Sizin reklam burada
Sizin reklam burada
  • Laçın artıq azaddır, Laçın yenidən qurulur, Laçın öz sakinlərini qarşılayır..

    Cavid Əsgərzadə,
    YAP Göygöl rayon təşkilatının əməkdaşı

       Məlumdur ki, Laçın qədim tarixi, zəngin mədəni irsi, misilsiz təbiəti və strateji mövqeyi ilə Azərbaycanın ən mühüm bölgələrindən biridir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi formalaşdırılması bu qədim yurdun tariximizdəki xüsusi yerini göstərir.
           Qeyd edək ki, Lakin 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan tərəfindən işğal olunması xalqımızın yaddaşında ağır faciə kimi qaldı. İşğal illərində Laçın əhalisi doğma yurdundan didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü, rayonun tarixi-mədəni irsinə, təhsil, səhiyyə və digər infrastrukturlarına ciddi ziyan vuruldu. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma və demoqrafik dəyişiklik siyasəti isə işğalçılıq siyasətinin daha bir bariz nümunəsi idi. Laçının işğalı həm də Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş məkrli siyasətin mühüm mərhələlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Şuşa və Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılmasına imkan vermiş və sonrakı faciələrin əsas səbəblərindən birinə çevrilmişdir.
           Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər bu ədalətsizliyə son qoydu. Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu, tarixi ədalət bərpa edildi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi və 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir.
            Onu da qeyd edək ki, Bu gün Laçın Böyük Qayıdışın, sürətli inkişafın, müasir şəhərsalmanın və yaşıl enerjiyə əsaslanan gələcəyin nümunəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin simasını tamamilə dəyişir. Yeni yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, səhiyyə, mədəniyyət və turizm infrastrukturu yaradılır, iqtisadi və sənaye layihələri reallaşdırılır. Laçının enerji potensialının inkişaf etdirilməsi xüsusilə diqqətəlayiqdir. Rayonun elektrik tələbatının tamamilə yaşıl enerji hesabına qarşılanması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının uğurla həyata keçirildiyini göstərir. Yeni su elektrik stansiyalarının yaradılması ilə Laçın yalnız öz enerji tələbatını ödəyən deyil, ölkənin enerji sisteminə töhfə verən mühüm yaşıl enerji məkanına çevrilir. Eyni zamanda, Kəlbəcər-Laçın avtomobil yolunun, Laçın Beynəlxalq Hava Limanının, yeni yaşayış məhəllələrinin və digər mühüm infrastruktur layihələrinin inşası bölgənin nəqliyyat, turizm və iqtisadi imkanlarını daha da genişləndirir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin beynəlxalq nəqliyyat əlaqələrinin və turizm potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Laçında aparılan quruculuq işlərinin ən mühüm nəticəsi isə, heç şübhəsiz, laçınlıların doğma yurda qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən başlayan Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə və rayonun kəndlərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə yerləşdirilməsi təmin olunur. Onilliklər sonra öz doğma torpaqlarına qayıdan sakinlərin burada müasir və rahat yaşayış şəraiti ilə təmin edilməsi dövlətimizin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə verdiyi böyük önəmin göstəricisidir.
             Məlum olduğu kimi, Laçının inkişafında iqtisadi layihələr də mühüm yer tutur. Aqro-sənaye parkının, mebel və tikiş fabriklərinin, ayaqqabı istehsalı müəssisəsinin, balıqçılıq və digər istehsal sahələrinin yaradılması yeni iş yerlərinin açılmasına və yerli əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Bu layihələr Laçının gələcəkdə Azərbaycanın mühüm iqtisadi və turizm mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır. Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan olunması da şəhərin beynəlxalq və mədəni nüfuzunun artmasının mühüm göstəricisidir. Bu qərar Laçının zəngin tarixi-mədəni irsinin, Qarabağın mədəni həyatındakı rolunun və gələcək turizm imkanlarının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib. Bu gün Laçın şəhərində və rayonun kəndlərində aparılan bütün layihələr bir məqsədə xidmət edir. İnsanları doğma torpaqlarına qayıdır, bu ərazilərdə dayanıqlı və təhlükəsiz həyat qurulur, Laçın Azərbaycanın ən müasir və abad şəhərlərindən birinə çevrilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Laçın bundan sonra da sürətlə inkişaf edəcək, Böyük Qayıdış daha da genişlənəcək və bu qədim şəhər Azərbaycanın Qarabağda yaratdığı yeni həyatın ən parlaq simvollarından biri olacaq.
             Ən əsası, 26 Avqust – Laçın Şəhəri Günü tariximizin şanlı səhifələrindən və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz Böyük Zəfərin mühüm nəticələrindən birini təcəssüm etdirir. Bu əlamətdar gün bizə həm keçdiyimiz şərəfli Zəfər yolunu, həm də qarşıda bizi gözləyən böyük inkişaf perspektivlərini xatırladır.






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ