
Seçicilərin etimadı, insanlara xidmət prinsipi və ictimai məsuliyyət Novruz Aslanovun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir
Deputatlıq yalnız parlament kürsüsündən çıxış etmək, qanunvericilik prosesində iştirak etmək və siyasi qərarların qəbulunda təmsil olunmaq deyil. Bu missiya, ilk növbədə, insanlarla birbaşa təmasda olmaq, onların problemlərini dinləmək, qayğı və ehtiyaclarını aidiyyəti qurumların diqqətinə çatdırmaq, mümkün həll yollarının tapılması üçün ardıcıl fəaliyyət göstərməkdir. Seçicinin etimadını qazanmaq nə qədər məsuliyyətlidirsə, bu etimadı doğrultmaq ondan da böyük məsuliyyət tələb edir.
VII çağırış Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun iki illik fəaliyyət hesabatı da məhz bu yanaşmanın, ictimai məsuliyyətin və insanlara xidmət prinsipinin ifadəsi kimi diqqət çəkir.
Novruz Aslanov ənənəvi olaraq iki illik deputatlıq fəaliyyətinin nəticələrini əks etdirən hesabat toplusu hazırlayaraq onu ölkə rəhbərliyinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, beynəlxalq təşkilatlara, tərəfdaş qurumlara və seçicilərinə təqdim edir. Bu, sadəcə görülmüş işlərin siyahıya alınması deyil, həm də deputat-seçici münasibətlərində hesabatlılıq, şəffaflıq və qarşılıqlı etimad prinsiplərinə verilən önəmin göstəricisidir.
Seçicilərin problemləri diqqət mərkəzində
İkiillik fəaliyyət dövründə deputatın əsas prioritetlərindən biri seçicilərlə birbaşa əlaqələrin gücləndirilməsi, onların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla əməkdaşlığın genişləndirilməsi olub.
Novruz Aslanovun yanaşmasına görə, deputatın fəaliyyəti yalnız qanunvericilik təşəbbüsləri və parlament müzakirələri ilə ölçülə bilməz. Seçicilərin gündəlik həyatında qarşılaşdıqları çətinliklərə həssas münasibət göstərmək, sosial, məişət və infrastruktur problemlərinin həllinə töhfə vermək də deputatlıq missiyasının mühüm tərkib hissəsidir.
Bu baxımdan ötən iki il ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ümumilikdə 109 sorğu və məktub göndərilib. Onlardan 68-nə cavab daxil olub. Cavabların 17-si müsbət, 11-i mənfi olub, 40 müraciət isə icraata götürülüb.
Bu rəqəmlər seçicilərin müraciətlərinin aidiyyəti qurumlar qarşısında qaldırılması və problemlərin həlli üçün aparılan işlərin konkret göstəricisidir. Əslində, hər bir müraciətin arxasında bir insanın qayğısı, ailənin ehtiyacı, bəzən isə uzun müddətdir həllini gözləyən sosial problem dayanır. Ona görə də deputatın bu məsələlərə fərdi yanaşması, vətəndaşların səsini eşitməsi və onların problemlərinin həlli üçün ardıcıl fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır.
Novruz Aslanovun fəaliyyətində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı da mühüm yer tutur. Müxtəlif vaxtlarda şəhid ailələrinin ziyarət edilməsi, qazilər və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və sosial ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi bu istiqamətdəki fəaliyyətin əsas məzmununu təşkil edir.
Bu münasibət yalnız ictimai vəzifənin icrası kimi deyil, həm də Vətən qarşısında mənəvi borc və məsuliyyət kimi dəyərləndirilir. Çünki torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin ailələrinə, sağlamlığını itirən qəhrəmanlarımıza diqqət və qayğı göstərmək hər birimizin mənəvi öhdəliyidir.
Humanitar fəaliyyət – insan amilinə xidmət
Novruz Aslanovun ictimai fəaliyyətinin digər mühüm istiqaməti rəhbərlik etdiyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar missiyasıdır.
Azərbaycanın ənənəvi humanitar təsisatlarından biri olan Qızıl Aypara Cəmiyyəti insanların həyatının və sağlamlığının qorunması, ehtiyacı olan şəxslərə yardım göstərilməsi, humanizm və həmrəylik prinsiplərinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Ötən iki il ərzində Cəmiyyət tərəfindən müxtəlif sosial qruplara, aztəminatlı və ehtiyacı olan ailələrə, eləcə də mülki əhaliyə ərzaq və qeyri-ərzaq yardımları göstərilib. Bu fəaliyyətin həyata keçirilməsində yerli donorlarla yanaşı, beynəlxalq tərəfdaşların və donor təşkilatlarının dəstəyi də mühüm rol oynayıb.
Burada diqqət çəkən əsas məqam humanitar fəaliyyətin yalnız maddi yardım göstərilməsi ilə məhdudlaşmamasıdır. Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti həm də cəmiyyətdə mərhəmət, xeyirxahlıq, qarşılıqlı dəstək və sosial həmrəylik dəyərlərinin möhkəmləndirilməsinə xidmət edir.
Humanitar missiyanın uğurla həyata keçirilməsi üçün könüllülərin fəaliyyəti, tərəfdaşlarla əməkdaşlıq və donor dəstəyi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan yerli və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi Cəmiyyətin fəaliyyət imkanlarını genişləndirən mühüm amillərdəndir.
İki istiqamət, vahid məqsəd – insanlara xidmət
Əslində, Novruz Aslanovun deputatlıq və humanitar fəaliyyəti fərqli institusional istiqamətlər olsa da, onları birləşdirən ortaq məqam insan amilinə verilən dəyərdir. Bir tərəfdən, Milli Məclisin deputatı kimi seçicilərin problemlərinin həlli üçün dövlət qurumları ilə əməkdaşlıq edir, digər tərəfdən isə Qızıl Aypara Cəmiyyətinin prezidenti kimi humanitar yardıma ehtiyacı olan insanların yanında olmağa çalışır.
Bu iki fəaliyyət istiqaməti ictimai məsuliyyətin müxtəlif təzahürləridir. Deputatlıq vətəndaşların sosial problemlərinin həllinə, hüquq və mənafelərinin müdafiəsinə xidmət edirsə, humanitar fəaliyyət daha çox ehtiyac içində olan insanlara dəstək göstərilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması və cəmiyyətdə həmrəylik mühitinin gücləndirilməsi məqsədi daşıyır.
Novruz Aslanovun ikiillik hesabatında da bu yanaşma aydın görünür. Onun qarşıdakı dövr üçün əsas hədəfləri seçicilərin etimadını doğrultmaq, vətəndaş müraciətlərinin həllinə töhfə vermək, dövlət qurumları ilə əməkdaşlığı davam etdirmək, parlament fəaliyyətində fəal iştirak etmək, eyni zamanda, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar fəaliyyətinin əhatə dairəsini genişləndirməkdən ibarətdir.
Bu məqsədlərin reallaşmasında dövlət qurumları, yerli və beynəlxalq tərəfdaşlar, qeyri-hökumət təşkilatları, Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülərlə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Hesabatlılıq – etimadın mühüm göstəricisi
İkiillik fəaliyyət hesabatının ictimaiyyətə təqdim olunması həm də mühüm bir mesajdır: deputatın fəaliyyəti seçicilərin etimadına əsaslanır və bu etimad görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflərlə təsdiq olunmalıdır.
Novruz Aslanovun hesabatı bu baxımdan parlament təmsilçiliyi ilə ictimai-humanitar fəaliyyətin qarşılıqlı əlaqəsini nümayiş etdirir. Əsas məsələ yalnız görülən işləri sadalamaq deyil, qarşıdakı dövrdə də həmin məsuliyyətin davam etdirilməsidir.
Çünki ictimai etimad qazanmaq bir prosesdirsə, onu qorumaq davamlı fəaliyyət, prinsipiallıq və məsuliyyət tələb edir. İnsanların qayğılarına şərik olmaq, onların problemlərinin həlli üçün çalışmaq və ehtiyacı olanlara yardım əlini uzatmaq isə hər zaman dəyərini qoruyan mənəvi missiyadır.
Məhz bu baxımdan Novruz Aslanovun ikiillik fəaliyyət hesabatı təkcə deputatlıq fəaliyyətinin nəticələrinin təqdimatı deyil, həm də insanlara xidmət, ictimai məsuliyyət və humanitar dəyərlərə sadiqliyin ifadəsi kimi qiymətləndirilə bilər.
Bəradər Səməndərli
"Atributinfo.az"

