Mahir Süleymanlı
Milli Məclisin deputatı
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə daxil olduğunu bir daha nümayiş etdirir. Daşkənddə keçirilən Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan çoxsaylı sənədlər, yeni investisiya və sənaye layihələrinin təməlinin qoyulması, prezidentlərin qarşılıqlı olaraq ali dövlət təltifləri ilə təltif edilməsi və Əbədi dostluq haqqında Müqavilənin imzalanması münasibətlərin siyasi məzmununu daha da zənginləşdirir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində vurğuladığı fikirlər Bakı–Daşkənd əlaqələrinin mahiyyətini daha geniş prizmadan dəyərləndirməyə imkan verir. Azərbaycan və Özbəkistanın müasir inkişaf modellərində müəyyən paralellər mövcuddur. Hər iki ölkə milli iqtisadiyyatın şaxələndirilməsinə, sənaye potensialının artırılmasına, nəqliyyat imkanlarının genişləndirilməsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və xarici investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan üçün də güclü və inkişaf edən Özbəkistan mühüm tərəfdaşdır. Çünki iqtisadi baxımdan güclənən Daşkəndlə əməkdaşlığın genişlənməsi həm ikitərəfli ticarətə, həm də daha böyük regional layihələrə yeni imkanlar yaradır. Beləliklə, iki ölkənin iqtisadi inkişafının paralel xarakter alması qarşılıqlı əlaqələrin möhkəmlənməsinin mühüm amilinə çevrilir. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması qarşıya qoyulan əsas iqtisadi hədəflərdən biridir. Əlamətdar olan budur ki, Prezident İlham Əliyev bu rəqəmi yaxın illərdə əldə ediləcək real nəticə kimi təqdim edir. Bu yanaşmanın arxasında ciddi iqtisadi baza dayanır. Çünki tərəflər artıq yalnız hazır məhsulların alqı-satqısını artırmaqla kifayətlənmir, birgə istehsal və investisiya layihələri həyata keçirirlər. Avtomobil sənayesi, kənd təsərrüfatı, qida emalı, energetika, mədənçilik, turizm, maliyyə və digər sahələrdə qarşılıqlı investisiyaların artması ticarət əlaqələrinin də genişlənməsinə zəmin yaradır. Dövlətimizin başçısı qeyd edib: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Azərbaycan-Özbəkistan əlaqələrində ən mühüm dəyişikliklərdən biri investisiya münasibətlərinin sürətlə genişlənməsidir. Birgə İnvestisiya Fondunun yaradılması bu baxımdan strateji əhəmiyyət daşıyır. 500 milyon dollarlıq kapitala malik fondun müxtəlif layihələrə yönəldilməsi nəzərdə tutulur. Fondun artıq konkret layihələrin maliyyələşdirilməsinə başlaması əməkdaşlığın praktiki xarakterinin göstəricisidir.
Azərbaycan şirkətləri Özbəkistan bazarında, Özbəkistan şirkətləri isə ölkəmizdə yeni layihələr həyata keçirirlər. Bu amil münasibətlərin “ortaq istehsal və ortaq investisiya” modelinə keçdiyinin göstəricisidir. Avtomobil sənayesi iki ölkə arasında sənaye kooperasiyasının ən görünən nümunələrindəndir. Özbəkistan avtomobil istehsalında böyük təcrübəyə malikdir. Azərbaycan isə öz sənaye parkları, logistika imkanları və regional bazarlara çıxış potensialı ilə bu təcrübənin tətbiqi üçün əlverişli imkanlar yaradır.
Azərbaycan–Özbəkistan qardaşlığının ən əhəmiyyətli nümunələrindən biri Qarabağda reallaşdırılan layihələrdir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası Özbəkistanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi ilk mühüm töhfələrdən biri olub. Xankəndidə tikiş fabrikinin yaradılması isə artıq bu əməkdaşlığın iqtisadi ölçüsünü nümayiş etdirir. Burada investisiya, istehsal və məşğulluq bir layihədə birləşir. Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Çünki qardaş ölkə Zəfərdən sonra quruculuq mərhələsində də real layihələrlə iştirak edib. Bu münasibətlərin fərqləndirici xüsusiyyəti də məhz budur: siyasi həmrəylik konkret əməli addımlarla tamamlanır.
Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəyi böyük ölçüdə nəqliyyat bağlantılarından da asılıdır. Özbəkistan Mərkəzi Asiyanın mərkəzində yerləşir və dünya bazarlarına çıxış üçün müxtəlif nəqliyyat marşrutlarına ehtiyac duyur. Azərbaycan isə Xəzər üzərindən Avropa istiqamətində mühüm tranzit imkanlarına malikdir. Bu iki üstünlük Orta Dəhlizin inkişafında Bakı–Daşkənd əməkdaşlığını xüsusi əhəmiyyətli edir.
Xəzər üzərindən daşımaların artırılması, liman və gəmiçilik imkanlarının genişləndirilməsi, logistika zəncirinin optimallaşdırılması və nəqliyyat dəhlizlərinin səmərəliliyinin yüksəldilməsi iki ölkənin iqtisadi maraqlarının ortaq nöqtələrindəndir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında nəqliyyat əməkdaşlığı yalnız iki ölkənin deyil, Mərkəzi Asiyanın Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsinə də töhfə verir.
Prezident İlham Əliyevin Daşkənddə qeyd etdiyi ən mühüm fikirlərdən biri Azərbaycanla Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi region kimi formalaşması ilə bağlıdır. Bu fikir son illərdə baş verən proseslərin məntiqi nəticəsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin sürətlə inkişaf etməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, Xəzər üzərindən nəqliyyat bağlantılarının güclənməsi və enerji layihələrinin artması regionlar arasında yeni əlaqəlilik yaradır. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir”.
Prezident İlham Əliyevin səfərinin mühüm hadisələrindən biri prezidentlərin qarşılıqlı təltif edilməsi olub. Şavkat Mirziyoyevin Prezident İlham Əliyevi Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif etməsi, dövlətimizin başçısının isə Özbəkistan Prezidentinə “Heydər Əliyev” ordenini təqdim etməsi iki liderin və iki xalqın münasibətlərə verdiyi yüksək qiymətin ifadəsidir. Bu təltiflər siyasi protokol hadisəsi olmaqla yanaşı, Azərbaycan–Özbəkistan münasibətlərinin strateji mahiyyətini simvolizə edir. Çünki münasibətlərin yüksək səviyyəsi yalnız dövlətlərarası sənədlərlə deyil, liderlərin və xalqların bir-birinə bəslədiyi etimadla da müəyyən olunur.
Qarşıda yeni investisiyalar, yeni sənaye layihələri, ticarətin artırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, enerji və kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi, turizm və humanitar əlaqələrin genişləndirilməsi kimi konkret hədəflər dayanır. Bu hədəflərin reallaşdırılması iki ölkənin iqtisadiyyatlarını daha da yaxınlaşdıracaq. Daha geniş miqyasda isə Bakı–Daşkənd əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına xidmət edəcək.
