Musa SüleymanovƏməkdar mühəndis,
iş adamı
Son illərdə dünya logistika sistemində baş verən hadisələr beynəlxalq yükdaşımaların istiqamətini ciddi şəkildə dəyişdirmişdir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında yaranmış təhlükəsizlik problemləri, eləcə də ənənəvi nəqliyyat marşrutlarında artan risklər yük sahiblərini alternativ və daha etibarlı marşrutlar axtarmağa məcbur etmişdir.
Bu dəyişikliklər nəticəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz qlobal ticarətin diqqət mərkəzinə çevrilmişdir.
Bu gün Çin, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri Avropa bazarlarına daha sürətli və etibarlı çıxış əldə etməyə çalışırlar. Eyni zamanda Avropa ölkələri də öz məhsullarını, texnologiyalarını və investisiyalarını bu regionlara çatdırmaq üçün yeni marşrutlara ehtiyac duyurlar. Buna görə də Orta Dəhliz birtərəfli deyil, Şərqlə Qərbi birləşdirən iki istiqamətli strateji ticarət marşrutudur.
Hazırda Azərbaycan, Qazaxıstan, Türkmənistan və Türkiyə üzərindən keçən marşrut region ölkələri üçün son onilliklərin ən böyük iqtisadi imkanlarından birini yaratmışdır. Lakin yaranmış imkanlarla mövcud infrastruktur arasında hələ də ciddi fərq mövcuddur. Xəzər dənizində bərə çatışmazlığı, limanlarda növbələr və dəmir yolu sistemində yüklənmənin artması yükdaşımaların sürətinə mənfi təsir göstərir. Minlərlə vaqon və yük avtomobili günlərlə, bəzən isə həftələrlə növbədə qalır.
Məhz buna görə də Orta Dəhlizin gələcəyi yalnız yük axınının artmasından deyil, region ölkələrinin bu yükü qəbul etməyə və emal etməyə nə dərəcədə hazır olmasından asılıdır.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat, logistika və tranzit infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən siyasət nəticəsində ölkəmiz Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilmişdir. Limanların, dəmir yollarının, gömrük infrastrukturunun və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirmişdir.
Orta Dəhliz üzrə yük axınının davamlı artması mövcud infrastrukturun modernləşdirilməsini və yeni texnoloji həllərin tətbiqini zəruri edir. Azərbaycanın tranzit və logistika potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr məhz bu məqsədə xidmət edir.
