Mərkəzi Elmi Kitabxanada (MEK) təşkil olunan görüşdən əvvəl Akademiya rəhbərliyi və tələbələr MEK-in foyesində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra çinli tələbələr MEK ilə tanış olublar.
Akademik İsa Həbibbəyli tələbələrə tanış olduqları guşələr və ekspozisiyalar barədə ətraflı məlumat verib. Xüsusilə AMEA-nın təsisçilərinin elmi irsi, akademiyanın formalaşmasındakı rolu və Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin iştirakı ilə noyabrın 3-də keçirilən AMEA-nın 80 illik yubiley yığıncağı barədə məlumat verən AMEA rəhbəri bu mötəbər tədbirdə Çin alimlərinin də iştirakı etdiyini, iki ölkə arasında elmi əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyulduğunu xüsusi vurğulayıb. Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın elmi-mədəni sferada da öz bəhrəsini verdiyini deyən akademik İsa Həbibbəyli bu sahədə Pekin Xarici Dillər Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşün davamında akademik İsa Həbibbəyli çinli tələbələrə “Azərbaycan ədəbiyyatında ədəbi cərəyanlar” mövzusunda mühazirə keçib. Akademik Azərbaycan ədəbiyyatında ədəbi cərəyanların tarixi inkişaf mərhələlərini ardıcıllıqla diqqətə çatdırıb. Bildirib ki, müxtəlif dövrlərdə meydana çıxan ədəbi cərəyanlar xalqın ictimai şüurunun formalaşmasında mühüm rol oynayıb və milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılmasına xidmət edib.
Alim xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində inkişaf edən tənqidi realizm və romantizm cərəyanlarını ətraflı şəkildə şərh edib. Qeyd edib ki, tənqidi realizm nümayəndələri cəmiyyətdəki sosial ədalətsizlikləri açıq şəkildə tənqid etməklə, xalqın maariflənməsinə və sosial düşüncənin oyanmasına təkan veriblər. Romantizm ədəbi cərəyanı isə ədəbiyyatda azadlıq ideyalarının, mənəvi saflığın və yüksək insani dəyərlərin formalaşmasına şərait yaradıb.
Akademik İsa Həbibbəyli dekadentizm, neorealizm, modernizm, magik realizm və postmodernizm ədəbi cərəyanlarının tarixi inkişafı, əsas xüsusiyyətləri və Azərbaycan ədəbiyyatına təsirlərindən bəhs edib. Hər bir cərəyanın xüsusiyyətlərini nümunələrlə izah edərək, onların ədəbi yaradıcılıqda ifadə etdiyi ideya və dəyərləri diqqətə çatdırıb.
Daha sonra AMEA rəhbəri tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb.
