Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Cavanşir Paşazadə Milli Məclisdə cənub bölgəsinin bir sıra problemlərini qaldırdı

    "Biz 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşunu müzakirə edirik. Mən büdcə zərfinə səs verəcəm. Büdcə zərfi çox mükəmməl hazırlanmışdır. Büdcə zərfində zəhməti keçən hər bir kəsə təşəkkür və minnətdarlığımı bildirirəm. Ümidvaram ki, 2026-cı ilin büdcəsi dövlətimizə, xalqımıza və Dövlət Başçısı Ali Baş Komandan cənab İlham Əliyevin daima apardığı doğru, düzgün siyasətinə güc qatacaq, inşallah."
    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi zamanı çıxıs edərkən deputat Cavanşir Paşazadə deyib. O, qeyd edib ki, 2026-cı ilk büdcəsindən sosial yönümlü, iqtisadiyyatımızın bütün sahələrinə, həmçinin kənd təsərrüfatına, böyük vəsaitlər ayrılmışdır. Bu ayrılan vəsait bizim dövlət büdcəmizin dayanıqlığını və insanlarımızın daha da firavan yaşamasına şərait yaradacaq:

    "Yeri gəlmişkən, problemlərlə və təkliflərlə bir-iki məsələyə toxunmaq istərdim. Cənub bölgəmiz Azərbaycanın ən məhsuldar ərazilərindəndir. Torpaqlarımız bərəkətlidir, iqlim kənd təsərrüfatı üçün əlverişlidir. Lakin bu imkanlardan tam istifadə etmək üçün infrastrukturun, yolların, suvarma sistemlərinin və sosial xidmətlərin gücləndirilməsi vacibdir.
    Lənkəran və Masallı rayonlarında kəndlər arası yolların pis vəziyyətdə olması əıhalinin gündəlik həyatına ciddi təsir göstərir. Məhsul yetişdirən kənd təsərrüfatı işçiləri öz məhsullarını bazara çıxartmağa çətinlik çəkirlər. Bir çox kəndlərdə təmirə ehtiyacı olan yollar nəqliyyatı, təcili tibbi yardımı, məktəbə gedən uşaqların hərəkətini çətinləşdirir. 2026-cı ilin dövlət büdəsində bu yolların yenilənməsinə, xüsusilə də Lənkəran, Cil, Veravul, Tökəvilə, Masallı rayon Xıl, Sərçivar istiqamətində təmir işlərinə əlavə vəsait ayrılmasımnı zəruri hesab edirəm.
    Ikinci mühüm məsələ-kənd təsərrüfatının dəstəklənməsidir. Bizim bölgədə çayçılıq, sitrusçuluq və tərvəzçilik ənənəvi sahələrdəndir. Son illərdə müəyyən canlanma olsa da, bu sahələrdə çalışan insanlar texnika və gübrə təminatının gecikməsindən əziyyət çəkirlər. Büdcə vəsaitlərindən bir hissəsinin məhz bu sahələrin inkişafına, müasir suvarma sisteminin quraşdırılmasına yönəldilməsi vacibdir.
    Üçüncü məsələ-səhiyyə və təhsiıl sahələridir. Lənkəran səhər Mərkəzi Xəstəxanası yenilənib, lakin bəzi kənd tibb məntəqələri bərbad vəziyyətdədir. Həkim çatışmazlığı problemi də qalmaqdadır. Bəzi məktəblər köhnə binada fəaliyyət göstərir, istilik sistemi yoxdur. Gənc nəsil üçün təhsil və sağlamlıq imkanlarının bərabər olması dövlət siyasətimizin əsas məqsədlərindən biridir, ona görə bu istiqamətdə büdcə vəsaitlərinin ayrılmasını təklif edirəm.
    Dördüncü vacib məsələ- turizm və ekoloji bərpa məsələsidir. Lənkəran bölgəsi həm Xəzər sahili, həm də dağ-meşə iqlimi ilə ölkə turizminin gələcək mərkəzlərindən biri ola bilər. Bunun üçün kanalizasiya, tullantı idarəetməsi və içməli su sistemlərinin təkmilləşdirilməsi lazımdır. Əgər biz bu sahəyə diqqət yetirsək, bölgə iqtisadiyyatı həm məşğulluq, həm də büdcə gəlirləri baxımından daha çox faydalı olacaq."

    Deputat vurğulayıb ki, bölgələr arasında inkişaf fərqini azaltmaq istəyiriksə, büdcə siyasətində regionla balans qurmaq əsas prinsiplərdən biri olmalıdır. Bölgələrdə yaşayan hər bir vətəndaş paytaxtda yaşayan insanlar qədər rahat həyat şəraitinə və keyfiyyətli xidmətlərə malik olmalıdır:
    "Bir daha vurğulamaq istəyirəm ki, 2026-cl ilin büdcəsi sosial yönümlü, regionların ədalətli və inkişafyönümlü olmalıdır. Büdcənin hər bir manatı xalqın rifahına, kəndlərin dirçəlməsinə, yolların təmirinə və gənclərin gələcəyinə sərmayə olmalıdır.
    Mən əminəm ki, kənd təsərrüfatına daha, perspektiv olan regionlara vəsait qoyulması, gələcəkdə iqtisadiyyatımızın dayanaqlığını möhkəmləndirəcək və Ali Baş Komandan İlham Əliyev cənablarının verdiyi tapşırıqlara dəstək olaraq neftdən asılılığı minimuma endirməyə zəmin yaradacaq."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ