Sizin reklam burada
Sizin reklam burada
  • Qaraqoyunlu mahalının nüfuzlu el ağsaqqalı Qarasim Böyükkişi oğlu Abdullayevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

    Qərbi Azərbaycanın Çəmbərək rayonunun Gölkənd kənd icmasının təşəbbüsü ilə sonuncu deportasiyadan əvvəl uzun illər kəndin təsərrüfat müdiri kimi fəaliyyət göstərmiş, Qaraqoyunlu mahalının nüfuzlu el ağsaqqalı Qarasim Böyükkişi oğlu Abdullayevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Gölkənd kənd icmasının sədri Tanrıverdi Mustafayev, Çəmbərək rayon icması sədrinin müavini Aynurə Məhəmmədova, Çəmbərək rayon icmasının Mədəniyyət, mədəni irs və tarixi abidələr üzrə məsul şəxsi Rüxsarə Həsənova, Beynəlxalq əlaqələr və ziyalılarla iş üzrə məsul şəxs Həqiqət Hacıyeva, Gölkənd kənd icmasının üzvləri, kənd ziyalıları, sakinlər, el sənətkarları və aşıqlar iştirak ediblər.

    Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycanda müxtəlif məsul vəzifələrdə çalışmış, el arasında böyük nüfuz qazanmış insanların yubileylərinin keçirilməsi İcmanın diqqət mərkəzindədir. O vurğulayıb ki, belə şəxsiyyətlərin keçdiyi şərəfli ömür yolu, Vətənə və xalqa xidmət nümunəsi gələcək nəsillər üçün örnəkdir.

    Ardınca çıxış edən Gölkənd kənd icmasının sədri Tanrıverdi Mustafayev yubilyarın Gölkənd kənd təsərrüfatının inkişafına verdiyi töhfələrdən, kənd sakinlərinin rifahı naminə gördüyü işlərdən, soydaşlarımıza göstərdiyi qayğı və himayədən danışıb.

    Daha sonra çıxış edən Çəmbərək rayon icması sədrinin müavini Aynurə Məhəmmədova, Çəmbərək rayon icmasının Mədəniyyət, mədəni irs və tarixi abidələr üzrə məsul şəxsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Rüxsarə Həsənova, eləcə də kənd ziyalıları və sakinləri Qarasim Abdullayevin doğma el-obaya göstərdiyi xidmətlərdən, yüksək insani keyfiyyətlərindən və el ağsaqqalı kimi qazandığı nüfuzdan bəhs ediblər. Çıxışlarda Gölkənd kəndinin zəngin maarifçilik ənənələri, bu kəndin yetirdiyi görkəmli ziyalılar, alimlər və mütəxəssislərdən söz açılıb, eyni zamanda Qərbi Azərbaycana qayıdış ideyasına sadiqlik və doğma yurdlara qayıdışın gerçəkləşəcəyinə inam ifadə olunub.

    Tədbirin bədii hissəsində tanınmış aşıqlar Xanım Göyçəli, İxtiyar və Təbrizin ifasında bir-birindən gözəl aşıq havaları səsləndirilib.

    Sonda Qərbi Azərbaycan İcması adından yubilyara xalça üzərində toxunmuş portreti hədiyyə edilib. Həmçinin Çəmbərək rayon icmasının sədri, professor Əvəz Ələkbərovun imzası ilə Qarasim Abdullayevə Fəxri fərman təqdim olunub.

    Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ