Öz şərəfli ölümü ilə gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb cismən aramizdan gedən şəhid Rameş Zəkiyevi yad etməyi, xatirəsini əziz tutmağı Astarada kiçikdən tutmuş böyüyə kimi hamı özünə müqəddəs borc bilir. Adəti üzrə ölümsüzlüyə qovuşan qəhrəmanın 25 yaşının tamamında da Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparat əməkdaşları, rayon İcra hakimiyyətinin Şahağac kənd üzrə icra nümayəndəsi Samir Mailov, Şəhid ailələri, eləcə ictimaiyyət nümayəndələri doğma kəndidə onun ailəsini və məzarını ziyarət ediblər. Çıxış edən Həbib Cəfərov bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində milərlə qeyrətli övladımız ana Vətənin harayına səs verib, ölümün gözünə dik baxa-baxa, alovlardan, odlardan keçərək qanı, canı bahasına xalqa zəfər sevincini yaşatdılar. Bu misilsiz hünərlə adını Azərbaycanın yeni, şanlı tarixinə qazan qəhrəman Vətən övladlardan biri də Rameş Zəkiyevdir. Ölümsüzlüyə qovuşan Rameş bizim üçün iftixar mənbəyi, qürur yeridir. O, dünya durduqca milyonların qəlbində yaşayacaq.
Rameş Vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə minaatan kimi yağıya qarşı vuruşub. Neçə-neçə ağır sınaqlardan üzüağ sıxan qəhrəman Vətən oğlu 15 oktyabr 2020-ci ildə Ağdamın Hacıməmmədli kəndində minaatan mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə şəhid olub. Cənazəsi 20 oktyabr 2020-ci ildə doğma Şahağacı kəndində torpağa tapşırılıb, ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və digər medallarla təltif edilib.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
