Böyüklük yaşın rəqəmlərlə ölçülən sərhədlərində doğulmur. Ağsaqqallıq saçın ağarması ilə gəlmir. Bunlar taleyin insana verdiyi sadə zaman nişanələri ola bilər, amma həqiqi böyüklük – o, insanın fitrətində yoğrulan bir keyfiyyətdir. Bu, daxilən ucalmaqdır. Bu, özündən çox başqasını düşünməkdir. Bu, elin yükünü çiynində hiss edib, onu daşımaqdan çəkinməməkdir.
Böyük insan odur ki, sözünün arxasında dağ kimi dayanır, amma o dağın kölgəsində başqalarına sərinlik bəxş edir. O, danışanda səsindən daha çox vicdanı eşidilir. O, qərar verəndə şəxsi mənfəətini deyil, obasının sabahını düşünür. Çünki onun ürəyi yalnız öz bədəni üçün döyünmür – o ürək bir elin taleyinə cavabdehdir.
Ağsaqqal olmaq – hökm vermək deyil, yol göstərməkdir. Qışqırmaq deyil, dinləməkdir. Əzmək deyil, qorumaqdır. O, mübahisələri alovlandıran deyil, söndürəndir. İnsanlar arasında körpü salandır. Qırılan ümidləri bir-bir yığıb, yenidən tikəndir. Hər kəs yorulanda ayaqda qalan, hər kəs susanda həqiqəti deyən, hər kəs tərəddüd edəndə istiqamət göstərən insandır.
Belə insanlar tarix yazmır – tarix onların üzərində yazılır. Onlar səhnəyə çıxmaq üçün yaşamır, amma həyat özü onları önə çəkir. Çünki cəmiyyət hər zaman dayağa ehtiyac duyur. O dayağın adı isə məhz belə insanlardır – böyük və ağsaqqal insanlar.
Onlar üçün ailə, el-oba ürəkdə yanan bir ocaqdır. Onlar üçün el-obanın rifahı şəxsi rahatlıqdan üstündür. Onlar gecələr rahat yatmaq üçün deyil, sabahın daha işıqlı olması üçün oyaq qalırlar. Çünki bilirlər – bir elin taleyi bəzən bir insanın vicdanına bağlanır.
Böyük olmaq – özünü ucaldıb başqalarını kiçiltmək deyil. Böyük olmaq – başqalarını qaldırmaqdır. Ağsaqqal olmaq – öndə getmək deyil, hamını bir yerdə aparmaqdır. Bu, bir ömürlük məsuliyyətdir. Bu, Tanrının az insana bəxş etdiyi bir yükdür.
Və bu yükü daşıyanlar… onlar sadəcə insan deyillər. Onlar bir elin yaddaşı, bir xalqın dirəyi, bir gələcəyin ümididir.
Belə böyük insanlar var olduqca cəmiyyətdə sabaha inam olur. Bu insanlaırn itkisi də ağır olur. Çünki onlaırn itkisi ev itkisi deyil, el itkisidir.
Düzdür, hamımız Uca allahdan gəlmişik və zamanı yetişəndə Ona dönəcəyik. Amma elə insular var ki, onların Yaratdığına dönüşü zamanı arxasınca cəmiyyətdə, eldə obada bir boşluq yaradır. Ona görə də bu insanların Uca yaradana dönüşü ilə barışmaq çətin olur.
Məşədi Nəzərin də itkisi el itkisidir. Məhz o da elinin obasının seçilib-sayılan böyük və ağsaqqal insanlarından idi.
Evin kiçiyi olmasına baxmayaraq gənc yaşlarından BÖYÜKLÜK missiyasını üzərinə götürən və bunu daşıyanlardan oldu. Zaman keçdi fitrətindəki böyüklük və həyat təcrübəsi AĞSAQQALLIQ missiyasını da boynuna yüklədi. Və nə qədər çətin olsa da, bəlkə də özündən və istəyindən asılı olmayaraq bu çətin missiyanın daşımalı oldu.
Gənc yaşlarında müxtəlif vəzifələrdə çalışdı. Elin-obasının hörmət-izzət sahibi olan insanlardan biri oldu. Mühasib, kolxoz sədri, bələdiyyə sədri kimi məsul vəzifələrdə çalışdığı zamanda da özünü itirənlərdən olmadı. Əksinə bu vəzifələr onun üzərinə əlavə ağır yük qoydu və bunun da öhdəsindən uğurla gəldi. Elinin xoş günündə sevində kədərində kədərləndi, çətində olanın yanında olmağa çalışdı.
Nə xoş o insana ki, hər yaaşdığı günü Uca rəbinə dönüşünə hazırlşır. Bax, Məşədi Nəzər də belə böyüklərdən idi. Hər yaşadığı günü Uca rəbinə döünüşə hazırlşadı. Hazırlaşdı ki, Onun hesab günüdə qarşısına üzüağ çıxa bilsin.
Məşədi Nəzərin itkisi də bir evin deyil, bütövlükdə bir elin itkisi oldu. Allah rəhmət eləsin Sizi Məşədi Nəzər! Ruhunuz şad olsun! Amin!!!
Mürtəza Bünyadlı
