Nazim Cahangirov,
YAP Göygöl rayon təşkilatı üzrə 1 saylı ərazi partiya təşkilatının fal üzvü
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər yalnız təqvimdə qeyd olunan tarix deyil, bütöv bir xalqın taleyini, iradəsini və gələcəyə inamını ifadə edir. 8 Noyabr – Zəfər Günü də məhz belə tarixi hadisələrdən biridir. Bu gün Azərbaycan xalqının uzun illər qəlbində yaşatdığı Vətən həsrətinin, torpaq nisgilinin və ədalət arzusunun gerçəkləşdiyi gündür. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın birliyinin, dövlətimizin gücünün və milli iradəmizin dünyaya nümayişi idi. 44 gün davam edən Vətən müharibəsinin hər günü Azərbaycan tarixində xüsusi iz qoydu. Ordumuz hər gün irəliyə doğru addımlayır, yeni yaşayış məntəqələrini işğaldan azad edir, illərlə həsrətində olduğumuz torpaqlara doğru yaxınlaşırdı. Bu irəliləyiş yalnız hərbi əməliyyatların nəticəsi deyildi. Hər bir addımın arxasında güclü dövlət, qətiyyətli siyasi iradə, peşəkar ordu və öz Ali Baş Komandanına inanan xalq dayanırdı. Zəfərin əldə olunmasında milli birlik və siyasi həmrəylik mühüm rol oynadı. Müharibə günlərində Azərbaycan cəmiyyətində yaranan birlik mühiti göstərdi ki, xalq öz milli maraqları ətrafında birləşəndə qarşısında dayana biləcək heç bir qüvvə yoxdur. İnsanların yaşından, peşəsindən və sosial mövqeyindən asılı olmayaraq, hamını bir amal birləşdirirdi: Vətənin ərazi bütövlüyünün bərpası. Bu birlik yalnız müharibə dövrünə aid deyildi, o, xalqımızın dövlətçilik düşüncəsinin və milli kimliyinin ayrılmaz hissəsi kimi özünü göstərdi. Siyasi həmrəylik isə ölkənin taleyüklü məsələsində ortaq mövqenin formalaşmasına, dövlətin strateji məqsədlərinin müdafiəsinə və cəmiyyətin vahid məqsəd ətrafında səfərbər olunmasına xidmət etdi. Həmin günlərdə hər kəs bir həqiqəti aydın dərk edirdi: söhbət hansısa siyasi maraqdan deyil, Azərbaycanın gələcəyindən, torpaqlarımızın azadlığından və milli ləyaqətimizin bərpasından gedirdi. Bu müharibədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq xüsusi qeyd olunmalıdır. Dağlıq ərazilərdə, çətin relyefdə, mürəkkəb döyüş şəraitində irəliləyən hərbçilərimiz Vətən sevgisinin nə demək olduğunu öz əməlləri ilə sübut etdilər. Onlar yalnız silahla deyil, illərlə ürəklərində daşıdıqları torpaq sevgisi ilə döyüşürdülər. Hər azad edilən kənd, hər şəhər, hər yüksəklik xalqımızın qələbəyə olan inamını daha da artırırdı. Şuşanın azad edilməsi isə Zəfər tariximizin ən möhtəşəm səhifələrindən biri oldu. Qayalara söykənən, tarixi və mədəniyyəti ilə Azərbaycan xalqının ruhunu yaşadan bu şəhərin azadlığı hərbi baxımdan olduğu kimi, mənəvi baxımdan da böyük əhəmiyyət daşıyırdı. Şuşaya sancılan Azərbaycan bayrağı illərlə davam edən həsrətin sona çatdığını və tarixi ədalətin bərpa olunduğunu bütün dünyaya göstərdi. Bu Zəfərin arxasında şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin fədakarlığı dayanır. Biz bu qələbəni yalnız sevinclə deyil, həm də böyük məsuliyyət və ehtiram hissi ilə xatırlamalıyıq. Çünki azadlıq bizə asanlıqla başa gəlməyib. Hər bir şəhidimizin adı Azərbaycan xalqının yaddaşında yaşayır. Onların ailələrinə göstərilən diqqət, qazilərimizin qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir. Bu gün Zəfərimizin əhəmiyyəti yalnız 44 günlük müharibənin nəticələri ilə ölçülmür. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yolların çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması, məktəblərin və sosial obyektlərin inşası qələbəmizin davam edən nəticələridir. Vaxtilə doğma yurdlarından məcburi köçkün düşmüş insanların öz evlərinə qayıtması Zəfərin ən böyük mənəvi bəhrələrindən biridir. Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bu torpaqlarda tikilən hər yeni ev, açılan hər məktəb, salınan hər yol Azərbaycanın qurmaq və inkişaf etdirmək əzmini göstərir. Biz artıq yalnız torpaqlarını azad etmiş dövlət deyil, həmin torpaqlarda yeni həyat quran, gələcəyini inamla formalaşdıran güclü Azərbaycanı görürük. Zəfər Günü bizə bir daha xatırladır ki, dövlətin gücü yalnız iqtisadi göstəriciləri və hərbi imkanları ilə ölçülmür. Dövlətin əsl gücü xalqın öz dövlətinə inamında, milli birlikdə, siyasi həmrəylikdə və ümumi məqsədlər naminə bir araya gəlmək bacarığındadır. Bu dəyərləri qorumaq hər bir vətəndaşın məsuliyyətidir. Çünki qələbəni qazanmaq qədər onu qorumaq, əldə edilən uğurları gələcək nəsillərə ötürmək də vacibdir. Bu gün gənc nəslə Zəfər tariximizin düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır. Gənclər bilməlidirlər ki, bu gün dalğalanan üçrəngli bayrağımızın arxasında böyük qəhrəmanlıq, fədakarlıq və milli iradə dayanır. Onlar Vətənə xidmət etməyin yalnız cəbhədə döyüşməkdən ibarət olmadığını, yaxşı təhsil almaq, peşəkar olmaq, dövlətə və cəmiyyətə fayda verməklə də Vətənə xidmət göstərildiyini dərk etməlidirlər. Nəticə etibarilə, 8 Noyabr Azərbaycan xalqının öz gücünə inamının, milli iradəsinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Bu Zəfər sübut etdi ki, milli birlik və siyasi həmrəylik dövlətçilik maraqları ilə birləşəndə ən çətin hədəflərə belə nail olmaq mümkündür. Biz Zəfərimizi yalnız keçmişin şanlı hadisəsi kimi deyil, gələcəyimiz üçün mühüm mənəvi dayaq kimi qiymətləndirməliyik. Qarabağ Azərbaycandır və bu həqiqət xalqımızın birliyi, dövlətimizin qətiyyəti və şəhidlərimizin müqəddəs qanı ilə tarixə həkk olunub. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, milli birliyimiz sarsılmaz olsun!
