Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib

    Noyabrın 2-də Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib.

    Tələbələri salamlayan komitə sədri Şahin İsmayılov ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin ailələrinə, eləcə də müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirilib ki, bu siyasətə uyğun olaraq Milli Məclis də şəhid ailələrinin və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin həllinə dəstək göstərilməsinə xüsusi önəm verir. Şanlı Zəfərin Azərbaycanın dövlətçilik tarixində və milli yaddaşında müstəsna yerindən söz açan Şahin İsmayılov bu tarixi qələbənin qazanılmasında şəhidlərin misilsiz qəhrəmanlığını və fədakarlığını xüsusi qeyd edib.

    Görüşdə komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Vüqar İskəndərov, Asif Əsgərov, Eyvaz Qurbanov, Anar Məmmədov və Ülvi Quliyev çıxış ediblər. Çıxışlarda torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin qəhrəmanlığının və fədakarlığının heç zaman unudulmayacağı vurğulanıb. Bildirilib ki, onların Vətənə sədaqəti, cəsarəti və mübarizə əzmi gənc nəsil üçün əsl örnəkdir.

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və şəhid övladı olan tələbələr Aybəniz Əzizova, Zəhra Ağazadə, Zəhra Xəlilzadə, Nuray Mahirzadə, Gülay Qasımova, Ramaldan Ramaldanov, Fuad Tağızadə, Nihad Sadıqov və Sevinc Əhmədova çıxış edərək səmimi görüşün təşkilinə görə təşəkkürlərini bildiriblər. Tələbələr şəhid ailələrinə, şəhid övladlarına göstərilən yüksək diqqət və qayğıya, onların təhsil və inkişaf imkanlarının dəstəklənməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar şəhid olmuş ataları ilə bağlı xatirələrini bölüşüblər, atalarının Vətən uğrunda göstərdikləri fədakarlıqların həyatlarında daşıdığı mənadan söz açıblar. Tələbələr şəhid övladı kimi öz məsuliyyətlərini dərindən dərk etdiklərini, təhsil alaraq və gələcəkdə uğurlu fəaliyyət göstərərək atalarının xatirəsinə layiq olmağa çalışdıqlarını ifadə ediblər.

    Söhbətdə deputatlar şəhid övladlarının təhsili, tələbəlik qayğıları ilə maraqlanıblar, onlara gələcək planları ilə bağlı tövsiyələrini bildiriblər, onlara təhsildə qazandıqları nailiyyətlərə görə sertifikatlar təqdim ediblər.

    Deputatlar Müşfiq Cəfərovun, Səbinə Xasayevanın, Mircəlil Qasımlının, Göydəniz Qəhrəmanovun və Mahir Süleymanlının iştirak etdiyi tədbir çərçivəsində şəhid övladı olan tələbələr parlamentin inzibati binası ilə tanış olublar.

    Heydər Əliyev Abidəsi və Xatirə zalını ziyarət zamanı qonaqlara Ümummilli Lider Heydər Əliyevin gələcək nəsillər üçün örnək olan həyat yolu, siyasi və dövlətçilik fəaliyyətini haqqında məlumat verilib. Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış Zəfər Guşəsi ilə tanış olan tələbələrə  bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Parlamentin plenar iclas zalında tələbələrə Milli Məclisin fəaliyyəti, plenar iclasların təşkili və keçirilməsi, deputatların qanunvericilik fəaliyyəti üçün yaradılmış iş şəraiti barədə məlumat verilib.

    Görüşdə tələbələrlə xatirə şəkli çəkilib.


    Milli Məclisin Mətbuat və

    ictimaiyyətlə əlaqələr şöbəsi




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ