“Böyük məmnuniyyət hissi ilə gözəl bir xəbəri sizinlə paylaşıram.
Təhsil aldığım Yanşan Universitetində bu gün universitet rəhbərliyinin iştirakı ilə iclas keçirildi. İclasda universitet daxilində demokratik idarəetməni daha da təşviq etmək, tələbələrin qanuni hüquq və mənafelərini qorumaq və tələbələrin universitet idarəçiliyindəki müsbət rolunu tam şəkildə təmin etmək üçün “Yanşan Universitetində Universitet İşlərinin İdarə Edilməsində Tələbə İştirakı üzrə Tədbirlər Planı”nın (Qərar № 4, 2023) müvafiq müddəalarına uyğun olaraq, 2025-2026-cı tədris ili üçün universitet işləri üzrə tələbə məşvərətçilərinin təyin edilməsi qərarı verildi.
Müvafiq qərarla, bu ictimai vəzifəyə 9 tələbə – 8 çinli, 1 əcnəbi təyin olundu. Yanşan Universitetinin tarixində həmin vəzifəyə təyin edilən ilk əcnəbi tələbə məhz azərbaycanlı – Sadiq Qaçayev oldu.
Bununla da, hal-hazırda universitetimizdə təhsil alan, bütün 495 əcnəbi tələbənin təmsilçisi və universitet rəhbərliyi yanında onların məsləhətçi nümayəndəsi kimi, 1 il müddətinə fəaliyyət göstərəcəyəm. Yanşan Universitetinin rəhbərliyinə mənə göstərdiyi böyük etimada görə dərin təşəkkürümü bildirir, şəxsim və ölkəm adına qürur duyuram. Xoş xəbərlər çox olsun inşallah!
Sadiq QAÇAYEV”.
