Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Həmçinin, cənab İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Sərəncamı milli dəyərlərimizə, dövlət atributlarına, o cümlədən Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsi kimi dəyərləndirildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Dövlət başçısı İlham Əliyev 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılış mərasimində üçrəngli Bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək qeyd etmişdir ki, bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq .
Artıq 6 ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü tariximizə zəfər səhifəsi kimi yazdı. Hər gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız azad edilən ərazilərimizdə böyük qürur hissi ilə ucaldıldı. Bunun xoşbəxtliyini yaşayan xalqımız əllərində Bayrağımız küçə və meydanlara toplaşdı və bu xoş anları bir-biri ilə paylaşdılar. 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Bayrağımız birliyimiz, həmrəyliyimiz, gələcəyə çağırışımızdır. Yüksəklərdə dalğalanan Bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Ümummilli Lider Heydər Əliyevin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” çağırışı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların birliyini, həmrəyliyini daha da möhkəmləndirdi. Vətən müharibəsində tarixi Zəfərimiz uzun illər davam edən işğala son qoymaqla yanaşı, milli kimliyimizin və birliyimizin gücünü bütün dünyaya təqdim etdi.
