Orxan Cəfərov
Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin direktoru
8 Noyabr – Tarixin, qürurun və milli iradənin təntənəsi
Bəzən tarix elə bir səhifə açır ki, onu nə zamanın axışı solğunlaşdırır, nə də nəsillərin dəyişməsi yaddaşlardan silə bilir. Elə bir səhifə ki, hər sətrində qəhrəmanlıq, hər cümləsində Vətən sevgisi, hər nöqtəsində bir xalqın sarsılmaz iradəsi yaşayır. Azərbaycanın 8 Noyabr Zəfəri məhz belə bir tarixdir. Bu, yalnız hərbi qələbənin deyil, milli ruhun, tarixi ədalətin və dövlətçilik əzminin təntənəsidir.
2020-ci ilin 8 noyabrı Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Şuşanın azad edilməsi ilə başlayan o möhtəşəm sevinc bütün ölkəni bir bayraq altında birləşdirdi. İllərlə həsrətini çəkdiyimiz torpaqlardan gələn qələbə xəbəri milyonlarla insanın ürəyində eyni duyğunu oyatdı: Vətən bütövdür, Azərbaycan qalibdir!
Bu qələbənin arxasında sadəcə silahın gücü deyil, böyük bir xalqın inamı dayanırdı. İllərlə torpaq həsrəti ilə yaşayan insanların duaları, şəhid analarının göz yaşları, qazilərin ağrıları, əsgərlərin fədakarlığı və dövlətin qətiyyətli siyasəti bir amal ətrafında birləşmişdi: Azərbaycan torpaqları işğaldan azad edilməlidir!
