Sizin reklam burada
Sizin reklam burada
  • Bayraq Günü – Azərbaycanın azadlıq və müstəqillik simvolu

     

    Aygün Həsənova,

        YAP Göygöl rayon təşkilatının məsləhətçisi

         Hər dəfə üçrəngli bayrağımızın dalğalandığını görəndə insanın qəlbində xüsusi bir qürur hissi yaranır. Çünki bu bayraq xalqımızın hansı çətinliklərdən keçdiyini, dövlət müstəqilliyi uğrunda necə mübarizə apardığını və bu gün hansı qüdrətə sahib olduğunu özündə əks etdirir. 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən dövlət bayrağı kimi qəbul edilib. Bu qərar xalqımızın müstəqil yaşamaq iradəsinin, öz dövlətini qurmaq əzminin və milli dəyərlərinə bağlılığının bariz nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə qəbul edilmiş üçrəngli bayraq isə xalqımızın yaddaşında müstəqilliyin rəmzi kimi yaşamaqda davam etdi. Bayrağımızın hər bir rəngi dərin məna daşıyır. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə İslam mədəniyyətinə və mənəvi dəyərlərimizə bağlılığımızı ifadə edir. Bu üç rəng bir araya gələrək Azərbaycan xalqının dünyagörüşünü, tarixi köklərini və gələcəyə baxışını əks etdirir. Bayrağımızın üzərindəki aypara və səkkizguşəli ulduz da milli dövlətçilik rəmzlərimizin ayrılmaz hissəsidir. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız dövlətimizin əsas atributlarından biri kimi qəbul edildi. Bu, xalqımızın uzun illər qəlbində yaşatdığı arzunun gerçəkləşməsi idi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli ideologiyanın formalaşdırılması və dövlət rəmzlərinə hörmətin artırılması istiqamətində mühüm işlər görüldü. Bayrağımızın xalqın mənəvi həyatında tutduğu yer daha da möhkəmləndi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq tədbirlərdə və mötəbər tribunalarda qürurla dalğalanır. Dövlətimizin artan nüfuzu, iqtisadi və siyasi gücü, beynəlxalq münasibətlərdə tutduğu mövqe bayrağımızın daşıdığı mənanı daha da zənginləşdirir. Bayrağımız artıq yalnız müstəqilliyimizin deyil, həm də güclü dövlətimizin və qalib xalqımızın rəmzidir. 44 günlük Vətən müharibəsi isə üçrəngli bayrağımızın tarixində yeni və şərəfli bir səhifə açdı. Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın milli birliyi və siyasi həmrəyliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Müharibə günlərində hər bir Azərbaycan vətəndaşının gözü cəbhədə, ürəyi əsgərlərimizin yanında idi. İnsanlarımız evlərinin eyvanlarından, avtomobillərindən, iş yerlərindən bayrağımızı asaraq Vətənə bağlılığını nümayiş etdirirdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması xalqımız üçün sözlə ifadə olunmayacaq qədər böyük sevinc və qürur idi. Xüsusilə Şuşanın azad olunması və üçrəngli bayrağımızın bu qədim şəhərdə ucaldılması tariximizin ən unudulmaz hadisələrindən birinə çevrildi. Bu gün həmin torpaqlarda aparılan bərpa-quruculuq işləri, yeni yolların, yaşayış məntəqələrinin, məktəblərin və digər infrastrukturun yaradılması dövlətimizin gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Bayraq sevgisi yalnız bayram günlərində onu əlimizə alıb dalğalandırmaqdan ibarət deyil. Bayrağa hörmət etmək, ilk növbədə, dövlətinə, xalqına, tarixinə və milli dəyərlərinə hörmət etmək deməkdir. Hər bir vətəndaş öz fəaliyyəti, davranışı və dövlətinə sədaqəti ilə bu bayrağın ucalığına töhfə verməlidir. Xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, dövlət rəmzlərimizin mənasını dərindən öyrənməsi mühüm əhəmiyyət daşıyır. Çünki bu günün gəncləri sabah Azərbaycanın inkişafını davam etdirəcək, dövlətimizin gələcəyini qoruyacaq insanlardır. Biz uşaqlarımıza bayrağımızın tarixini öyrətməli, onlara izah etməliyik ki, bu bayrağın arxasında böyük bir xalqın mübarizəsi, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və milyonlarla insanın arzusu dayanır. Bayrağımızı sevmək Vətəni sevməkdir. Onu qorumaq isə müstəqilliyimizi, suverenliyimizi və milli birliyimizi qorumaq deməkdir. Azərbaycanın üçrəngli bayrağı bu gün azad səmalarda dalğalanır. Bu bayraq heç bir çətinlik qarşısında əyilməyən xalqımızın iradəsini, öz torpağına sahib çıxan dövlətimizin gücünü və müstəqil gələcəyə inamını ifadə edir. Bizim üçün bayrağın ucalığı dövlətimizin ucalığı, onun dalğalanması isə müstəqilliyimizin əbədi yaşamasının rəmzidir. Bayrağımız bizim tariximiz, milli kimliyimiz, azadlıq istəyimiz, müstəqilliyimiz və gələcəyə olan inamımızdır.


        



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ