Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
O bildirib ki, Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin institusional əsaslarının yaradılmasında xüsusi rol oynayıb:
"Onun rəhbərliyi ilə aparılan tədqiqatlar göz xəstəliklərinin, xüsusilə traxoma, peşə ilə əlaqəli görmə patologiyaları və uşaq oftalmologiyası sahəsində yeni elmi yanaşmaların formalaşmasına səbəb olub.
Akademikin ən böyük xidmətlərindən biri oftalmologiyanı yalnız klinik sahə kimi deyil, geniş sosial və profilaktik aspektləri ilə birlikdə inkişaf etdirməsidir. Bu yanaşma nəticəsində Azərbaycanda göz xəstəliklərinin diaqnostika və müalicə üsulları daha sistemli və elmi əsaslarla tətbiq olunmağa başlayıb".
M.Məmmədli qeyd edib ki, bu gün alimin yaratdığı elmi məktəb Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və digər tibb müəssisələri vasitəsilə uğurla davam etdirilir:
"Müasir texnologiyalarla təchiz olunmuş bu qurumlar həm əhaliyə yüksəksəviyyəli tibbi xidmət göstərir, həm də yeni kadrların hazırlanmasına töhfə verir.
Zərifə Əliyevanın fəaliyyətində diqqətçəkən əsas cəhətlərdən biri onun yüksək humanist dəyərlərə əsaslanan həkim yanaşması idi. O, tibbi fəaliyyəti yalnız xəstəliyin müalicəsi kimi deyil, insan sağlamlığının bütöv qorunması prosesi kimi qiymətləndirirdi.
Onun formalaşdırdığı əsas prinsiplər bu gün də aktuallığını qoruyur: xəstəyə fərdi yanaşma və empatiya, profilaktikanın müalicədən üstün tutulması. Məhz bu yanaşma müasir tibb işçiləri üçün "həkim-alim-insan" modelinin ideal nümunəsini formalaşdırır. Bugünkü səhiyyə sistemində də bu prinsiplərin tətbiqi vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır.
Zərifə Əliyevanın təşəbbüsləri nəticəsində Azərbaycanda göz xəstəliklərinin profilaktikası sahəsində mühüm dönüş baş verib. Xüsusilə traxoma kimi geniş yayılmış infeksion xəstəliklərlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər ölkə miqyasında ciddi nəticələr verib.
Onun təşəbbüsləri ilə erkən diaqnostika sistemi inkişaf etdirilib, məktəblərdə və istehsalat sahələrində müayinələr genişləndirilib, peşə ilə bağlı göz xəstəliklərinin qarşısının alınması üçün tədbirlər hazırlanıb, əhali arasında gigiyena və göz sağlamlığı ilə bağlı maarifləndirmə gücləndirilib.
Bu yanaşma nəticəsində profilaktika səhiyyə sisteminin ayrılmaz hissəsinə çevrilib, xəstəliklərin erkən mərhələdə aşkarlanması və qarşısının alınması mümkün olub".
Deputat sonda əlavə edib ki, bu gün Azərbaycan səhiyyə sistemində aparılan islahatlar fonunda Zərifə Əliyevanın ideyaları xüsusi aktuallıq kəsb edir:
"Xüsusilə icbari tibbi sığorta modelinin genişlənməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi onun müəyyən etdiyi strateji xəttin davamı kimi qiymətləndirilə bilər.
Akademikin irsi yalnız tarix deyil, bu gün də müasir səhiyyə siyasətinin və tibbi praktikanın ideoloji əsaslarından biridir. Onun qoyduğu elmi və humanist dəyərlər sistemi gələcək nəsil həkimlər üçün yol göstəricisi olaraq qalır".
