Tədbirin əsas məqsədi kənd təsərrüfatında torpağın bioloji aktivliyinə əsaslanan biotorpaq yanaşmasının, elmi biliklərlə zənginləşdirilmiş müasir aqrar modellərin və dayanıqlı kənd təsərrüfatının inkişaf istiqamətlərinin müzakirəsi olub.
Konfrans öz işinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin müdafiəsi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri, ölkənin müxtəlif bölgələrindən gələn alimlər, tədqiqatçılar, kənd təsərrüfatı mütəxəssisləri və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları salamlayıb, biotorpaq yanaşmasının kənd təsərrüfatında torpaq resurslarının davamlı idarə olunmasında və məhsuldarlığın artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, konfransın elmi biliklərin tətbiqi və innovativ aqrar texnologiyaların inkişafı baxımından əhəmiyyətini qeyd edib və iştirakçıları fəal müzakirələrə və əməkdaşlığa çağırıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, bu gün kənd təsərrüfatında elmi əsaslı istehsalın təşviqi və torpaq resurslarının daha səmərəli idarə olunması məsələlərinin müzakirəsi məqsədilə mütəxəssislərin bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi yüksək diqqət və davamlı dəstək bu sahənin dinamik inkişafını təmin edən əsas amillərdəndir.
Aqrar sektorun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi, torpaq və su ehtiyatlarının qorunması, eləcə də bu sahədə çalışanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən dövlət proqramları bu siyasətin bariz nümunəsidir.
Məhz bu qayğı sayəsində ölkəmizdə kənd təsərrüfatı elmi ilə istehsal arasında daha sıx əlaqələr qurulmaqdadır.
Sonda icra başçısı konfransın işinə uğurlar arzulayaraq, burada aparılacaq müzakirələrin ölkə kənd təsərrüfatının gələcək inkişafına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında müasir kənd təsərrüfatında innovasiyaların tətbiqinin vacibliyini vurğulayıb. O, biotorpaq konsepsiyasının elmi əsaslarla kənd təsərrüfatının dayanıqlı inkişafına gətirəcəyi töhfələrdən danışıb və ölkədə innovativ texnologiyaların yayılmasının prioritet olduğunu qeyd edib. Anar Cəfərov həmçinin Aqrar İnnovasiya Mərkəzinin aqrar sahədə yeni layihələr və əməkdaşlıq imkanları barədə məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Elmi-Tədqiqat Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov çıxış edərək genetik ehtiyatların kənd təsərrüfatında davamlı inkişaf və məhsuldarlığın artırılmasında əhəmiyyətini vurğulayıb. O, biotorpaq yanaşmasının torpaq və bitki genetik resurslarının qorunması üçün yeni perspektivlər açdığını qeyd edib və elmi tədqiqatların innovativ aqrar texnologiyaların tətbiqində əsas rol oynadığını bildirib.
Elmi-Tədqiqat İnstitutlarının direktorları çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb, biotorpaq yanaşmasının ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mühüm istiqamət olduğunu qeyd ediblər. Onlar gələcəkdə elmi tədqiqatların praktik tətbiqinin genişləndirilməsi və müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirin açılış hissəsinin sonunda institutun bu il magistratura təhsilini başa vurmuş əməkdaşları xüsusi olaraq qeyd edilərək təbrik edilib.
Konfransın plenar iclasında aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Məhsəti Ələkbərova, b.e.f.d. Gülnar Qəhrəmanova, Naxçıvan Dövlət Universitetinin müəllimi Əli Quliyev, həmçinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən mövzuya dair elmi məruzələr təqdim olunub.
Tədbir 8 bölmə iclası ilə davam edib. Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.
Konfransın işi 4 oktyabr tarixində də davam etdiriləcək.
