Sizin reklam burada
Sizin reklam burada
  • Azər Əmiraslanov: Sığorta sisteminin inkişafında qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

    Bu gün dünyada sığorta sistemi bazar iqtisadiyyatının ən mühüm və ayrılmaz tərkib hissələrindən biri hesab olunur. Müasir dövrdə elə bir ölkə iqtisadiyyatı təsəvvür etmək mümkün deyil ki, orada sığorta mexanizmləri fəaliyyət göstərməsin. Sığorta həm vətəndaşların, həm də sahibkarlıq subyektlərinin maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, risklərin idarə edilməsinə və iqtisadi sabitliyin qorunmasına xidmət edir.

    Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) bildirib.

    O deyib ki, sığorta sisteminin inkişafında qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan ölkəmizdə sığorta sektorunun daha da inkişaf etdirilməsi, şəffaflığın artırılması və istehlakçı hüquqlarının daha etibarlı qorunması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Qarşıdakı dövrdə də bu prosesin Azərbaycan Mərkəzi Bankı tərəfindən ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur: “Sığorta sektoru yüksək ictimai etimada əsaslanan bir sahədir. Bu sahənin uğurlu inkişafı bir sıra vacib amillərdən asılıdır. İlk növbədə, sığorta şirkətlərinin maliyyə dayanıqlılığı, öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsi, eləcə də vətəndaşların hüquqlarının qorunması böyük əhəmiyyət kəsb edir. Sığorta sisteminin inkişaf səviyyəsi yalnız maliyyə göstəriciləri ilə deyil, həm də cəmiyyətin ona göstərdiyi etimadla ölçülür. İctimai etimadın əsas mənbələrindən biri qanunvericilik təminatı, şəffaf fəaliyyət və sığorta ödənişlərinin vaxtında həyata keçirilməsidir. Bu baxımdan peşəkar ictimai birlik kimi Azərbaycan Sığortaçılar Assosiasiyası dövlət maliyyə tənzimləyicisi ilə bazar iştirakçıları arasında səmərəli əməkdaşlığın qurulmasında mühüm körpü rolunu oynayır. Assosiasiya tərəfindən sığorta mədəniyyətinin inkişafı, əhalinin maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir".

    Azər Əmiraslanov qeyd edib ki, sığorta sektoru biznes mühiti ilə birbaşa əlaqəlidir. İqtisadiyyat inkişaf etdikcə, yeni investisiyalar cəlb olunduqca və sahibkarlıq fəaliyyəti genişləndikcə sığorta xidmətlərinə tələbat da artır. Bu səbəbdən iqtisadi artım və sığorta bazarının inkişafı bir-birini tamamlayan proseslərdir. Güclü sığorta sistemi həm iqtisadi sabitliyin qorunmasına, həm də vətəndaşların və biznes subyektlərinin gələcəyə daha inamla baxmasına imkan yaradır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ