Semur Əsgərov,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi
Zəfərə aparan tarixi yol 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Həmin gün ölkəmizin qarşısında yalnız hərbi vəzifə deyil, uzun illər qəlbimizdə daşıdığımız bir tarixi ədalətin bərpası dayanırdı. Azərbaycan Ordusu döyüş meydanına böyük məsuliyyətlə, qətiyyətlə və Vətən sevgisi ilə daxil oldu. Qarşıda bizi nə qədər çətin sınaqların gözlədiyini heç kim tam təsəvvür edə bilməzdi. Lakin bir həqiqət aydın idi: bu dəfə Azərbaycan geri çəkilmək niyyətində deyildi.44 günlük müharibənin hər günü özlüyündə bir tarix idi. Ordumuzun hər səhəri yeni bir istiqamətdə irəliləyiş, hər uğurlu əməliyyatı düşmənin illərlə yaratdığı məğlubedilməzlik görüntüsünün dağılması demək idi. Azərbaycan əsgəri işğal altında olan torpaqlarımıza doğru addım-addım irəliləyirdi. Bu irəliləyiş sadəcə kilometrlərlə ölçülmürdü. Hər azad edilən kənd, hər yüksəklik, hər strateji mövqe xalqımızın illərlə gözlədiyi ümidə bir qədər də yaxınlaşmaq idi.Müharibənin gedişində ən çox diqqət çəkən məqam Azərbaycan Ordusunun döyüş ruhu, peşəkarlığı və ardıcıl irəliləyişi oldu. Düşmən müxtəlif müdafiə xətləri qurmuşdu, lakin Azərbaycan əsgərinin qarşısında bu maneələr davam gətirmədi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının azad edilməsi hərbi uğur olmaqla yanaşı, xalqımızın mənəvi gücünün də nümayişi idi. Hər qələbə növbəti qələbənin yolunu açırdı.Bu 44 gün ərzində Azərbaycan xalqı ilə Azərbaycan Ordusu arasında elə bir birlik yarandı ki, onun gücünü sözlə ifadə etmək çətindir. Cəbhədə əsgər döyüşürdüsə, arxa cəbhədə hər bir vətəndaş onun qələbəsinə inanırdı. İnsanlar televizor qarşısında hər yeni xəbəri həyəcanla gözləyir, azad edilən yaşayış məntəqələrinin adlarını eşidəndə sevinc göz yaşlarını saxlaya bilmirdilər. Bu, sadəcə müharibə xəbərlərinə maraq deyildi. Bu, illərlə ürəyində Vətən həsrəti daşıyan bir xalqın öz torpağına qovuşmaq arzusunun gerçəkləşməsi idi.
Şuşa uğrunda döyüşlər isə bu tarixin ən unudulmaz səhifələrindən birinə çevrildi. Sıldırım qayalar, çətin relyef və düşmənin müdafiə mövqeləri Azərbaycan xüsusi təyinatlılarının qarşısını ala bilmədi. Şuşanın azad edilməsi hərbi tariximizdə misilsiz əməliyyatlardan biri kimi yadda qaldı. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbəri bütün ölkədə böyük sevinc və qürur hissi yaratdı. Bu xəbər Azərbaycan xalqına yalnız bir şəhərin azad edilməsini deyil, milli qürurunun və tarixi yaddaşının yenidən bütövləşməsini yaşatdı. 44 günün hər birində irəliyə doğru atılan addımların arxasında Azərbaycan əsgərinin fədakarlığı, şəhidlərimizin canı və qazilərimizin sağlamlığı dayanırdı. Ona görə də Zəfər Gününü yalnız sevinc günü kimi qəbul etmək doğru olmazdı. Bu gün həm də böyük ehtiram, minnətdarlıq və məsuliyyət günüdür. Biz azadlığımızın hansı qiymətə başa gəldiyini unutmamalıyıq. Şəhidlərimizin adları, onların yarımçıq qalan arzuları və ailələrinin çəkdiyi ağrı bu qələbənin mənəvi məsuliyyətini hər birimizin üzərinə qoyur.10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan özünün ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə etdi. Lakin Zəfərin əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmırdı. Bu qələbə göstərdi ki, dövlətin siyasi iradəsi, güclü ordusu, xalqın birliyi və milli məqsəd ətrafında səfərbərliyi birləşəndə ən mürəkkəb tarixi məsələlər belə həllini tapa bilər.
Bu gün azad edilmiş ərazilərimizdə həyat yenidən qurulur. Bir zamanlar dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimizdə yeni evlər, yollar, məktəblər, xəstəxanalar inşa edilir. İnsanlarımız doğma yurdlarına qayıdır, illərlə həsrətində olduqları torpaqlarda yenidən yaşayış başlayır. Deməli, Zəfər yalnız döyüş meydanında qazanılmış nəticə deyil, həm də quruculuq, dirçəliş və gələcək nəsillərə ötürülən böyük bir mirasdır.44 günün bizə öyrətdiyi ən mühüm həqiqətlərdən biri budur: Vətən sevgisi yalnız sözlə deyil, əməl və məsuliyyətlə sübut olunur. Azərbaycan əsgəri bunu döyüş meydanında göstərdi. İndi bizim borcumuz həmin Zəfərin mənasını qorumaq, dövlətimizin inkişafına töhfə vermək, milli birliyimizi möhkəmləndirmək və gələcək nəsillərə həqiqi tariximizi çatdırmaqdır.8 Noyabr – Zəfər Günü hər il təqvimdə qeyd olunan adi bir tarix deyil. Bu tarix 44 gün ərzində irəliyə doğru atılan addımların, bir xalqın sarsılmaz iradəsinin, dövlətimizin qətiyyətinin və əsgərimizin qəhrəmanlığının təcəssümüdür.Biz həmin 44 günü heç vaxt unutmamalıyıq. Çünki o günlərdə Azərbaycan yalnız torpaqlarını azad etmədi, həm də öz gücünü, iradəsini və gələcəyini müəyyən etmək əzmini bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində Ordumuz hər gün irəli getdi. Bu gün isə həmin irəliləyişin nəticəsi olaraq azad torpaqlarımızda gələcəyə doğru addımlayırıq. Zəfərimiz əbədi, şəhidlərimizin xatirəsi daim uca olsun!
