Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili
Bu gün xalqımızın təhlükəsizliyi, dövlətimizin sabitliyi və qanunun aliliyinin qorunması naminə gecə-gündüz fədakarlıqla xidmət edən Azərbaycan polisinin #PeşəBayramı'dır.
Azərbaycan Polisi cəmiyyətimizin əmin-amanlığının keşiyində dayanaraq ictimai asayişin təmin olunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi son dərəcə məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetirir. Onların xidmətinin arxasında böyük məsuliyyət, peşəkarlıq, cəsarət və Vətənə sonsuz sədaqət dayanır.
Xüsusilə son illərdə hüquq-mühafizə orqanlarımızın peşəkarlığının daha da güclənməsi, müasir texnologiyaların tətbiqi, vətəndaş yönümlü xidmətlərin inkişafı və milli təhlükəsizliyimizin möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər Azərbaycan polisinin yüksək hazırlığını və dövlətçiliyimizə bağlılığını bir daha nümayiş etdirir.
44 günlük Vətən müharibəsində, antiterror tədbirlərində, eləcə də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsində polis əməkdaşlarımızın göstərdikləri xidmət və fədakarlıq xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilir. Xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan polis əməkdaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Əminik ki, Azərbaycan Polisi bundan sonra da dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyinin və hüquqi dövlət prinsiplərinin keşiyində eyni əzmkarlıq və məsuliyyət hissi ilə dayanacaq.
Bu gün münasibətilə bütün polis əməkdaşlarını və onların ailələrini ürəkdən təbrik edir, hər birinə möhkəm can sağlığı, xidmətlərində uğurlar, ailələrinə firavanlıq və Vətənimiz naminə şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram.
Qanunun keşiyində, xalqın xidmətində, Vətənə sədaqətlə!
Bayramınız mübarək, Azərbaycan Polisi!
