Dövlət təqaüdçüsü
14 sentyabr 2026
80 yaşın təmamına çatmağım mənə son dərəcə qəribə və inandırıcı görünmür. Mən hələ də özümü böyük-böyük işlərin, layihələrin həyata keçirilməsi haqqında düşünən bir gənc hesab edirəm.
Lakin həyat və zaman öz sözünü və möhürünü qoymuşdur. Bu müddət ərzində möhtəşəm hadisələrin iştirakçısı və şahidi olmuşam. Belə ki, övladlarımı böyüdüb iş, güc yiyəsi, evləndirib ailə, uşaq, nəvə- nəticə sahibi olmuşam.
Gənclik çağlarından , yuxularımda xəyal etdiyim Vətənimin azadlığını gördüm, hüquqi müstəvidə
müstəqillik aktının imzalanmasında iştirak etdim.
Tarixi şəhərlərimizin öz əvvəlki adlarını (Kirovabad-Gəncə, Qutqaşen-Qəbələ, Vartaşen- Oğuz, Puşkin-Biləsuvar) özünə qaytarılması, Milli Məclisdə mənim təklifimlə baş vermişdir .
Kasıb əhalisindən və gözəl təbiətindön başqa heç bir resursu - vəsaiti , nefti, qazı olmayan ucqar Zəngilan rayonunda əhalimizin müdafiəsi, onun ərzaqla təminatı, sərhədlərimizin qorunması , qəddar düşmənimiz olan ermənilərin Qərbi Azərbaycandan xalqımızı yurd- yuvasından qovduğu zaman , soydaşlarımızın yerləşdirilib lazım olan ehtiyaclarının təmin edilməsi işində az rolum olmamışdır.
İndiki Ermənistan ərazisindəki Mehri rayonunda dirəniş göstərərək qalmış Nüvədi kəndinin qorunması, müdafiəsi, rabitə , elektrik, nəqliyyat əlaqələrinin, ərzaqla və digər ehtiyatlarla təmin edilməsi bizim üzərimizə düşmüşdür.
Tam üç il yarım ərzində bu saydığım və demədiyim məsələlər mənim və elliklə hamımızın gündəlik işləri olmuşdur.
SSRİ - nin Rus hakimiyyəti fövqəladə vəziyyət elan etdiyinə görə,rayonlarımızda komendant saatı tədbiq edildi və biz hərbi vəziyyət şəraitində işləməli olduq.
Böyük itkilər, şəhidlər verdik, məhrumiyyətlərlə üzləşdik.Əzizlərimizi, dostlarımızı, atamızı, anamızı, doğmalarımızı itirdik, xalqımız vardan- yoxdan çıxdı.
Lakin bütün bu baş verənlər nə xalqımızı, nə də məni əsla sarsıda bilmədi .
Türk birliyi, Turanın yaradılması istiqamətində aparılan işlərin öncüllərindın biri olmuşam, belə ki, Bakıda, Tovuzda , Türkiyə - Azərbaycan birgə müəssisəsi çərçivəsində Dəri emalı və Tikiş müəssisələri yaradıldı.Bu, Türk dünyasında olan ilklərdən biri idi.
Bu şərəfə Gülüstan sarayında möhtəşəm şənlik də keçirdik .
Mən hər bir dövrdə çalışdım ki, mənsub olduğum soya, şəcərəyə, Oğuzların Dəlilər tayfasına sadiq qaldım.
Rayonlarımız, kəndlərimiz ermənilər tərəfindən işğal edildiyi zamanda belə, xalqımız könüllü dəstələrdən mükəmməl ordu qurmalı oldu.Ordu müasir, modern silahlarla , təyyarələrlə RUA - larla təchiz edildi , hərbi sirlərə yiyələndi, xüsusi təyinatlı dəstələr yaradıldı.
Hərbi sahədə, ordu quruculuğunda ,
idarəetmədəki yeniliklər öz müsbət nəticəsini verməyə bilməzdi.
Məhz Ulu Öndər Heydər Əliyevin xətti hərəkətini layiqincə həyata keçirən oğlu - Prezident , Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi sayəsində 200 illik erməni- rus işğalına son qoyuldu.
2020 - cu ilin sentyabr ayında gənc Azərbaycan ordumuz torpaqlarımızı işğaldan azad etdi.Xalqımız tarixdə görünməmiş birliyi təmin etdi .
Qarabağımız, aranlı , dağlı tam işğaldan azad olundu.
Möhtəşəm qələbə xəbərini, nəşriyyat evində, mətbəədə, " Zəngəzursuz illərim" kitabını çap etdirərkən eşitdim.
Qanadımız yox idi ki, uçaq.
Sevinc xəbərini eşidərkən qəhər məni boğduğundan
telefonla yoldaşlarla danışa bilmədim.
Millət sevincindən şəhərin küçələrinə axışdı.
İnsanların və avtomobillərin təbii spontan yürüşləri möhtəşəm idi.
Bəli, bundan böyük sevinc ola bilməzdi ki , bunu da bizə qəhrəman əsgər və zabitlərimiz , Ali Baş Komandanımız, şəhid və qazi olmuş igid döyüşçülərimiz yaşatdı.
Allahdan keçənlərimizə rəhmət diləyir , sağ qalanlarımıza cansağlığı arzulayıram.
Mən bu yaşımda tam səmimiyyətlə deyə bilərəm ki, çox xoşbəxtəm, çünki Vətəndən şirin şey yoxdur, onun azadlığını və yenidən qurulub inşa edilməsini gördüm.
Qubadlının Qəzyan kəndində dəfn olunmuş anamın,babamın, əmimin, dayımın və bütün əzizlərimizin dağıdılmış məzarlarını bərpa etdik.
Yaşı 400 ildən yuxarı olan övliyalarımızın- Şeyx Məhəmmədin dəfn olunduğu Qəzyan Piri də yenidən quruldu.
İşğaldan azad edilmiş rayonlarımızda görülən möhtəşəm işlər, hava alanları - aeroportlar, körpülər, tunellər, yollar, elektrik şəbəkə sistemləri , Ağıllı - Ağalı kəndi, Məmmədbəyli, Laçın şəhərini, Sus və Zabux kəndlərini , Şuşa, Xankəndi və cəmi Qarabağ şəhər və qəsəbələrinin bərpası, çox qürurvericidir.
30 il ərzində dağıdılmış şəhər və kəndlərimuzi 6 il ərzində tam bərpa etmək mümkün deyildir.
Bütün xristian dünyası ermənilərə hər cür siyasi və hərbi yardım etdiyi halda, Azərbaycan türklərinə (xalqına ) heç bir yardım edilmədi.
Nəzərə alınsa ki, dörd bir yanımız düşmən ölkələrlə əhatə olunub,o halda Vətənimiz nə qədər böyük- ağır bir yükün daşıdığını görərik.
Lakin xalqımız qüdrətlidir, talantlıdır , bunu mən möhtəşəm zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı gördüm.
Müharibənin dağıntıları tezliklə aradan qaldırılacaq .
Şəhər və kəndlərimiz daha gözəl, daha yaraşıqlı, Avropa sayaqlı müasir, yeni Zəngəzur , yeni Qarabağ bərpa edilməklə, yeni Azərbaycan qurulacaqdır.
Buna mən adım kimi əminəm.
Xalqımız doğma yer və yurdlarına qayıdır və qayıdacaqdır.
80 ilimi bu fikirlərlə yekunlaşdırıram.
İrəlidə xalqımızı , böyük , möhtəşəm , quruculuq, islahatlar illəri gözləyir.İnşallah.
