Sizin reklam burada
Sizin reklam burada
  • “Milli təhlükəsizlik dövlətin siyasətinin ən əsas prioritetdir”

    “Milli təhlükəsizlik dövlətin siyasətinin ən əsas prioritetdir” Əhliman Əmiraslanov
    Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik

    Dünyanın hazırkı həssas geosiyasi mühitində daxili siyasi qrupların hansı xarici mərkəzlərə açıq olması məsələsi xüsusi diqqət tələb edir. Dövlət təhlükəsizliyi təhdidlərinin artdığı bir dövrdə kənar təsirlərlə manipulyasiya oluna biləcək strukturların vaxtında zərərsizləşdirilməsi ən prioritet məsələlərdən biridir. Çünki hər hansı siyasi qüvvənin avantürist məqsədlərlə istifadə edilməsi ölkənin stabilliyinə ciddi zərbə vura bilər. Bütün bu kontekstdə Ramiz Mehdiyev və Əli Kərimli arasında mümkün əlaqələrin araşdırılması, faktların obyektiv qiymətləndirilməsi və dövlət təhlükəsizliyi üçün yarana biləcək risklərin aradan qaldırılması dövlətin üzərinə düşən əsas öhdəliklərdəndir. 2003-cü ildən başlayaraq bütün prezident seçkilərində hər dəfə bu radikal qruplar ölkəmizdə iğtişaş yaratmağa, hakimiyyəti güc yolu ilə dəyişməyə çalışdılar. Müxtəlif zaman kəsiklərində Əli Kərimli bir sıra xarici dövlətlərin maraqlarına xidmət edərək ölkədə həyata keçirilən uğurlu siyasətə kölgə salmağa çalışıb. Bu özünü ölkəmiz əleyhinə verilən bütün bəyanatlarda, atılan addımlarda açıq göstərirdi. Eyni zamanda, vaxtilə gündəmə gətirilən Qafqaz baharı, Rusiyada yaradılan “Milyarderlər İttifaqı”, “Ziyalılar Forumu”, “Milli Şura” layihəsi və digər keçməyən təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən anti-milli əməkdaşlıq mexanizminin və xəyanətin dayandığını göstərir. Sonrakı dövrdə baş verən proseslər onu göstərdi ki, bu qrupların uzun müddət Prezident Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyevlə birbaşa əlaqədə olmuş, ölkəmiz əleyhinə çirkli və məkrli addımları birgə planlaşdırmışlar. Aparılan təhlillər, araşdırmalar onu göstərir ki, Ramiz Mehdiyev uzun illər siyasi sistem daxilində özünəməxsus “parallel” idarəçilik mexanizmi qurmağa çalışmış, siyasi prosesləri idarə etmək iddiası göstərmiş və heç kəsə sirr deyil ki, müxtəlif üsullardan istifadə edərək qərarverici strukturlar üzərində nəzarət həyata keçirməyə çalışıb. Ancaq Azərbaycan cəmiyyəti artıq xarici anti-Azərbaycan dairələrin əlində oyuncaq olan “milli” satqınların gizli planlarından, intriqalarından və radikal çağırışlarından yorulub. Bu baxımdan, dövlətin sabitlik və inkişaf xəttinə qarşı yönəlmiş hər hansı fəaliyyətin vaxtında neytrallaşdırılması isə həm milli maraqların, həm də ictimai təhlükəsizliyin qorunması baxımından zəruridir. Bu gün Azərbaycan dövləti heç vaxt olmadığı qədər güclü və qüdrətlidir. Ərazi bütövlüyü və suverenliyi tam bərpa etmiş Azərbaycan daha güclüdür və ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Əlaltılar unudurlar ki, Azərbaycan AXC-Musavat qrupunun səriştəsiz idarəetməsi nəticəsində tənəzzülə uğrayan ötən əsrin 90-cı illərinin əvvəllərindəki ölkə deyil. Azərbaycan rəhbərliyi istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və hər zaman da alacaq. Bu gün Azərbaycan tam suveren, güclü, öz sözünü deyən dövlətdir. Bu dövlətin içərisindən onu zəiflətmək, nüfuzdan salmaq, cəmiyyətin milli iradəsini parçalamaq cəhdləri sadəcə siyasi səhv deyil, ağır cinayətdir. Vətənə xəyanət hüquqi kateqoriyadır, onun cəzası da qanunvericiliklə müəyyən olunub.
    Bu mənada, Dövlət Təhlükəsizliyi Xidmətinin milli təhlükəsizliyimizin qorunması istiqamətində apardığı peşəkar, səbirli əməliyyatlar hər kəs tərəfindən dəstəklənir. Cəmiyyət bu fəaliyyətin arxasında dayanır. Çünki söhbət təkcə bugünkü gündən deyil, gələcək nəsillərin taleyindən gedir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ