Sizin reklam burada
Sizin reklam burada
  • ÜMUMİ CƏRRAH, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DİABETİK AYAQ ÜZRƏ MÜTƏXƏSSİS

    ÜMUMİ CƏRRAH, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DİABETİK AYAQ ÜZRƏ MÜTƏXƏSSİS Ömərov İlqar Osman oğlu — Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Hərbi Cərrahiyyə kafedrasının əməkdaşı, Nəsrəddin Tusi adına klinikanın mütəxəssisi.
    Qısa tanışlıq:
    İlqar Osman oğlu Ömərov 30 oktyabr 1963-cü ildə Quba rayonunun füsunkar Ördüc kəndində dünyaya göz açmışdır.
    Bilgiyə olan həvəsi sayəsində 1981-ci ildə Dəvəçi şəhər T. Abbasov adına 1 nömrəli orta məktəbi əla qiymətlərlə başa vurmuşdur.
    Tibb elminə olan sevgisi onu 1985-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə gətirmiş və o, 1991-ci ildə bu müqəddəs ocağı fərqlənmə diplomu ilə bitirmişdir.
    Tələbəlik illərində elmin dərinliklərinə baş vuran İlqar Ömərov universitetin Tələbə Elmi Cəmiyyətinin ən fəal üzvlərindən biri olmuşdur.
    Gənc istedad 1990-cı ildə cərrahiyyə üzrə keçirilən Ümumittifaq olimpiadasında Azərbaycan Tibb Universitetini layiqincə təmsil etmişdir.
    Mütəxəssis kimi yetişmək yolunda 1991–1992-ci illərdə M. Topçubaşov adına Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda cərrahiyyə üzrə internatura kursu keçərək həkim-cərrah ixtisasına yiyələnmişdir.
    Taleyinə təkcə şəfa vermək deyil, həm də vətəni qorumaq missiyası yazılan İ.O. Ömərov 1992-ci ildə Azərbaycan Respublikasının Milli Ordusu sıralarına hərbi həkim kimi çağırılmışdır. O, 1995-ci ilə qədər Qarabağ uğrunda gedən amansız döyüşlərin birbaşa iştirakçısı olmuş, hərbi-səhra hospitallarında od-alov içində əsl fədakarlıq göstərərək cərrah kimi çalışmışdır.
    Cəbhədə olduğu müddətdə, 1994-cü ildə damar cərrahiyyəsi ixtisası üzrə Hərbi İnternatura kursunu uğurla bitirmişdir.
    Şərəfli xidmət yolunda müxtəlif məsul vəzifələr icra etmiş, göstərdiyi şücaətlərə görə tibb bölüyünün komandiri vəzifəsinə qədər ucalmışdır.
    O, Birinci Qarabağ müharibəsinin canlı salnaməsi, veteranıdır.
    Müharibədən sonra elmi və pedaqoji fəaliyyətə yönələn cərrah, 1995-ci ildən Azərbaycan Tibb Universitetinin Təxirəsalınmaz Tibbi Yardımın Təşkili kursunda assistent kimi fəaliyyətə başlamışdır.
    Yüksək idarəçilik qabiliyyətinə görə 1996–2001-ci illərdə məhz həmin kursun müdiri vəzifəsini uğurla icra etmişdir.
    2001–2006-cı illərdə isə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində elmin sirlərinə yiyələnərək fundamental tədqiqat işləri ilə məşğul olmuşdur.
    Zəngin təcrübəsini gənc nəslə ötürmək üçün 2006-cı ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin Hərbi Cərrahiyyə kafedrasında çalışır, eyni zamanda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında cərrah kimi əsgər və zabitlərimizin sağlamlığının keşiyində dayanır.
    Doktor İlqar Ömərov 2008-ci ildə damar cərrahiyyəsi ixtisası üzrə növbəti təkmilləşmə kursunu da uğurla başa vurmuşdur.
    Praktik həkimlik və pedaqoji fəaliyyətini elmi yaradıcılıqla mükəmməl şəkildə uzlaşdıran həkim, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Vurğulamaq yerinə düşər ki, hörmətli Professor Əhliman Əmiraslanovun İlqar həkimin bir mütəxəssis kimi yetişməsində, onun peşəkar olaraq bu yüksək səviyyəyə gəlib çatmasında çox böyük rolu və əvəzsiz xidmətləri olmuşdur.
    O, 2010-cu ildə «Peritonitin fazalarından asılı olaraq qaraciyərdə baş verən morfofunksional dəyişikliklər və onların tənzimlənmə yolları» mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə etmişdir.
    Hazırda isə tibb elmində böyük dönüş yaradacaq “Diabetik ayağın irinli-nekrotik ağırlaşmalarının müalicəsində cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi” mövzusunda doktorluq dissertasiyası üzərində gərgin tədqiqat işləri aparır.
    İ.O. Ömərov respublika və xarici ölkələrdə keçirilən mötəbər elmi konfrans və simpoziumların fəal iştirakçısı olmuş, yenilikçi elmi məqalələrlə çıxışlar etmişdir.
    O, bir dərsliyin, 2 metodik vəsaitin, 2 səmərələşdirici təklifin və 35 elmi məqalənin müəllifidir. Çoxillik şərəfli əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif mükafatlar, yubiley medalları, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
    Doktor İlqar Ömərov gənc yaşlarından etibarən ömrünü vətənə və insana xidmətə həsr etmiş professional hərbi həkimdir. O, Birinci Qarabağ müharibəsində cəbhə xəttində göstərdiyi unudulmaz xidmətlərlə tarix yazan fədakar təbiblərimizdəndir.
    Vətənin dar günündə yenidən ön cəbhəyə can atan qəhrəman həkim, İkinci Qarabağ müharibəsində də Hərbi Hospitalda gecə-gündüz dincəlmədən çalışaraq, yaralı əsgərlərimizi yenidən həyata qaytarmışdır. Onun yaraların sağaldılması və damar cərrahiyyəsi üzrə daxili instinktə çevrilən yüksək peşəkarlığı həmin tarixi günlərdə minlərlə canın xilasına vəsilə oldu.
    Məhz onun cəbhə xəstəxanasında həyata keçirdiyi çoxsaylı unikal və mürəkkəb əməliyyatlar sayəsində onlarla igid əsgərimiz yuxarı və aşağı ətraflarının amputasiyası təhlükəsindən, yəni şikəst qalmaqdan xilas olmuşdur. İlqar həkim müharibədəki bu fədakarlığını sadəcə bir vətəndaşlıq borcu sayır, dinc dövrdə də vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi rəhmət, qayğı və sonsuz həssaslıqla tibbi yardım göstərir.
    Bu gün ölkə tibb dünyasında doktor İlqar Ömərov diabetik ayaq sindromu ilə məşğul olan ən güclü və tanınmış mütəxəssislərdən biri, bəlkə də birincisidir. Son illər onun fəaliyyətinin ana xəttini məhz şəkərli diabetin ən ağır fəsadları təşkil edir. İnsanlara şəfa paylamaqla bərabər, o, kütləvi informasiya vasitələrində vaxtaşırı çıxışlar edərək, əhalinin bu xəstəlik barədə maarifləndirilməsində böyük fədakarlıq göstərir.
    Təsadüfi deyil ki, gün ərzində reallıqda qapısını döyən xəstələrin böyük əksəriyyəti şəkər xəstəliyinin ən ağrılı fəsadı olan — ayaqlarda sinir və damar keçiriciliyinin pozulması nəticəsində yaranan ağır yaralardan əziyyət çəkən və ümid yeri axtaran çarəsiz insanlardır.
    Ailəlidir, cəmiyyətə faydalı iki övlad böyütmüşdür.

    Bəradər Səməndərli
    Baş redaktor
    AYB və AJB üzvü


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ