Müxtəlif janr, texnika və üslublarda işlənmiş əsərləri bir araya gətirən ekspozisiyada Türkiyə, Azərbaycan və Ukraynadan olan 41 rəssamın əsərləri nümayiş etdirilir.
Saküder rəsm qalereyasının nümayəndəsi, rəssam Günəş Abbas bildirib ki, Türkiyə paytaxtının sakinləri və qonaqlarına tanınmış rəssamların əsərləri təqdim olunur. Onların arasında əsərləri Nyu-York, London, Paris və Bakı muzeylərinin fondlarında yer alan, eyni zamanda, Türkiyənin müxtəlif muzeylərində nümayiş etdirilən Arif Hüseynovun rəsmləri də var.
Sərgidə, həmçinin Sirus Mirzəzadə, Mətanət Hüseynova, Nuşabə Küçük, Günəş Abbasın da əsərləri nümayiş olunur.
Qarışıq rəsm sərgisinin formatı müasir və klassik təsviri sənətin geniş mənzərəsini görməyə imkan yaradır. Eyni ekspozisiyada klassik rəngkarlıq əsərləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də təqdim edilir.
Esenboğa Hava Limanının “TAV Art Gallery” qalereyasında keçirilən “İncəsənət uçuşda” sərgisi iyulun 24-dək davam edəcək.
