərqi Zəngəzurdan verdiyi mesajın əsas mahiyyəti də budur: Azərbaycan bölgənin gələcəyini müəyyən edən dövlətdir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ