![]()
Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqillik Bəyannaməsini dövlət əleyhinə mətn adlandırıb. Paşinyan bildirib ki, orada yerləşdirilmiş ideologiyanı rədd etmək respublikanın milli maraqlarına uyğundur. “Belə bir mətnlə müstəqil dövlətin olması mümkün deyil. Bu mətn bir dövlətin mövcudluğunun qeyri-mümkünlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, - deyə Paşinyan brifinqdə bildirib.

Paşinyanın sözlərinə görə, yeni Konstitusiyanın hazırlanması Ermənistan dövlətinin davamlılığını təmin etmək zərurətindən irəli gəlir. Erməni Baş nazir Ermənistan vətəndaşlarının bu ideyanı dəstəkləyəcəyinə əminliyini bildirib.
Musavat.com bildirir ki, Paşinyanın ardınca Ermənistan parlamentinin spikeri Ruben Rubinyan müxalifət fraksiyalarını yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasına imkan yaratmağa, eyni zamanda sənədin əleyhinə kampaniya aparmaq hüquqlarını qorumağa çağırıb. “Onlara parlamentdə bu sənədin sırf texniki baxımdan irəliləməsi və xalqın qərar verməsinə imkan yaradılması üçün lazımi sayda səs toplamağa nə mane olur? Tutaq ki, onlar haqlıdırlar və bu, həqiqətən də çox pis Konstitusiyadır. Elə isə onun xalqın mühakiməsinə çıxarılmasına imkan versinlər. “Əleyhinə” kampaniyasına rəhbərlik etsinlər, mövqelərini vətəndaşlara izah etsinlər, qərarı isə xalq özü versin”, – parlamentin spikeri bildirib.
Maraqlıdır, Baş nazirin və spikerin bəyanatları yaxın aylarda referendum hazırlıqlarını başlanacağını ümid yaradırmı? Müxalifət bu çağırışı necə qiymətləndirə bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a açıqlamasında olduqca maraqlı məqamlara toxunub:
“Paşinyanın verdiyi son bəyanatlar göstərir ki, yeni konstitusiyanın hazırlanması və referendum keçirilməsi məsələsi artıq təkcə hüquqi deyil, həm də ciddi siyasi və geosiyasi məsələdir. Rəhbərliyin Ermənistanın Müstəqillik Bəyannaməsindəki ideoloji yanaşmanı dövlətçilik baxımından problemli hesab etməsi hamı üçün mühüm siyasi mesajdır. Məlumdur ki, bu sənəddə Azərbaycan ərazilərinə, xüsusilə Qarabağa dair ərazi bütövlüyü ilə bağlı iddialarla əlaqələndirilən müddəalar mövcuddur. Bu isə Ermənistanın gələcək xarici siyasət kursu və Azərbaycanla münasibətlərin normallaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Paşinyanın açıqlamaları Ermənistanın siyasi rəhbərliyinin cəmiyyəti yeni reallıqlara hazırlamaq cəhdi kimi qiymətləndirilməlidir”.
A.Nağıyevin sözlərinə görə, burada əsas məsələ Ermənistanın müstəqil dövlət kimi gələcəyini hansı siyasi və hüquqi prinsiplər üzərində qurmaq istəməsidir: “Referendumun yaxın aylarda keçirilməsi ehtimalına gəldikdə, Paşinyan artıq yeni konstitusiya layihəsinin noyabr ayında ictimaiyyətə təqdim ediləcəyini, müzakirələrdən sonra parlamentə çıxarılacağını bildirib. Məlumdur ki, referendumun keçirilməsi adi proses deyil. Ermənistan parlamentində bunun üçün deputatların azı üçdə ikisinin dəstəyi tələb olunur. Hakim partiyanın isə bu sayda səsi yoxdur. Müxalifətin mövqeyi də kifayət qədər mürəkkəbdir. Onlar Paşinyanın təşəbbüsünü Azərbaycanın tələblərinə güzəşt və Ermənistanın tarixi-siyasi kimliyindən imtina kimi təqdim etməyə çalışırlar”.
Komitə rəhbəri revanşistlərin açıq şəkildə ortaya çıxmalarına diqqət çəkib: “Artıq parlamentdəki müxalifət fraksiyalarından biri referendumun keçirilməsinə dəstək verməyəcəyini açıq bəyan edib. Digər müxalifət qüvvələrinin də müqaviməti qacılmazdır və prosesi çətinləşdirir. Azərbaycan-Ermənistan sülh prosesi baxımından isə məsələnin xüsusi əhəmiyyəti var. Azərbaycanın istəyi budur ki, Ermənistanın Konstitusiyasında və ona istinad edən hüquqi-siyasi sənədlərdə ölkəmizin ərazi bütövlüyünə qarşı hər hansı iddia üçün zəmin qalmasın. Bu, Ermənistanın daxili işlərinə müdaxilə deyil, gələcək sülhün hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi məsələsidir”.
A.Nağıyev həmçinin bildirib ki, bundan başqa, Konstitusiya dəyişikliyi öz-özlüyündə sülh müqaviləsinin imzalanmasına tam təminat vermir: “Bununla yanaşı, qarşılıqlı öhdəliklərin icrası, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regional təhlükəsizlik məsələləri də öz həllini tapmalıdır. Paşinyanın son bəyanatları Ermənistan cəmiyyətində revanşist düşüncədən uzaqlaşmaq və yeni dövlətçilik fəlsəfəsi formalaşdırmaq istiqamətində müəyyən siyasi iradənin göstəricisidir. Lakin əsas məsələ bəyanatların real siyasi və hüquqi qərarlara çevrilməsidir”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan sülhə hazırdır, lakin bu sülh qarşılıqlı etimad, ərazi bütövlüyünün tanınması və bir-birinin suverenliyinə hörmət prinsipləri üzərində qurulmalıdır: “Bizim üçün əsas olan Ermənistanın hansı siyasi mübarizə aparması deyil, regionda uzunmüddətli və dönməz sülhün təmin edilməsidir. Son nəticə olaraq qeyd edək ki, referendum sülh prosesinə yeni imkanlar aça bilər. Amma sülhün taleyini yalnız referendumun keçirilməsi deyil, Ermənistanın bundan sonra atacağı konkret addımlar müəyyən edəcək”.
Elşad Paşasoy
