Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və ardınca suverenliyini ölkə üzrə tam bərpa etməsi hərbi-siyasi və geoiqtisadi dəyişikliklərə yol açdı.
Milli Məclisin deputatı Kamal Cəfərov mövzu ilə bağlı "atributinfo.az"a açıqlamasında bildirib ki, qazanılan zəfər ölkəmizin beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırıb.
Deputat qeyd edib ki, münaqişənin keçmişdə dondurulması cəhdlərinə və beynəlxalq mexanizmlərin acizliyinə baxmayaraq Azərbaycan öz gücü hesabına ədaləti bərpa etdi. Bu gün ordumuzun nümayiş etdirdiyi təcrübənin qlobal miqyasda öyrənilməsi də formalaşan hərbi-strateji gücün göstəricisidir.
Böyük Qayıdış prosesinə toxunan deputat vurğulayıb ki, keçmiş köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışı dövlətin sosial siyasətinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Postmüharibə dövründə şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün həyata keçirilən geniş sosial dəstək tədbirləri, eləcə də vətəndaş cəmiyyəti təşəbbüslərinin prosesə cəlb olunması cəmiyyətdəki daxili birliyi və həmrəyliyi daha da möhkəmləndirir.
Sonda Kamal Cəfərov bildirib ki, Cənubi Qafqazda formalaşan yeni reallıqlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə irəliləyən sülh gündəliyi regionda uzunmüddətli sabitliyin ana xəttini təşkil edir. Sərhədlərin toxunulmazlığı və suverenlik prinsipinə dayanan yanaşma gələcəkdə regionun tam inteqrasiyasına və iqtisadi tərəqqisinə etibarlı zəmin yaradır.
Bəradər Səməndərli
"Atributinfo.az"
