"Atributinfo.az" Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin Plat.az-a müsahibəsini təqdim edir:
- Razi müəllim, deputat olmaqla bərabər, həm də partiya sədrisiniz. Elə istəyirik söhbətə də bu məsələdən başlayaq. Deputat olmaqla partiya sədri olmaq arasında məsuliyyət fərqini necə izah edərsiniz?
- Həm siyasi partiya sədri olmaq, həm də Milli Məclisin deputatı olmağın ayrı-ayrılıqda məsuliyyətləri var. Təbii ki, Milli Məclisin deputatı olmaq daha məsuliyyətlidir. Çünki sən öz seçicilərin qarşısında, dövlətin qarşısında, xalqın qarşısında daha ciddi bir dövlət adamı kimi məsuliyyət daşıyırsan.
Və konkret insanlardan, sənin statusundan və məsuliyyətindən irəli gələn vəzifələrlə bağlı gözləntilər də böyükdür. O gözləntiləri doğrultmaq daha çətindir. Həm dövlətin gözləntisi var, həm insanların gözləntisi var, ölkənin gözləntisi var, həm də seçicilərin gözləntisi var. Ümumilikdə, bütün Azərbaycan vətəndaşlarının gözləntisi var və təbii ki, bu gözləntilərin hamısına bərabər şəkildə cavab vermək insana hər zaman müyəssər olmur. Amma buna çalışırıq.
Siyasi partiyada birinci növbədə öz üzvlərinin qarşısında məsuliyyət daşıyırsan, partiyanın inkişafı ilə bağlı məsuliyyət daşıyırsan və qərarların verilməsi və icra olunması ilə də bağlı kifayət qədər məsuliyyətlərin var. Siyasi partiyanın da daşıdığı məsuliyyət çox ciddidir. Bəzi ümummilli məsələlərdə, dövlətin mənafeyinə toxunacaq məsələlərdə partiyanın mövqeyinin əsaslandırılması və qərarların verilməsi ilə bağlı çox ciddi məsuliyyətlər yaranır. Əgər sən dövlətin ümummilli məsələləri müzakirə olunan zaman hər hansı bir səhvə – səhv bəyanata, səhv yanaşmaya, səhv müsahibəyə yer verərsənsə, sonra bunun altından çıxmaq həm dövlət qarşısında, həm də insanlar qarşısında çox çətin olur. Bu baxımdan rəhbərlik etdiyim Milli Cəbhə Partiyası ümummilli məsələlərdə daima dövlətlə bərabər, hökumətlə bərabər vahid mövqe sərgiləyib və mövqeyimizdə dəyişiklik yoxdur.

Hər halda həm siyasi partiya sədri kimi, həm də Milli Məclisin deputatı kimi ayrı-ayrılıqda məsuliyyətlər var və bu məsuliyyətlər birləşəndə daha böyük öhdəliklərə çevrilir. Çalışırıq ki, öhdəsindən gələk. Allah bizi və millətimizi utandırmasın.
- Hazırda Milli Məclisdə yeni layihələrin hazırlanması istiqamətində hansı fəaliyyətləriniz var?
- Mənim iki məsələ ilə bağlı Milli Məclisdə və Milli Məclisin payız sessiyasında iş planı müzakirə olunanda təkliflərim olub. Həmin iclasda bilavasitə təklifimi səsləndirmişəm. Payız sessiyasının iş planına daxil edilməsini təklif etdiyim məsələlərdən biri də “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” kompleks qanun layihəsinin hazırlanmasıdır. Bu, sosial vəziyyət haqqında, ümumiyyətlə uşaq pulu, valideyn və sosial hüquqlara aid qanun layihəsi ilə bağlı təklifdir.
Çünki gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Bu məsuliyyətin yalnız ailənin üzərinə düşməməsi, dövlətin də bütün mərhələlərdə ailənin yanında olması vacibdir.
Dünya təcrübəsi göstərir ki, effektiv ailə siyasəti yalnız uşaq müavinətləri ilə məhdudlaşmır. Buraya mənzil təminatı, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və uşağın gələcək maliyyə təhlükəsizliyi daxildir.
Azərbaycanda bu istiqamətlərdə müxtəlif dövlət dəstəyi mexanizmləri mövcuddur. Lakin onlar ayrı-ayrı qanunlarda, proqramlarda və xidmətlərdə dağınıq şəkildə təqdim olunur. Nəticədə vətəndaş bəzən öz hüquq və imkanlarından istifadə etməkdə çətinlik çəkir.
Təklif etdiyimiz qanunun məqsədi mövcud dəstək mexanizmlərini əvəzləmək deyil, onları vahid hüquqi çərçivədə birləşdirmək, sistemləşdirmək, əlçatan etmək və yeni kompleks xidmətlərlə zənginləşdirməkdir. Çünki hüququn qanunda yazılması yox, insanın həmin hüquqdan real istifadə edə bilməsi əsasdır.
Bu sistemdə gənc ailələrin mənzil təminatı xüsusi yer tutmalıdır. Bu gün bir çox gənc üçün əsas sual “uşaq pulu nə qədər olacaq?” deyil, “harada yaşayacağıq?” sualıdır. Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə güzəştlər nəzərdən keçirilməlidir.
Eyni zamanda, uşaq bağçalarının əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti təmin olunmalıdır ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Təhsil və inkişaf imkanlarına dövlət dəstəyi isə uşağın gələcəyinə investisiya kimi qiymətləndirilməlidir.
Əsas yanaşmamız belə olmalıdır: dövlət ailəyə sadəcə övlad sahibi olmağı tövsiyə edən deyil, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir. Gənc ailə bilməlidir ki, mənzil, uşaq baxımı, təhsil və əmək həyatı ilə bağlı məsələlərdə tək deyil.
Çünki demoqrafik problemləri inzibati çağırışlarla həll etmək mümkün deyil. İnsan gələcəyinə, ailəsinin və övladının təhlükəsizliyinə əmin olduqda daha inamlı qərar verir.
Bu, yalnız demoqrafik siyasət deyil, insan hüquqları, ailənin sosial təminatı və Azərbaycanın gələcəyinə investisiya məsələsidir. Məqsədimiz sadəcə daha çox uşağın dünyaya gəlməsi deyil, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüdüyü, ailələrin gələcəyə inamla baxdığı cəmiyyət qurmaqdır.
Bu səbəbdən təklif etdim ki, “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin hazırlanması Milli Məclisin payız sessiyasının iş planına daxil edilsin və bu istiqamətdə kompleks qanunvericilik işinə başlanılsın. Özüm isə bu qanunun hazırlanmasına başlamışam.
Bu qanunun qayəsində dayanan məsələ odur ki, biz ailələrə, valideynlərə, uşaqlara yardım məsələsinə yalnız uşaq pulunun verilməsi anlamında yanaşmamalıyıq. Bu anlayış daha böyükdür və dünya təcrübəsində də təsdiq olunub. O baxımdan ümumilikdə Azərbaycanın gələcək inkişafını, ölkəmizin coğrafiyasını, o cümlədən milli artımı və demokratik vəziyyətlə bağlı uşaqların doğulma tempini nəzərə alaraq bu qanunu qəbul etməliyik. Bu qanunda ailələrin, valideynlərin, uşaqların sosial vəziyyəti və inkişafı nəzərə alınmalıdır.
Cəmiyyətin inkişafı, iqtisadiyyatımızın inkişafı, demokratik vəziyyət yalnız uşaq pulunun verilməsi ilə ölçülmür. Bu həm də vətəndaşların ipoteka kreditlərinə əlçatanlığı, ucuz bank faiz kreditlərinə əlçatanlığı, mənzil sahibi olması, yəni sosial mənzillərə sahiblənməsi, kənd və rayon yerlərində müəyyən bir imtiyazlara malik olması, sosial vəziyyəti ilə bağlı uşaq doğulandan böyüyünə qədər dövlət dəstəyini hiss etməsini əhatə etməlidir. Yəni valideyn və dövlət uşağın böyüməsində bərabər iştirak edir. Onsuz da bu gün dövlətimiz 30 adda müxtəlif sosial təminatlar tanıyır. Bunlar çox yaxşıdır, amma bu təminatlar həm də dağınıq haldadır.
Bütövlükdə mənim təklif etdiyim qanunda dövlətin sosial təminatları vahid şəkildə birləşir, dediyim bütün sosial məsələlərlə bağlı – ev əlçatanlığı, kredit əlçatanlığı, sosial mənzil əlçatanlığı, iş əlçatanlığı, səhiyyə, sosial xidmətlər – hamısı bir qanunda cəmlənir və dövlət tərəfindən valideynlərə, uşaqlara və ailələrə dəstək göstərilir. Bu, həm dövlətin büdcəsinə qənaət etməyə, həm də bütövlükdə Azərbaycan vətəndaşlarını razı salmağa xidmət edir.
Bununla bərabər, həm də bu qanunun qəbul olunması ilə cəmiyyətdə müəyyən bir tarazlıq yaratmaqla iqtisadi inkişafımıza da töhfə verə bilər. Çünki burada həm də uşaq sahibi olan qadınların iş şəraiti, işləmə tempi, uşaq bağçalarına əlçatanlığı, məktəb, təhsil hamısı bir yerdə nəzərdə tutulub. Bu gün, demək olar ki, əksər valideynlər uşaqlarını müəllim yanına göndərirlər. Bu isə onlara əlavə xərc yaradır.
Bu gün uşaq doğumu aşağı düşür. Gələcəkdə Azərbaycanda bununla bağlı bir böhran yarana bilər. Bütün bunlar da cəmiyyətimizin və iqtisadiyyatımızın inkişafına mənfi təsir göstərə bilər.

İkinci qanun isə, kənd yerlərinin, regionların inkişafı ilə bağlı qanun layihəsidir. Müvafiq şöbələrə – Milli Məclisə, müvafiq dövlət qurumuna təqdim edəcəm. Bu da kənd yerlərinin inkişafı ilə bağlıdır. Çünki sadəcə bəyanatlarla problemi həll etmək olmur. Yəni əgər insan o infrastrukturu, o inkişafı, işi, gələcəyi kənddə görmürsə, təbii ki, şəhərə köçəcək. Üzərində işlədiyim layihə də o infrastrukturun, o inkişafın kənddə də yaradılması ilə bağlıdır. Əgər kənddə biz o inkişafa nail ola bilsək, kənddə kənd təsərrüfatı, kiçik və yüngül sənaye, insanların sosial təminatı, təhsil, səhiyyə, kənd yerlərində insanların, gənclərin asudə vaxtlarını keçirməsi ilə bağlı nələrəsə nail ola bilsək, təbii ki, insanlar da heç də şəhərdə yaşamaq istəməzlər.
Bəlkə də əvvəllər şəhərdə yaşamaq imtiyaz sayılırdı və şəhər insanları kənddə yaşayanlara biraz belə deyək ki, dünya görüşü zəif, geridə qalan, daha fərqli yanaşırdılar, amma bu gün artıq şəhərdə yaşayanların hamısı kəndə köçmək istəyir. Bu gün kənddə yaşamaq böyük imtiyazdır, böyük bir xoşbəxtlikdir, amma təbii ki, əgər o insanların sosial təminatı varsa... Mənim dostlarım var, yoldaşlarım var, onlar hamısı əgər mümkün şərait olarsa, qazanc əldə edə bilərlərsə, hamısı köçüb kəndlərdə, rayonlarda yaşamaq istəyirlər.
- Maraqlı məqama toxundunuz. Təklif etdiyiniz qanunda regionlarda işsizlik probleminin həlli üçün nəsə nəzərdə tutulurmu?
- Təbii ki, birinci növbədə işsizliyin aradan qaldırılması ilə bağlı təkliflər nəzərdə tutulur. Kəndlərin inkişafı ilə bağlı qanunda mənim ən vacib nəzərə tutduğum məsələ odur ki, birincisi, kommunal xidmətlərin qiymətləri aşağı salınmalıdır. Yəni qaza görə kənddə yaşayanlar şəhərdə yaşayanlardan daha az pul ödəməlidir. Bu bir stimuldur. Onların kreditlərə əlçatanlığı daha aşağı faizdə olmalıdır. Əgər kənd və rayonlarda kimsə ev tikmək istəyirsə, yaşamaq istəyirsə, ipoteka şərtləri onlar üçün iki dəfə, üç dəfə daha asanlaşmalıdır. Eyni zamanda, kənddə və rayonlarda işləmək istəyən həkimlərə, müəllimlərə və digər peşə sahiblərinə daha yüksək əmək haqqı təyin olunmalıdır ki, onların kənddə yaşamaq üçün stimulları olsun.
- Gənclərdən danışdınız. Müasir Azərbaycan gənclərinin potensialını və ölkənin gələcəyindəki rolunu necə qiymətləndirirsiniz? Yəni dövlətin verdiyi dəstək bir yana, bizim öz gənclərimiz nə edə bilərlər və bizim potensialımız nədədir?
- Birincisi, Azərbaycan gənclərini sıxışdırmaq lazım deyil. Azərbaycan gənclərinə dərs keçmək də lazım deyil. Bu gün mən görürəm ki, bir çox platformalarda kimin yaşı çoxdursa, vəzifəsi daha böyükdürsə, gənclərə dərs keçməklə, məsləhət verməklə məşğul olur. Mənə belə gəlir ki, bu gün Azərbaycan gənclərinə məsləhət və tövsiyə vermək haqqı 5-10% insanda var, ya yoxdur. Gənclərin potensiallarını düzgün dəyərləndirmələri üçün onlara şərait yaratmaq lazımdır, məsləhət vermək yox. Çünki bu gün süni intellekt dövrüdür və kitab bolluğu var. Gənclərin məsləhət almaq üçün çoxsaylı alternativləri mövcuddur. Heç kim bir kitabdan və süni intellektdən yaxşı məsləhət verə bilməz. Bu gün bütün gənclərin əlində telefonları var və onlar bir neçə süni intellekt alətindən istifadə edir. Oradan da min mütəxəssisin bir yerdə verəcəyi məsləhətdən daha yaxşısını 2-3 saniyə ərzində süni intellektdən ala bilərlər. Çünki süni intellekt onların bütövlükdə bu günə qədər dərc olunmuş fikirlərindən, yazdıqları kitablardan öyrənərək vacib məqamlardan ibarət məsləhət çıxarıb gənclərə təqdim edir.
O baxımdan, bu gün gənclərin potensialını dəyərləndirə bilməsi üçün imkanlar yaratmaq lazımdır. Gənclərimizin çoxlu ideyaları var, gənclərimizin çoxlu fikir və düşüncələri var, təşəbbüsləri var. O təşəbbüslərin dəstəklənməsi ilə bağlı müəyyən dövlət proqramları mövcuddur, amma bunlar kifayət etmir. Vəsait də zəifdir. Bu yaxınlarda TEI Forum çərçivəsində, “SABAH.city”də təşkil olunmuş görüşdə startapçılarla görüşdüm. Həmin layihələrin sərgisi var idi və hər birinə yaxınlaşıb, onlarla tanış oldum, layihələrini gördüm. Məndə belə bir fikir yarandı ki, bu layihələrin hər biri həyata vəsiqə qazanmağa layiqdir.

O insanlardan soruşdum ki, bu gün sizin layihələrinizin həyata keçirilməsinə nə qədər vəsait lazımdır? Biri dedi 5 000, biri dedi 10 000, biri dedi 50 000, biri dedi 350 000. Ümumilikdə belə deyək ki, 5000-dən 300 000 manata qədər olan layihələrdir və bunlara dəstək verilərsə, Azərbaycan bazarına çıxar, növbəti mərhələdə isə qlobal bazara çıxmaq üçün təşəbbüs göstərə bilərlər. Bəlkə də bu layihələr maliyyələşərsə, qlobal bazara çıxaraq milyardlarla dəyər qazanan şirkətlər ola bilərlər.
Bu gün dövlət səviyyəsində addımlar atılıb. Elə “SABAH.city”nin tikilməsi də buna nümunədir. 1 yanvar 2027-ci ildən startaplarla bağlı layihələrdən gəlir vergisi alınmayacaq, vergi güzəşti müddəti yeddi ilə qədər uzadılıb. Bu günə qədər bu müddət üç il idi. Onlar üçün digər imkanlar da yaradılıb. Amma mənə belə gəlir ki, bunlar da kifayət deyil. Yeni addımlar atılmalıdır. Təəssüflər olsun ki, həm Gürcüstan, həm Ermənistan bu sahədə bizdən xeyli irəlidədir.
Biz düşünürük ki, hər hansı bir sərmayəçi, özəl sektor, mələk investorlar onlara pul qoymalıdır. Amma hələ ki pul qoymurlar, düşünürlər. Hələ ki, o startap düşüncəsi formalaşmayıb. Ona görə də mən düşünürəm ki, ilk növbədə həmin layihələrin qiymətləndirilməsindən sonra dövlət vəsaiti hesabına onlara tələb olunan pul ayrılmalıdır. Birinci dövlətin himayəsi ilə onlar həyata vəsiqə almalıdır. Təbii ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin layihələri olur, onlar qrant şəklində məbləğlər verirlər. Amma onlar bir dəfə verəcək, iki dəfə verəcək, bununla o layihə tam uğur qazanacaq deyə bilmərik. Onlara əsaslı və davamlı vəsaitlər lazımdır. Ola bilsin ki, o layihələr bir gün dayansın, işləməsin, bəlkə də onlar bir müvəffəqiyyətsizliyə, uğursuzluğa düçar olacaqlar, amma bu dövləti qorxutmamalıdır. Biz dövlətdən ,məsələn, 50 milyon manatı ayırıb bu layihələrin inkişafına yönəltməliyik. Bəlkə 50 milyon manat batacaq, heç eybi yoxdur, amma biz ola bilsin bunun içərisindən iki-üç startapı qlobal bazara çıxara biləcəyik və onlar yaxın illər ərzində 100 milyon, 200 milyon, bəlkə də milyardlıq bir şirkətə çevrilərlər.
O baxımdan, bəli, mən təklif edirəm və düşünürəm ki, bu məsələ ilə bağlı da parlamentdə çıxış etməliyəm və təklif verməli, müvafiq dövlət qurumları ilə görüşməliyəm ki, dövlət hesabına bu kimi layihələri maliyyələşdirmək mümkün olsun.
- Bu məqsədə çatmaq üçün hansısa özəl və ya dövlət fondu yaratmaq mümkündürmü?
- Mümkündür. Qanunvericilik imkan verir. Mən parlamentdə bu təkliflə çıxış etmək istəyirəm. Çünki o gənclərlə görüşdüm, çox mütəəssir oldum, Onlardan sadə bir nümunə gətirəcəm. Gənclərdən biri “AgroService” adlı bir startap yaradıb. Mən onun yaratdığı bu startapa vuruldum. Söz verdim ki, səni həm Kənd Təsərrüfatı Nazirliyi ilə, həm parlamentlə əlaqələndirəcəyəm, özümün əlimdən nə gələrsə, edəcəm. Çünki layihə çox diqqətimi çəkdi. Startapın məqsədi bundan ibarətdir ki, fermerlər birbaşa ticarət şəbəkələri ilə, satıcılarla birləşdirilsin, daha onların vasitəçiyə ehtiyacı olmasın. Bir çoxları mallarını sata bilmir, amma onların yaratdığı o platformada elə gözəl sistem qurulub ki, elə gözəl işləyirlər ki, məncə ən savadsız fermer belə o platformadan istifadə edə bilər. Çünki onun əsasında səs texnologiyası qorunur. Çünki bir çox insanlar yaza bilmir, yazsa da səhv yazır, çəkinir. Bu startapda isə, fermer sadəcə problemi səsləndirir, məhsulunu təqdim edir. Proses bu qədərdir. Artıq süni intellekt özü onu formalaşdırır, mətn halına salır və göndərir. Yəni çox gözəl bir sistemdir. Mən onlara dəstək olacağam, onların dövlət orqanları ilə işini əlaqələndirəcəyəm.

Əlavə olaraq, bizim gənclərimizin mənzil problemləri var, iş problemi var. Ümumiyyətlə, onların problemləri çoxdur və mən düşünürəm ki, gənclərlə bağlı daima dövlət dəstəyi hiss olunmalıdır və biz gənclərimizi işsiz qoymamalıyıq.
Həmçinin, təhsil müəssisələrində təhsilin keyfiyyətinin qaldırılması üçün radikal addımlara ehtiyac var. Gənc universiteti bitirəndən sonra özünə iş tapmaq üçün çətinlik çəkməməlidir. Ona ancaq nəzəriyyə verilməməlidir. O praktikanı da bilməlidir və artıq diplomunu alıb əmək bazarına daxil olmaq istəyəndə o, ən azından 50-60% mütəxəssis olmalıdır, işini bilməlidir. Amma mənim qəbuluma gələn bir çox gənclər görürəm ki, deyir, bəli, oxumuşam, biraz nəzəriyyəm var, amma işlə bağlı heç bir təcrübəsi yoxdur, onu işə götürməyəcəklər. Əlavə bir problem odur ki, gənclər işə girəndə deyirlər təcrübəniz yoxdur. Yaşlı adam işə girəndə deyirlər yaşınız keçib. Bu problem Azərbaycanda var, bu ayrı-seçkilik aradan qaldırılmalıdır. Ona görə də birinci növbədə ilk iş yeri dövlət proqramı olmalıdır. Gənclərə ilk iş yeri kimi dövlət özü seçim təqdim etməlidir. Onlara deyilsin ki, burada sən bir il, altı ay işləmisən, təcrübə qazanmalısan və sənə müəyyən bir sertifikat veriləcək. Sonradan hər hansı bir yerə işə gidəndə ona deməsinlər ki, sənin iş yerin olmayıb, təcrübən yoxdur.
Bununla bağlı müəyyən könüllülük təşəbbüsləri var, “ASAN xidmət” və digər DOST xidmətlərində təcrübələr aşılanır. Amma bu kimi proqramlarda bütün gəncləri əhatə etmək olmur, ən yaxşı halda gənclərin 2%-i əhatə edilir.
- Siz də bizi təsdiq edərsiniz ki, bir ölkənin iqtisadiyyatının güclü olmasının əsas faktorlarından biri də kiçik və orta sahibkarlıqdır. Biz savadlı təbəqədən danışdıq, oxumuş gənclər, startap hazırlayacaq qədər texniki bilgilərə malik gənclərdən danışdıq. Amma bəzi gənclərimiz də var ki, onlar oxumağa yox, kiçik-orta sahibkarlıq və ya fermer təsərrüfatları qurmağa yönəlirlər. O sahədə nə kimi problemlər var, nə kimi addımlar atmaq olar ki, onlar da öz gələcəyini, öz təsərrüfatlarını, xırda və ya orta bizneslərini inkişaf etdirə bilsinlər?
- Təbii ki, bütün dünyada dövlətin büdcəsinin inkişafının, iqtisadi inkişafın əsasında kiçik və orta sahibkarlıq dayanır. Almaniyada "Mittelstand" deyilən bir qurum var, o ailə biznesləri üzrə ixtisaslaşıb. Ona görə də Azərbaycanda dediyiniz bu inkişafa nail olmaq üçün orta və kiçik sahibkarlıq və ailə biznesi barədə dövlət yanaşması dəyişməlidir. Hal-hazırda kiçik və orta sahibkarlıqla bağlı müəyyən dövlət dəstəyi var, amma bunlar kifayət etmir. Problem varsa, onlar aradan qaldırılmalıdır. Məsələn, deyək ki, hər hansı bir gəncin bir təşəbbüsü varsa, onun dövlətdən müəyyən miqdarda vəsait, çox cüzi faizlə vəsait almağa imkanı olmalıdır.
Çünki hər bir gəncin cibində pul yoxdur, ya da atasının-anasının pulu yoxdur ki, gedib ona yatırım etsin. Və bir çox valideynlər də hələ ki o düşüncəyə malik deyillər ki, övladım bunu bacarar, yaxud bacarmaz. Kənar şəxs onu qiymətləndirə bilir, ata-ana isə hələ də biraz tərəddüd edir. Ona görə də bununla bağlı dövlət dəstəyi olmalıdır. Əgər bir təşəbbüsü varsa, konkret olaraq hansı nazirliyə, hansı quruma təqdim edirlərsə, onlarla bağlı ciddi araşdırma aparılmalıdır. Əgər bu insanın təşəbbüsü varsa, o, təlimlərə cəlb olunmalıdır. Görülsə ki, bəli, işi görəcək potensialı var yavaş-yavaş vəsait ayrılmalı və dövlət ona işini böyütmək üçün köməklik etməlidir.
Sadəcə hazır biznes plana baxıb qiymətləndirməklə olmaz. Çünki bəzən şəxs özü yox, kimsə ona biznes plan yazır, özü isə heç sahəni bilmir. O planda gözəl cümlələr, gözəl cədvəllər, əsaslandırma, inkişaf, vizyon, baxış, missiya vəs. çox gözəl şəkildə səsləndirilir, amma konkret işə gələndə onların heç birini reallaşdırmaq mümkün olmur. Ona görə də mənə belə gəlir ki, konkret təşəbbüs göstərənin özünü və ailə üzvünü təlimatlandırmaq, onlara kömək etmək lazımdır və dövlətin bir vəzifələrindən də biri bu olmalıdır ki, onların biznesinin inkişafına yardımçı olsun.

İkincisi, kiçik sahibkarların bir çoxu istehsal sahəsindədir. Amma onlar istehsal etdikləri məhsulları sata bilmir. Səbəblərdən biri budur ki, onlar baha qiymətə avadanlığı alır, borclanırlar, məhsulu istehsal edirlər, “Instagram”da bir səhifə açırlar, gücləri çatan qədər reklam edirlər və o müəyyən hissəsini sata bilirlər, sonra pulları qurtarır, reklam edə bilmirlər, satış dayanır, gedib müraciət edirlər iri ticarət satış şəbəkələrinə, onlar da malları satmaq üçün 30-40% pay istəyir.
Ona görə də iri ticarət şəbəkələrində məhsullarını sata bilmirlər. Bu imkanlardan da məhrum olurlar. Avadanlıqlarını satırlar. Əgər siz satış elan saytlarına girib avadanlıq hissəsinə göz gəzdirsəniz, görəcəksiniz ki, yüzlərlə kiçik sahibkar baha qiymətə aldıqları avadanlıqları ucuz qiymətə satırlar. Kiçik sahibkarlıq subyektlərini bağlayıblar, istehsal sahələrini bağlayıblar, avadanlıqları da satırlar. Çünki istehsal etdikləri məhsulları sata bilməyiblər.
Ona görə də artıq neçə vaxtdır ki, müsahibələrimdə bunu qeyd edirəm ki, dövlət səviyyəsində iri ticarət şəbəkələri ilə danışıqlar aparılsın və kiçik sahibkarlara imkan yaradılsın ki, onlar bütövlükdə hər biri orada az bir faiz müqabilində məhsullarını sata bilsinlər.
Bir neçə il bundan qabaq yaşıl marketlərin yaradılması ilə bağlı cənab Prezidentin sərəncamı olmuşdu. Müəyyən işlər getdi, sonra bu iş dayandı. Mən düşünürəm ki, ayrıca belə bir ticarət şəbəkəsi yaradıla bilər. Buna bənzər örnəklər də görmüşük. Kənd məhsullarının yarmarkası keçirilib, orada məhsullar daha ucuz qiymətə satılıb, amma onlar da dövlət tərəfindən təşkil olunur və bir çox icra hakimiyyətləri, bələdiyyələr ayrı-ayrı şəxslərə deyir ki, sən məhsulu təmin etməlisən. Mən orada olmuşam, bir sıra satıcıdan soruşmuşam. O insanlar orada məhsullarını gətirib satmağa razı deyillər, çünki müəyyən qiymət diapazonundan kənara çıxa bilmirlər. Əlbəttə, dövlət bunu vətəndaşların xeyrinə edir, sağ olsun, yəni dövlət bunu edir ki, vətəndaşlar daha ucuz qiymətə məhsullar ala bilsinlər, amma bu bazar iqtisadiyyatına müəyyən qədər təzyiqdir. Bunun əvəzinə bazarın tənzimlənməsi ilə yaranan təşəbbüslər həyata vəsiqə qazana bilər.
O baxımdan düşünürəm ki, dövlət vəsaiti ilə yanaşı hər hansı bir sahibkara dövlət tərəfindən ayrıca bir torpağın ayrılması, müəyyən bir dövlət-özəl tərəfdaşlığı vasitəsilə başqa bir ticarət şəbəkəsinin yaradılması Bakının bir neçə yerində və hər bir rayonda bütün kiçik istehsalçılara da şərait yaradar ki, onların məhsulları gəlib orada satılsın.
Bunu çox vacib hesab edirəm. Çünki əgər dövlət vəsaiti ilə və yaxud hər hansı bir sahibkarın 200-300 milyon vəsaiti ilə böyük bir zavod yaradılırsa, orada 200-300 nəfər işləyir. Amma biz 10 000 kiçik sahibkara o şəraiti yaratsaq ki, məhsullarını sata bilsinlər və bəzisi dörd-beş, bəzisi 10, bəzisi 20, bəzisi 30 nəfəri işlə təmin etsə, toplamda yarım milyondan bir milyona qədər iş yerinin açılması təmin oluna bilər. Mən böyük zavodların, fabriklərin açılmasına qarşı deyiləm, müqayisə üçün bunu qeyd edirəm.
- Razi müəllim, biraz da beynəlxalq məsələlərə toxunmaq istəyirəm. Azərbaycanın hər gün xarici siyasət uğurlarının artdığını görürük. Bu nöqtədə parlamentin fəaliyyəti hansı rola malikdir? Bizim qazandığımız uğurlarda Azərbaycan parlamentinin rolu nədən ibarətdir və bundan sonrakı fəaliyyətlərdən nə gözləyirik?
- Ola bilsin ki, indi vətəndaşlar onu görə bilmir, oxuya bilmir, amma Azərbaycan parlamentində Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işləri çox ciddi şəkildə aparılır. Milli Məclisin sədri və deputatları bu məsələdə fəaldırlar. Hər bir deputat da müəyyən ölkələrlə dostluq qruplarının sədridir, öz təmsil etdikləri ölkələr çərçivəsində, dostluq qruplarında işlər görürlər, Azərbaycan həqiqətlərini çatdırırlar, iclaslara gedirlər, konfranslara qoşulurlar və eyni zamanda, Azərbaycan daxilində də bu işlər gedir. Həmçinin beynəlxalq təşkilatlarla işlər aparılır, qanunlar qəbul olunur, Azərbaycanın beynəlxalq fəaliyyətinə toxunan müəyyən tənzimləyici qanunlar qəbul olunur.

Eyni zamanda siz görürsünüz ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çox intensiv xarici səfərlər edir, xarici görüşlər keçirir, konfranslarda iştirak edir. Bu çox müsbət haldır. Sahibə xanım, bəlkə də, ayda 4-5 ölkədə müxtəlif beynəlxalq platformalarda iştirak edir, Azərbaycan həqiqətlərini çatdırır, onlarla görüşlər keçirir və təbii ki, bu parlament diplomatiyası baxımından çox yüksək bir göstəricidir, çox faydalıdır və effektivdir.
- Beynəlxalq təşkilatlara toxundunuz. Hamısından danışa bilmərik, vaxtımız çatmaz, amma içində bir beynəlxalq təşkilat var ki, o bizə doğmadır. Söhbət Türk Dövlətləri Təşkilatından (TDT) gedir. Təşkilat daxilində, istər ayrı-ayrılıqda üzv ölkələrlə, istərsə də elə təşkilat nəzdində Azərbaycanın iqtisadi, siyasi və mədəni-sosial sferalardakı əlaqələrini necə qiymətləndirirsiniz?
- TDT çox vacib bir qurumdur. Onun yaranmasında Azərbaycan dövlətinin və dövlət başçısının əvəzolunmaz xidmətləri var. TDT-nin bu səviyyəyə çatmasında Azərbaycanın xüsusi rolu var. Biz əzilmiş, təcavüzə məruz qalmış bir dövlətə çevrilmişdik və bir çox dövlətlərdən Azərbaycana qarşı ikili standartlar görürdük.
Sonra gördük ki, dünya parçalanır. Dini baxımdan parçalanır, konfessiyalar cəhətdən parçalanır, dil baxımından parçalanır, iqtisadiyyat baxımından parçalanır, ayrı-ayrı standartlar tətbiq olunur, güclülər və gücsüzlərə bölünür. Bu həqiqətləri gördük və özümüz öz canımızda bunu hiss etdik. Azərbaycan da bu baxımdan TDT-nin böyüməsində maraqlı oldu. Artıq TDT dünyanın aparıcı və rəğbət bəslənən təşkilatlarından biridir və hər bir üzv öz arxasında Türk dövlətlərinin dəstəyini, gücünü hiss edir.
Bu, çox önəmlidir. Bu gün dünyada tək-tənha yaşamaq mümkün deyil. Bu yaxınlarda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da elə bu parçalanmalardan söhbət gedirdi, ortaq dəyərlərdən söhbət gedirdi və Azərbaycan Prezidentinin çıxışlarında da o əksini tapdı ki, dünya parçalanır. Həmin parçalanmış dünyada, islamofobiya var, ksenofobiya var, dillərin, dövlətlərin parçalanması var. Belə bir şəraitdə Azərbaycan dünyaya müsbət mesajlar göndərdi.
Çünki Azərbaycan istər konfessiyalar, istər dil, mədəniyyət baxımından bütün xalqlar üçün bərabər şərait yaratmış ölkələrdəndir. Multikultural mədəniyyətə malikdir. O baxımdan, mən düşünürəm ki, TDT vacibdir, güclüdür, güclənməlidir.
İndi hal-hazırda iqtisadi, sosial, monetar sahələrdə daha çox yaxınlaşmalar başlayır və ümid edək ki, sonradan artıq həm də hərbi-siyasi cəhətdən də inkişaf edəcək və Türk dövlətləri bir-birinin arxasında daha möhkəm, bir yumruq kimi birləşə biləcəklər.
- Son olaraq, əgər bir gün Milli Məclisdə hansısa bir qanunu dəyişmək fürsətiniz olsa, bu, hansı qanun olardı və niyə?
- Vergilər haqqında qanunu dəyişərdim. Çünki çox böyük bir məcəlləyə çevrilib. Səhifəsi məncə çoxdur və çox qarışıqdır. O boyda məcəlləni heç kim oxumayacaq. Azərbaycana yatırım yatırmaq istəyən əcnəbilər, sərmayədarlar onu oxumayacaq. Və onu başa düşmək çox çətindir. Ona görə də Vergilər Məcəlləsinin çox sadə bir məcəlləyə çevrilməsini həyata keçirərdim.

Cəmi üç-dörd vergi müəyyən edərdim: A, B, C, D. Bu formada qanunlar qoyardım və bununla da bitərdi. Kiçik sahibkar nə qədər ödəyir, böyük sahibkar nə qədər ödəyir, vətəndaş nə qədər ödəyir və digər ümumi müddəalar. Daha bunu ayrı-ayrı müəyyən müddətlərə qədər, 1 milyona qədər, 250 minə qədər, 300 minə qədər, hansı vətəndaşlar nə qədər ödəyir, kim, hansı güzəştlərə malikdir və sair kimi bölməzdim. Bütün bunların hamısını mən bir maddədə cəmləşdirərdim. Güzəştlər də bütövlükdə bir və iki bəndlə bağlı olardı və hər bir kəsə aid olardı. Yoxsa, ayrı-ayrı kateqoriyalara ayrı-ayrı vergi tutmaları tətbiq etmək, ayrı-ayrı zonalara ayrı-ayrı məqamları tətbiq etmək, mən bunları doğru saymıram.
Vergi Məcəlləsini oxuyanda adam yorulur, başa düşmək də çətinləşir. Onu sadələşdirmək və hər bir kəs üçün başa düşülən və asan dildə oxunabilən vəziyyətə gətirmək vacibdir.
- Təşəkkür edirik, Razi müəllim. Çox sağolun.
- Siz də sağ olun.
