Sizin reklam burada
Sizin reklam burada
  • 8 Noyabr – Zəfər Günü xalqımızın əbədi qürur simvolu, gələcək nəsillərə miras qalacaq ən uca zirvədir.

    Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə hadisələr var ki, onlar yalnız müəyyən bir dövrün deyil, bütöv bir xalqın taleyini dəyişir, milli yaddaşda əbədi iz qoyur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə də məhz belə hadisələrdəndir. Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli iradəmizin, dövlətçilik əzmimizin və xalqımızın sarsılmaz birliyinin dünyaya nümayişi oldu.

    1980-cı illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları, ardınca başlayan hərbi təcavüz nəticəsində torpaqlarımızın iyirmi faizi işğal edilmiş, Xocalı kimi bəşəriyyətin görmədiyi faciələr törədilmiş, bir milyondan artıq insan öz doğma evindən, yurdundan didərgin düşmüşdü. O illərdə məcburi köçkün düşərgələrində böyüyən uşaqların Qarabağı yalnız şəkillərdən tanıması xalqımızın ən böyük kədəri idi. Uzun illər davam edən danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT-nin dörd qətnaməsi heç bir nəticə vermədi, beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məhz bu illərdə Azərbaycan dövləti tarixi Qələbənin təməlini qoymağa başladı. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə güclü və peşəkar ordu quruculuğu həyata keçirildi. Ordumuz ən müasir silahlar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli texnikalarla təchiz edildi. Paralel olaraq iqtisadiyyatımız gücləndi, beynəlxalq aləmdə nüfuzumuz artdı, diplomatik müstəvidə haqq səsimizi bütün dünyaya çatdırdıq. Biz hər zaman sülh istədiyimizi bəyan edirdik, lakin eyni zamanda Ali Baş Komandanın da dediyi kimi, lazım gələrsə, torpaqlarımızı hərbi yolla azad etməyə hər an hazır idik və bu hazırlıq xalq, dövlət və ordu birliyinin sarsılmaz həmrəyliyi ilə daha da möhkəmlənirdi.

    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş əzmi və misilsiz qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızı azad etməyə başladı. Cəmi 44 gün ərzində əldə olunan hərbi nailiyyətlər Azərbaycan dövlətinin gücünü, ordumuzun döyüş qabiliyyətini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya göstərdi.

    “Dəmir yumruq” adını alan bu əməliyyat qısa zamanda bütün xalqın Vətən müharibəsinə, milli mücadiləsinə çevrildi. Cəbhəyə könüllü yazılan minlərlə gənc, arxa cəbhədə orduya dəstək olan qadınlar, uşaqlar, ağsaqqallar bir daha dünyaya Azərbaycan xalqının yenilməz olduğunu göstərdi. 

    “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. 

    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 

    Bu müharibənin zirvə nöqtəsi, taleyini həll edən ən həlledici anı isə noyabrın 8-də Qarabağın tacı, mədəniyyətimizin paytaxtı, hər bir azərbaycanlının qəlbində müqəddəs bir məkan olan Şuşanın azad edilməsi oldu. Sıldırım qayalar, keçilməz dağlar aşaraq, əlbəyaxa döyüşlə, yüngül silahlarla Şuşaya daxil olan xüsusi təyinatlılarımız əsl şücaət göstərdi. Şuşanın azadlığı düşmənin mənəvi cəhətdən tam çöküşü, ordusunun iflası demək idi və elə həmin gecə düşmən kapitulyasiyaya məcbur edildi, noyabrın 10-da Ermənistan təslim aktına imza atdı. Bu, sadəcə hərbi Qələbə deyildi, bu, eyni zamanda diplomatik, siyasi, informasiya və mənəvi cəbhədə də qazanılmış böyük Zəfər idi. Azərbaycan həm döyüş meydanında, həm də informasiya savaşında qalib gəldi.

    Üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

    Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir. 

    Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror əməliyyatının dayandırılması barədə razılıq əldə olunmuşdur. Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı.

    Cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qələbə münasibətilə 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub. 

    Cənab Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir.Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 

    Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

    Bakı və Xankəndi şəhərlərində yaradılan Zəfər Parkı və Zəfər Muzeyi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin və qəhrəmanlığın rəmzi olaraq inşa edilib.

    Bu Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, regionda yeni reallıqlar yaratdı, “Qarabağ Azərbaycandır!” şüarını bütün dünyaya qəbul etdirdi və qalib xalq statusunu qazandı. Ən əsası isə şəhidlərimizin qanı yerdə qalmadı. Vətən uğrunda canını fəda edən minlərlə şəhidimizin, sağlamlığını itirən, qazi adını şərəflə daşıyan oğullarımızın fədakarlığı sayəsində bu gün bayrağımız Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda qürurla dalğalanır. Bu gün aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın öz yurdlarına qayıtması Qələbəmizin bəhrəsidir.

    2026-cı il oktyabrın 23-ə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

    Doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 11 min 937 nəfərinin məşğulluğu təmin edilib. Tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. DOST və ASAN xidmətləri artıq Qarabağda da fəaliyyət göstərir.

    2025-ci ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü artırılaraq 600 manatdan 700 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılaraq I dərəcə üzrə 500 manatdan 600 manata, II dərəcə üzrə 400 manatdan 500 manata, III dərəcə üzrə 330 manatdan 400 manata, əlilliyə görə müavinətlər müvafiq olaraq 270 manatdan 300 manata, 220 manatdan 250 manata, 150 manatdan 180 manata çatdırılıb. 

    Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19791 şəxs öhdəliyə götürülmüş, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həll edilməsinə 96 milyon manata yaxın vəsait xərcləmişdir 

    Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. 

    Bu gün işğaldan azad olunan bütün ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanır. Bu qalibiyyət şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanılıb. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidimiz milli qürurumuzdur. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. 8 Noyabr – Zəfər Günü isə xalqımızın əbədi qürur simvolu, gələcək nəsillərə miras qalacaq ən uca zirvədir.

    Qax rayonu İcra Hakimiyyətinin sosial səhifəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ