Deputat: “Ramiz Mehdiyev və Əli Kərimli ən ağır cinayət törədib”
yapikredi.com.az
GÜNDƏM 03 dekabr 2025, 10:44
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti apardığı əməliyyat, istintaq və əməli-axtarış tədbirləri nəticəsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və çirkli pulların yuyulması ilə bağlı ittihamlar irəli sürüb. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193.1–3–2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri üzrə ittihamlar elan edilib”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.
O bildirib ki, iddialara əsasən, Mehdiyev Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginlikdən istifadə etməyə çalışıb:
“Rusiya xüsusi xidmət orqanlarının – siyasi dəstəyinə ümid edib, onlara məktub göndərərək öz fikirlərini çatdırıb. O, hakimiyyəti zorla ələ keçirdikdən sonra ölkədə keçid dövrü üçün iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası modelində müvəqqəti idarəetmə orqanı yaradılmasını təklif etmişdir. İstintaq materiallarında göstərilir ki, bu cəhdlə bağlı o, həqiqətən də xüsusi xidmət orqanlarına müraciət edib və onlardan müəyyən material alıb.
Mehdiyev rəhbərlik etməyi planlaşdırdığı bu qurumda təmsil olunacaq şəxslərin siyahısını Rusiya xüsusi xidmət orqanlarına ötürərək öz planlarını onlarla bölüşüb”.
Deputat qeyd edib ki, hazırda bu iş üzrə həm Ramiz Mehdiyev, həm də özünü radikal müxalifətin lideri kimi təqdim edən Əli Kərimli eyni cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunublar:
“Müxtəlif siyasi baxışları təmsil etmələrinə baxmayaraq, Mehdiyev barəsində cinayət işi açıldıqdan sonra onun müdafiəsinə qalxan ilk şəxslərin məhz radikal müxalifət nümayəndələri olması gözlənilən haldır. Məhkəmənin qəbul etdiyi qərarlar Əli Kərimliyə dair məsələlərin də obyektiv araşdırılmasına xidmət edir.
Təqsirləndirilən şəxslərlə bağlı qərarların məhkəmə tərəfindən verilməsi, onların hüquqlarının təmin olunması və istintaqın qanuni çərçivədə aparılması dövlətin hüquqi dövlət prinsiplərinə sadiqliyini göstərir. Proses yalnız iki nəfərlə məhdudlaşmır. Burada dövlətçiliyə qarşı yönəlmiş bütün fəaliyyətlərə hüquqi qiymət verilir və ittihamlar ciddi şəkildə araşdırılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin bu prosesi ən yüksək peşəkarlıqla, beynəlxalq və yerli hüquq normalarına uyğun həyata keçirəcəyi bildirilir. Cinayət Məcəlləsinin 278.1-ci maddəsi hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi dövlətin təhlükəsizliyi üçün ən ciddi təhdidlərdən biri sayılır.
Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin əsas məqsədi dövlətin suverenliyi, ərazi bütövlüyü və vətəndaşların rifahının təmin edilməsidir. Dövlətə və dövlətçiliyə qarşı yönəlmiş hər bir təhdidin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu maddələr üzrə istintaq çərçivəsində hər bir şəxs toplanmış materiallar, sübutlar və məhkəmə qərarları əsasında dindirilir və hüquqi qiymətləndirilmə aparılır. Proses dövlət təhlükəsizliyinin qorunması, siyasi sabitliyin təmin olunması və cəmiyyətin ümumi rifahı baxımından mühüm əhəmiyyət kəsb edir”.
