Sizin reklam burada
Sizin reklam burada
  • ZƏFƏR GÜNÜ – TARİXİN QÜRUR SALNAMƏSİ

    Sara Xanlarova 

    Əməkdar müəllim


    Bəzi tarixlər var ki, onları sadəcə təqvimdə qeyd etmək mümkün deyil. Onlar xalqın yaddaşına, milli kimliyinə, mənəvi dünyasına həkk olunur. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı üçün məhz belə bir tarixdir. Bu gün yalnız hərbi qələbənin deyil, milli iradənin, sarsılmaz birliyin, Vətən sevgisinin və tarixi ədalətin təntənəsidir.

    2020-ci ilin payızında Azərbaycan xalqı taleyinin ən mühüm sınaqlarından birini yaşadı. Otuz ilə yaxın davam edən işğal, doğma yurdlarından didərgin düşmüş insanların nisgili, dağıdılmış şəhər və kəndlərin ağrısı milli yaddaşımızda dərin iz buraxmışdı. Lakin bu ağrı heç vaxt ümidsizliyə çevrilmədi. Azərbaycan xalqı öz torpaqlarına qayıdacağına, tarixi ədalətin bərpa olunacağına inamını qoruyub saxladı.

    44 günlük Vətən müharibəsi həmin inamın gerçəyə çevrildiyi möhtəşəm bir tarix oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə hərbi strategiyanın, yüksək döyüş hazırlığının, xalq-ordu birliyinin və milli ruhun möhtəşəm təzahürü idi.

    Zəfər Gününün ən böyük mənası ondadır ki, Azərbaycan öz tarixinin gedişatını dəyişdi. Xalqımız sübut etdi ki, milli iradə, dövlətçilik əzmi və Vətən sevgisi qarşısında heç bir maneə əbədi ola bilməz. Şuşanın azadlığı isə bu qələbənin zirvəsinə çevrildi. Qarabağın mədəniyyət paytaxtı olan Şuşanın yenidən Azərbaycan bayrağına qovuşması milli qürurumuzun ən parlaq səhifələrindən biri kimi tarixə düşdü.

    Bu gün Zəfər Gününü qeyd edərkən biz yalnız qələbənin sevincini yaşamırıq. Biz həm də şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramla yad edirik. Çünki bu zəfərin hər qarışında bir qəhrəmanın canı, bir ananın duası, bir xalqın sonsuz Vətən sevgisi var.

    Zəfər Günü Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və gələcəyə olan inamının rəmzidir. Bu tarix bizə bir daha xatırladır ki, müstəqillik və suverenlik yalnız qorunmaqla deyil, həm də milli ruhu yaşatmaqla möhkəmlənir.

    8 Noyabr – Azərbaycan tarixinin qürur salnaməsi, xalqımızın əbədi zəfər simvoludur. Bu zəfər dünənimizin ağrısını qürura çevirdi, bu günümüzə güc verdi, sabahımıza isə inam bəxş etdi.

    Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, bayrağımız daim ucalarda olsun!




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ