Bunu Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska bildirib.
Mərkəzin müdiri Bolqarıstanda Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu zamandan etibarən bolqar akademik dairələrinin Azərbaycanın multikultural siyasəti barədə daha çox məlumatlı olduğunu vurğulayaraq deyib: “Xüsusilə Azərbaycanın etnik və dini azlıqların hüquqlarının qorunması, mədəni müxtəlifliyin təşviqi və tolerantlığın təmin olunması sahəsindəki siyasəti müsbət qiymətləndirilir. Bundan başqa, Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və digər əlaqədar qurumlar tərəfindən Bolqarıstanda təşkil edilən tədbirlər, mühazirələr və dəyirmi masalar bolqar ictimaiyyətinə Azərbaycanın multikultural dəyərlərinin və zəngin mədəni irsinin geniş şəkildə tanıdılmasına mühüm töhfə verir. Bu sahədə Azərbaycanda keçirilən Beynəlxalq Multikulturalizm Gənclər Forumunu da qeyd etmək lazımdır. Bu forum dünyanın hər guşəsindən, o cümlədən Bolqarıstandan, müxtəlif etnik və din nümayəndələrini bir araya toplayaraq onları Azərbaycanın tolerantlıq mühiti ilə tanış edir və bu istiqamətdə dünyagörüşünü zənginləşdirir”.
S.Şiqayeva-Mitreskanın fikrincə, həyata keçirilən fəaliyyət ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirir və mədəni müxtəlifliklər sahəsində dialoqu təşviq edir.
