ADPU elmi işçi, müəllim
Hər xalqın salnaməsində elə məqamlar var ki, onlar zamanın sadə axınını kəsib müqəddəratı kökündən dəyişir. 8 Noyabr – təkcə təqvimdə qırmızı ilə işarələnmiş bir tarix deyil. Bu gün bizim milli ləyaqətimizin, 30 illik dözümümüzün və haqq mübarizəmizin zirvəsidir.
Bu zəfər yalnız hərbi xəritələrin dəyişməsi demək deyil, bu, ruhumuzdakı kədərin, nisgilin yerini qürura təhvil verdiyi tarixi andır.
Keçmişə dönüb baxanda 8 Noyabrın ağırlığını daha aydın hiss edirik. Otuz il ərzində hər bir azərbaycanlının qəlbində sağalmayan bir yara var idi. Yurd-yuvasından didərgin düşənlərin gözləri yolda qaldı, ata-baba ocaqlarımızın dağıdılması, tariximizin silinməyə çalışılması ruhumuzu ağrıtdı. Beynəlxalq masalarda illərlə uzanan faydasız danışıqlar, kağız üzərində qalan qətnamələr xalqın inamını sınağa çəkdi, amma qırmadı.
Bütün bu illər ərzində xalqın içindəki o sarsılmaz inamın siyasi müstəvidə qətiyyətli iradəyə çevrilməsi isə lider faktorundan – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin illər boyu apardığı uzaqgörən siyasətdən ayrı təsəvvür oluna bilməz. Məhz illərlə səbirlə, təmkinlə və dəmir iradəylə hazırlanan strategiya, həm diplomatik müstəvidə verilən mübarizə, həm də ordu quruculuğundakı islahatlar bu böyük dönüşün təməlini qoydu. Prezident İlham Əliyevin "dəmir yumruq" kimi sintez etdiyi milli birlik fəlsəfəsi xalqla dövlətin bir nöqtədə əriməsini təmin etdi.
2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi sadəcə torpaq azad etmək savaşı deyildi. Bu, illərlə daxilimizdə toplanan haqq qəzəbinin, "bizim olanı geri alacağıq" qətiyyətinin təzahürü idi. Ali Baş Komandanın həm cəbhədə, həm də informasiya savaşında sərgilədiyi prinsipial mövqe, hər bir müraciətindəki qətiyyətli səs tonu xalqımızın arxasındakı dağ idi. Cəhbəboyu irəliləyən əsgərin hər addımı, arxada dua edən anaların səsi, Bakıdan ən ucqar kəndədək hamının tək ürək kimi döyünməsi – bu zəfəri hazırlayan əsl güc idi.
Qələbənin məhz Şuşa ilə taclanması təsadüfi deyil. Şuşa – Qarabağın başı uca qalası, mədəniyyətimizin beşiyi, ruhumuzun aynasıdır. Düşmənin keçilməz hesab etdiyi sıldırım qayaları yüngül silahlarla, əlbəyaxa döyüşərək fəth edən oğullarımız dünya hərb tarixinə yeni dərs keçdilər.
Noyabrın 8-də Müzəffər Ali Baş Komandanın xalqa Şuşanın azad olunması müjdəsini verməsi və "Şuşa, sən azadsan!" deməsi hər bir azərbaycanlının ömründə eşidə biləcəyi ən müqəddəs cümlə idi. O an ölkəyə yayılan coşqunu nə sözlə anlatmaq mümkündür, nə də çərçivəyə sığışdırmaq. Həmin gün hər kəs anladı ki, artıq heç nə əvvəlki kimi olmayacaq. O gün biz təkcə bir şəhəri geri almadıq, itirilmiş özünəinamımızı, sındırılmış qürurumuzu, əyilmiş qamətimizi dikəltdik.
Zəfər bayramının ən böyük töhfəsi hər birimizin daxili dünyasında etdiyi çevrilişdir. Bu gün harada oluruqsa olaq, gözlərimizin içindəki baxış dəyişib.
İllərlə çiyinlərimizdə daşıdığımız o ağır mənəvi yük – "köçkünlük", "itirilmiş torpaq" damğası bir anın içində yoxa çıxdı. Yerini "qalib xalqın nümayəndəsi" qüruruna verdi. Ən ümidsiz, ən qaranlıq məqamda belə birliyin, iradənin və düzgün liderlik strategiyasının möcüzələr yarada biləcəyini gözlərimizlə gördük. Bu, gələcək nəsillərə saxlayacağımız ən qiymətli mirasdır.
Bu gün azad olunmuş torpaqlarımızda həyat yenidən qaynayır. Yollar çəkilir, şəhərlər sıfırdan boy qaldırır, torpaq öz doğma sahiblərini sevinclə qarşılayır. Amma bu quruculuğun, bu sevinclərin arxasında öz canını sipər etmiş qəhrəmanlarımız durur.
Biz 8 Noyabrı qeyd edərkən gözümüzün önünə ilk növbədə şəhidlərimizin siması gəlir. Onlar öz gəncliklərini, arzularını bu torpağa fəda etdilər ki, biz bu gün başımızı dik tutub yaşaya bilək. Qazilərimizin hər bir yarası cavabsız qalan sualların ən səmimi cavabıdır. Onlara olan ehtiramımız bir günlük bayramla bitmir, ömürlük vəfa borcumuzdur.
Zəfər bayramımız mübarək olsun, əziz Azərbaycan! Üçrəngli bayrağımızın kölgəsi Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda və hər bir qarış müqəddəs torpağımızda əbədi qalsın!
