Sizin reklam burada
Sizin reklam burada
  • Tarixi Zəfərimiz xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsidir

    Natiq Allahverdiyev

    YAP Qax rayon təşkilatının sədri:                                  

    Tarix bəzən xalqların yaddaşına ağır itkilərlə, bəzən də əsrlər boyu unudulmayan qələbələrlə yazılır. Azərbaycan xalqının müasir tarixində isə elə bir səhifə var ki, orada ayrılıq ağrısı ilə qayıdış sevinci, şəhidlərin qanı ilə yoğrulmuş mübarizə ilə milli iradənin təntənəsi birləşir. 8 Noyabr – Zəfər Günü məhz belə bir tarixi səhifədir. Bu gün otuz ilə yaxın davam edən torpaq həsrətinin sona çatdığı, Azərbaycanın öz gücünə, ordusuna və haqqına söykənərək tarix qarşısında yarımçıq qalmış ədaləti bərpa etdiyi gündür.

    8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar yaratdı. Bu Zəfər güclü dövlət quruculuğunun, məqsədyönlü siyasətin və xalq-ordu birliyinin məntiqi nəticəsi kimi tarixə düşdü.

    44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll edən mərhələlərdən biri oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və milli iradəsinin təntənəsi idi. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Beləliklə, ölkəmiz həm döyüş meydanında, həm də informasiya müstəvisində öz maraqlarını qətiyyətlə müdafiə etdi. Vətən müharibəsi xalq-ordu birliyinin gücünü də bütün dünyaya göstərdi. Vətəndaşlarımızın ön və arxa cəbhədə nümayiş etdirdiyi həmrəylik, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların fəallığı “Dəmir yumruq” ifadəsini milli birliyin rəmzinə çevirdi.

    Zəfərin ən mühüm nəticələrindən biri Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin başlanmasıdır. Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının, müasir infrastrukturun qurulmasının və dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir. Azad edilmiş ərazilərdə yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış binaları inşa olunur. İqtisadi fəaliyyətin bərpası, yeni iş yerlərinin yaradılması və sosial xidmətlərin təşkili istiqamətində tədbirlər görülür. 2020–2026-cı illərdə bu ərazilərin bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb, 2027-ci ildə isə əlavə 3,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

    Azərbaycanın Zəfəri təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və əməkdaşlıq platformasının yaradılması üçün tarixi imkandır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyəti, səyləri, şəhidlərimizin qanı və canı bahasına, qazilərimizin rəşadəti ilə qazanılan bu şanlı Qələbə Azərbaycan xalqının birlik və həmrəyliyinin ən ali təzahürüdür. Tarixi Zəfərimizin ardınca 2023-cü ilin sentyabrında suverenliyimizin  tam bərpasının sevincini yaşadıq. Yeni dövrə qədəm qoyan Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Zəfərlərimiz milli ruhun təntənəsi, azərbaycançılıq ideologiyasının sarsılmazlığının sübutudur.

    Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və rəsmi Bakının fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. Böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işləyən, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandıran, bu məsələdə maneə olan güclərin müqavimətini sındıran, tarixi ədaləti bərpa edən Prezident İlham Əliyev müharibədən ötən 6 ildə mühüm əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı.

    İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır.

    Vətən torpaqlarının bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarından keçərək şəhadətə ucalan əsgər və zabitlərimiz Azərbaycan xalqının əbədi qürur mənbəyi və şərəf tarixidir. Şəhidlərimizin döyüş yolu xalqımızın yaddasında əbədi bir qəhrəmanlıq dastanı kimi daim canlanacaq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ