Sizin reklam burada
Sizin reklam burada
  • Yaxşı yol Tofiq müəllim... Əbədi yolun mübarək.

    Bu fani dünyadakı 96 illik ömrünün təxminən qırx ilini səninlə dostluq etdik. Həm ölkə daxilində, həm də xaricdə çoxsaylı səfərlərdə, yüzlərlə tədbirdə bir yerdə  olmuşduq. Hamısı barədə sidq-ürəklə yazmışam.
    Birlikdə ondan çox kitab , 15-ə yaxın mahnı, yüzlərlə xəbər, redaksiya yazısı, geniş məqalə ərsəyə gətirmişdik.  Ölkədəki bütün ictimai-siyasi proseslərə ziyalı kimi  münasibət bildirirdin.
    Sənə hamının böyük hörmət və ehtiramı var idi.
    ... Bir dəfə səni baş redaktorumuz Mahal İsmayıloğlunun otağına aparmışdım. Mahal müəllim orada mənə çox ciddi bir tapşırıq vermişdi: “Mirzəbəyli, bilirəm, redaksiyada sənin işin çoxdur. Ancaq Tofiq  müəllim nə zaman, nə desə, hansı yazını istəsə, mütləq yaz və mənə və ya Məmmədə (birinci müavin Məmməd Nazimoğlunu nəzərdə tuturdu)  göstərmədən səhifəyə qoyun. O kişi böyük əsilzadələrimizdəndir və görkəmli ziyalıdır.
    ... Bir dəfə səni baş redaktorumuz Həsən Həsənovla görüşdürmüşdüm. Həsən müəllim səninlə söhbət etdiyi 15-20 dəqiqədə yerində oturmadı. Sadəcə, ehtiram əlaməti olaraq ayaq üstündə dayanıb danışdı.
    ... Bir dəfə səni baş redaktorumuz Əflatun Amaşovla görüşdürdüm və dedim ki, Tofiq müəllim belə bir yazı verilməsini istəyir. Amaşov mənə cavab yox, sual verdi:  – Nə üçün məndən icazə istəyirsən?  Tofiq müəllimin yazılarına icazəni Abbasqulu Ağa Bakıxanovdan üzü bəri çoxsaylı ziyalılar və hərbçilər ordusu yetişdirmiş Bakıxanovlar sülaləsinin tarixi verib. Nə istəyir, necə istəyir o şəkildə də yazın, verin. Çayını isə indi burada, mənim otağımda verərik.
    ... Ötən ilin son günlərində Milli Kitabxanada  “Tofiq Bakıxanovun əsərlərinin biblioqrafiyası” adlı kitabın təqdimatı keçirilirdi. Tədbirin aparıcısı, kitabxananın direktoru, professor Kərim Tahirli mənə söz verəndə belə bir xatırlatma dilə gətirdi: – Mən bir redaktor kimi bu kitabdakı bütün materiallara diqqətlə baxdım və çoxunu oxudum. Gördüm ki, kitabdakı yüzlərlə materialın 85-nin müəllifi İttifaq Mirzəbəylidir.
    Zəhmətimiz halal xoşun olsun, Tofiq müəllim.
    Sonda sənin  mənə verdiyin bir əziyyət barədə  xatirəni yada salım.  Xatirənin əl yazması bu şəkildədir:
    “Bir dəfə Tofiq müəllimə zəng elədim. Dedilər Bilgəhdə, sanatoriyadadır. İşdən çıxanda avqust ayının  məhsullarına uyğun olan 10, bəlkə də 12 kiloqramlıq meyvə və şirələr alaraq evə getmədən  – o zaman Müşfiqabadda yaşayırdıq – Bilgəhə üz tutdum. Orada xeyli söhbət elədik. Ayrılanda mənə dedi ki, zənbilin qaldı. Dedim o zənbili sənə gətirmişəm. Etiraz etdi: –  Heç bir iynə də götürməyəcəm, həm burada mənə yaxşı baxırlar, həm də Vahid ( oğlunu nəzərdə tuturdu) tez-tez gəlir.
    Beləcə, mən həmin 12 kiloluq zənbili redaksiyamızın yanından Bilgəhə, oradan isə Müşfiqabada aparmalı oldum”.
    Sənin  mənə verdiyin bu “əziyyəti” də bağışlayıram, zəhmətim halal xoşun olsun.


    İttifaq MİRZƏBƏYLİ







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ